Məhkəmə qərarları › İş №2(055)-731/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-731/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-731/2023 21.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1712 manat əsas borc, 312 manat faiz borcu, 514 manat cərimə və 46 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 2200 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 2992 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 968 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1712 manat əsas borc, 312 manat faiz borcu, 514 manat cərimə və 46 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 sentyabr 2022-ci il tarixli, 517/17 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə aylıq 3% olmaqla 2200 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 16 sentyabr 2022-ci il tarixli, 17 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 16 sentyabr 2022-ci il tarixli, 517/17 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 13 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1712 manat əsas borc, 312 manat faiz borcu, 514 manat cərimə borcu, cəmi 2538 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 2200 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 2992 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 968 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1712 manat əsas borc, 312 manat faiz borcu, 514 manat cərimə, cəmi 2538 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1712 manat əsas borcu, 312 manat faiz borcunu və 514 manat cərimə borcunu, cəmi 2538 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 514 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1712 manat əsas borc, 312 manat faiz borcu, 200 manat cərimə (dəbbə pulu), cəmi 2224 manat pul alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 13 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1712 manat əsas borc, 312 manat faiz borcu, 200 manat cərimə (dəbbə pulu), cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar