Məhkəmə qərarları › İş №2(055)-78/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-78/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-78/2025 10.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3000 manat pulun, 50 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Saatlı rayonu Əliabad kənd sakini Cavabdeh pula çox ehtiyacı olduğu üçün səhəti ilə bağlı özünü müalicə etdirmək üçün 30 may 2024-cü il tarixdə qaytarmaq şərti ilə ondan 10 mart 2024-cü il tarixdə 3000 manat borc pul almışdır. Həmin vaxt cavabdeh pulu almağını təsdiq edən qəbz yazaraq öz imzası ilə təsdiq edərək, hətta barmağ izi ilə də doğruluğunu təsdiq etmişdir. Yuxarıda qeyd edilən müddət tamam olandan sonra o, cavabdehdən ona borclu olduğu 3000 manat pulu tələb etdikdə sonuncu ona pul qaytarmayacağını bildirmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ondan aldığı borc pulu hal-hazıra kimi ona verməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 10 mart 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30 may 2024-cü il tarixdə qaytarmaq şərti ilə 3000 manat borc pul almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi qəbz ilə 3000 manat borc pulun cavabdeh tərəfindən iddiaçıdan alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə 3000 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh borcunu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 3000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində borc və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar