Məhkəmə qərarları › İş №2(055)-725/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-725/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-725/2023 24.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nın nümayəndəsi X2 iştirakı ilə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11262,37 manat əsas borcun, 1824,50 manat cərimənin və 129,30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13216,17 manat pulun alınaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X3 izahatında göstərdi ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 22 281 707 saylı 2022-ci il mövsümü üzrə xam pambığın salqı-satqı müqaviləsinə əsasən cavabdeh 12,67 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə avans olaraq 22989,08 manat dəyərində zəruri vəsaitlər verilmiş, xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdehin götürdüyü avansın dəyəri müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalı idi. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh 11726,71 manat dəyərində 14658,39 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Nəticədə, cavabdehin avans vəsaitə görə iddiaçıya 11262,37 manat borcu qalmışdır. Cavabdehin borclu qalması, xam pambığın tədarükünü həyata keçirən “MKT-saatlı” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1824,50 manat təşkil edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 11262,37 manat əsas borcun, 1824,50 manat cərimənin və 129,30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13216,17 manat pulun alınaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 04 yanvar 2022-ci il tarixli 22 281 707 saylı müqavilədən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 12,67 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 28 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə 11262,37 manat əsas borcu, 1824,50 manat cərimə borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 22 281 707 saylı müqavilə üzrə çıxarışlardan, iş aktlarından və qaimələrdən görünür ki, Cavabdeh 22989,08 manat dəyərində zəruri vəsaitlər verilmiş, xidmətlər göstərilmişdir və hazırda Cavabdeh iddiaçıya 11262,37 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 17 noyabr 2022-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə 11726,71 manat dəyərində 14658,39 kq xam pambıq təhvil vermişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 28 noyabr 2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT- Saatlı» filialından cavabdehə pretenziya məktubu göndərilmiş və həmin pretenziyada cavabdehə 22 281 707 saylı müqaviləyə əsasən avans vəsait verilməsi, cavabdehin 12,67 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 31,68 ton xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürməsi, cavabdehin lazımi qaydada götürdüyü öhdəliyi yerinə yetirməməsinin nəticəsində iddiaçıya 11262,37 manat borcunun qalması göstərilmiş və həmin borcun 10 gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2022-ci il tarixli, 22 281 707 saylı müqaviləyə əsasən cavabdeh 12,67 hektar sahədə pambıq əkibbecərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürsə də, cəmi 11726,71 manat dəyərində 14658,39 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Bununla da, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə iddiaçıya 11262,37 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə həmin borca görə 1824,50 manat cərimə hesablamışdır. Halhazırda iddiaçı 11262,37 manat əsas borcun, 1824,50 manat cərimənin Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh 11262,37 manat əsas borcu, 1824,50 manat cərimə, cəmi 13086,87 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 1824,50 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 1200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 11262,37 manat əsas borc, 1200 manat cərimə (dəbbə pulu), cəmi 12462,37 manat tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 04 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən 129,30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən ödənilmiş 129,30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11262,37 manat əsas borc, 1200 manat dəbbə pulu, cəmi 12462 (on iki min dörd yüz altmış iki) manat 37 (otuz yeddi) qəpik tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat 30 (otuz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar