Məhkəmə qərarları › İş №2(055)-781/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-781/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-781/2025 11.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 7 ilə yaxındır tanışdır və bəzi vaxtlarda bir yerdə işləmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixində ona müraciət edərək oğlunun problemləri ilə olaqədar təcili pul lazım olduğunu söyləmiş və ağlayaraq ondan xx.xx.2024-cü il tarixinə qədər 2000 (iki min) manat borc pul istəmişdir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2024-cü il tarixində ona 2000 manat məbləğində borc pul vermiş və bildirmişdir ki, həmin borcun 1000 manatını 43 faizlə qızıl girov qoyub “Sizin Lombard” təşkilatından göturür. Cavabdeh almış olduğu pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağa soz vermişdir. xx.xx.2024-cü il tarixində ağır yol qəzası keçirərək müəyyən müddətə əmək qabiliyyətini itirmişdir. Maddi vəziyyəti son dərəcədə ağırdır. Cavabdeh bu vəziyyəti bildiyi halda müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina ediyinə görə xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis əməkdaşları onu dindirdikdə izahatında ondan borc aldığını etiraf etmişdir. Lakin onun 8-ci polis bölməsinə müraciət etməyinə baxmayaraq həmin izahatın surəti ona verilməmişdir. Borclu Cavabdeh polis bölməsinə müracətindən sonra xx.xx.2025-ci il tarixində borcdan 500 manat pul ödəmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi məsələnin mülki xarakterli olması səbəbindən ona məhkəməyə iddia qaydasında müraciət etməyini tövsiyə etmişlər. Polis bölməsində məktub aldıqdan sonra Cavabdeh ona qalan borcu ödəməyəcəyini bildirmişdir. İddiaçı ərizə təqdim edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilib, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı müraciət əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatdan görünür ki, sonuncu İddiaçı 2200 amant aldığını, həmin puldan 250 manat qaytardığını etiraf etmişdir. Məhkəmə, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə 2000 manat borc vermiş, cavabdeh həmin puldan 500 manat qaytarsa da, qalan 1500 manat borcunu qaytarmamışdır. Bu hal Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsində aparılmış araşdırma zamanı cavabdehin verdiyi izahatı ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar