Məhkəmə qərarları › İş №2(055)-8/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-8/2023

10.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-8/2023 10.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh 2220 manat dəymiş ziyanın və 42.20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2262.20 manat pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18 may 2021-ci il tarixli, 09/01359 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “John-Deere W230” markalı taxılyığan kombayn Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra “John-Deere W230” markalı taxılyığan kombayn cavabdehdən alınarkən onda nasazlıqların olduğu və kombayna 2220 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh bu vaxta qədər həmin ziyanı könüllü surətdə ödəməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmamış, 1 ədəd “John-Deere W230” markalı taxılyığan kombayn istifadəsinə verilməmiş, heç bir müqaviləyə imza etməmiş, mülki işə əlavə edilmiş sənədlərdən məlumatı yoxdur. Müqavilə və digər sənədlərin kim tərəfindən yazılmasından və imzalanmasından xəbəri olmamışdır. 1 ədəd “John-Deere W230” markalı taxılyığan kombaynı idarə etmədiyindən ona ziyan vurması da mümkün deyil. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 may 2021-ci il tarixli, 09/01359 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, bu müqavilə 1 ədəd “John-Deere” markalı, 2018-ci il buraxılışlı taxılyığan kombaynın 5000 manata icarəyə verilməsi ilə bağlı iddiaçı “Aqroservis» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı ASC tərəfindən hazırki iş üzrə Cavabdeh ünvanlanmış pretenziya məktubunda Cavabdeh 18 may 2021-ci il tarixli, 09/01359 nömrəli operativ lizinq müqaviləsi üzrə istifadəyə verilmiş 1 ədəd “John-Deere” markalı taxılyığan kombayna bölməyə təhvil verilərkən keçirilmiş baxışın nəticəsində həmin texnikaya 2220 manat məbləğində zərər dəyməsi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “John-Deere W230” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış”dan görünür ki, kombaynın sorucu yanacaq pompası, generator və akkumlyator batareyasına ziyan dəymiş, dəymiş ziyanın ümumi məbləği 2220 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “John-Deere W230” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış”dan görünür ki, kombaynın sorucu yanacaq pompası, generator və akkumlyator batareyasına ziyan dəymiş, dəymiş ziyanın ümumi məbləği 2220 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli “Texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, “John-Deere W230” markalı taxılyığan kombaynın yanacaq sistemi, transmissiya, hdravlik sistem və elektrik avadanlığı nasazdır, şinlər 50 faiz, akkumulyator isə yararsızdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 4/1913 saylı ekspert rəyindən görünür ki, mülki işin 49-51 vərəqlərində İddiaçı ASC və Cavabdeh adlarından olan xx.xx.2021-ci il tarixli İddiaçı ASC-nə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 09/01359 saylı Müqavilənin 1-2-ci vərəqlərinin aşağı hissəsindəki imzalar və 3-cü vərəqində “Lizinq alan istifadəçi Cavabdeh” qrafasındakı imza, 54-cü vərəqində olan xx.xx.2021-ci il tarixli iltizamın aşağı hissəsində “İmza” qrafasındakı imza, 48-ci vərəqində olan xx.xx.2021-ci il tarixli 09/01359 nömrəli “Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə verilərkən 09/01359 №-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə edilir)” akt 1-in aşağı hissəsində “Təhvil aldı:” qrafasındakı imza və “Aktın doğruluğuna imza edirik:” qrafasında olan “3” rəqəminin qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş mülki işin 55-ci vərəqində olan xx.xx.2021-ci il tarixli “Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə götürəndən geri alınarkən tərtib edilir)” akt 2-nin aşağı hissəsində “Təhvil verdi:” qrafasındakı imza və “Aktın doğruluğuna imza edirik:” qrafasında “3.” Rəqəminin qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18 may 2021-ci il tarixli, 09/01359 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “John-Deere W230” markalı taxılyığan kombayn Cavabdeh icarəyə verilmiş, icarə müqaviləsinin müddəti bitdikdən sonra “John-Deere W230” markalı taxılyığan kombayn cavabdehdən təhvil alınarkən onda nasazlıqların olması və kombayna 2220 manat ziyan dəydiyi müəyyən edilərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilsə də, dəymiş ziyanın məhz Cavabdeh təqsiri ucbatından baş verməsi, eləcə də ziyanın 2200 manat məbləğində olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, “John-Deere W230” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış”da kombaynın sorucu yanacaq pompası, generator və akkumlyator batareyasına ziyan dəydiyi qeyd olunduğu halda, xx.xx.2021-ci il tarixli “Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə götürəndən geri alınarkən tərtib edilir)” 2 saylı aktda kombaynın tamamilə başqa hissələrinin nasaz olduğu qeyd edilmişdir. Digər tərəfdən, iddiaçı təşkilat məhz həmin akta istinad edərək dəymiş ziyanı tələb etsə də, sözügedən aktdakı imzanın cavabdehə məxsus olmadığı müvafiq ekspert rəyi ilə təsdiq olunmuşdur. Burdan da görünür ki, iddiaçı təşkilat öz iddia tələbinin əsaslılığını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmadığını, 1 ədəd “John-Deere W230” markalı taxılyığan kombaynın onun istifadəsinə verilmədiyini, heç bir müqaviləyə imza etmədiyini, müqavilə və digər sənədlərin kim tərəfindən yazılmasından və imzalanmasından xəbəri olmadığını göstərsə də, iddia rədd olunduğundan məhkəmə cavabdehin göstərdiyi xüsusatlara hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC Cavabdeh 2220 manat dəymiş ziyanın və 42.20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2262.20 manat pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 26 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 42.20 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli, 4/1373 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. İşə əlavə edilmiş 13 fevral 2023-cü il tarixli, 4/1913 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 42.20 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədiqiqatının dəyəri olan cəmi 222 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 2220 manat dəymiş ziyanın və 42.20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2262.20 manat pulun cavabdehdən alınıb Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədiqiqatının dəyəri olan cəmi 222(iki yüz iyirmi iki) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar