Məhkəmə qərarları › İş №2(055)-79/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-79/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-79/2023 09.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 ona dəymiş zərərin əvəzində 3000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5.79 hektar pay torpaq sahəsi verilmiş və bu barədə onlara torpağa mülkiyyət hüququna dair JN-0039, KOD 90805018 saylı dövlət aktı verilmişdir. O, həmin torpaq sahəsinin 0.33 ha. hissəsində bahalı növ buğda sortu, digər yerdə qalan hissəsində isə süpürgə toxumu əkmiş, lakin 04 noyabr 2022-ci ildə torpaq sahəsinə baş çəkən zaman 1.53 ha sahədə 9 baş iribuynuzlu mal-qaranın olduğunu və həmin heyvanların onun əkin sahəsini yararsız hala saldığını görmüş və heyvanları qonşusu Böyükağanın köməkliyi ilə torpaq sahəsindən çıxarmışdır. Sonradan isə cavabdeh həmin heyvanların ona məxsus olduğunu inkar etmişdir. Heyvanların onun otlaq sahəsinə girərək sahəni yararsız hala salması nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X11 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, heyvanlarının İddiaçı məxsus əkin sahəsinə girdiklərini görməmişdir. Onun heyvanları iddiaçıya məxsus əkin sahəsinə girsələr belə iddiaçıya 3000 manat ziyan vura bilməzlər. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun bacısıdır. Həmin torpaq sahəsində arpa əkilmişdir. 04 noyabr 2022-ci il tarixdə qeyd edilən torpaq sahəsinə iribuynuzlu mal-qaranın daxil olaraq yararsız hala salmasını bacısı Natəvandan eşitdikdən bir müddət sonra əraziyə getmiş, həmin vaxt orada cavabdehin heyvanlarını görməsə də, torpaq əkinin yararsız hala düşdüyünü görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 digər şahid X1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0039, KOD 90805018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 5.79 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı DAİM-in bitkiçilik sektorunun müdiri, mütəxəssis X4 rəyindən görünür ki, İddiaçı məxsus ümumi sahəsi 5.79 hektar olan əkin sahəsinin 1.53 hektarına baxış keçirilmiş, baxış zamanı əkin sahəsinin 1.20 hektar hissəsində sorqo (təkrar əkin), 0.33 hektar hissəsində isə buğda (payızlıq əkin) əkildiyi müşahidə edilmişdir. Qeyd edilən buğda əkininə ziyan dəyməmiş, sorqo bitkisinin isə vegetasiya dövrü başa çatdığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 5.79 hektar torpaq sahəsi verilmişdir. Hal-hazırda iddiaçı özünün mülkiyyətində olan torpaq sahəsinin 1.53 ha hissəsinin cavabdeh tərəfindən otarıldığını və bunun da nəticəsində ona 3000 manat maddi ziyan dəydiyini göstərsə də, həmin ziyanın ona cavabdehin heyvanlar tərəfindən vurulduğunu, müsbət halda nə qədər ziyan vurulmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin Saatlı DAİM-in bitkiçilik sektorunun müdiri, mütəxəssis X4 rəyi ilə İddiaçıoğluna məxsus əkin sahəsinə baxış keçirilərkən ümumi sahəsi 5.79 hektar olan əkin sahəsinin 1.53 hektarına baxış keçirilmiş, baxış zamanı əkin sahəsinin 1.20 hektar hissəsində sorqo (təkrar əkin), 0.33 hektar hissəsində isə buğda (payızlıq əkin) əkildiyi, buğda əkininə ziyan dəymədiyi, sorqo bitkisinin isə vegetasiya dövrü başa çatdığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 51 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X10 qarşı dəymiş zərərin əvəzində 3000 manat \iyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh X5 ona dəymiş zərərin əvəzində 3000 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar