Məhkəmə qərarları › İş №2(055)-828/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-828/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-828/2023 28.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borcun, 329.46 faiz borcunun, 278.24 manat cərimə borcunun, ödənilmiş 45.03 manat dövlət rüsumunun, cəmi 2507.65 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, dəyəri 1910.00 manat müəyyən edilmiş, qarnitur dəsti adlandırılan qızıl-zinət əşyasına yönəldilməsi və həmin qızıl-zinət əşyasının açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin borc tələbinə uyğun olaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə qaytarmaq şərti ilə 1910.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı girov müqaviləsinə əsasən bazar dəyəri 1910.00 manat müəyyən edilmiş, 1 ədəd, 585 əyarlı, çəkisi 19.25 qram olan qarnitur dəsti adlandırılan qızıl-zinət əşyası "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh "xxxx" QSC-yə olan 1854.92 manat əsas borcu, 329.46 faiz borcu, 278.24 manat cərimə borcunu, cəmi 2462.62 manat borcunu ödəməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423- 22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə olmaqla 1910.00 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı Girov müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh məxsus olan, bazar dəyəri 1910.00 manat müəyyən edilmiş, 1 ədəd, 585 əyarlı, çəkisi 19.25 qram olan qarnitur dəsti adlandırılan qızılzinət əşyası "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 iyun 2023-cü il tarixli maliyyə arayından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borcu, 329.46 faiz borcu, 278.24 manat cərimə borcu, cəmi borcu 2462.62 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 34 faizlə 1910.00 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borcu, 329.46 faiz borcu, 278.24 manat cərimə borcu, cəmi 2462.62 manat borcunu ödəməmişdir və hazırda iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borcun, 329.46 faiz borcunun, 278.24 manat cərimə borcunun, cəmi 2462.62 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tutmanın Cavabdeh məxsus, bazar dəyəri 1910.00 manat müəyyən edilmiş, 1 ədəd, 585 əyarlı, çəkisi 19.25 qram olan qarnitur dəsti adlandırılan qızıl-zinət əşyasına yönəldilməsi və qızıl-zinət əşyasının açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin borc tələbinə uyğun olaraq İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan xx.xx.2022-ci il tarixli, 698-HQZ- 0423-22 saylı kredit müqaviləsi üzrə 278.24 manat cərimə (dəbbəpulu) 185 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borc, 329.46 faiz borcu, 185 manat cərimə borcu, cəmi 2369.38 manat borc alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olan borc xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı girov müqaviləsi üzrə girov qoyulmuş Cavabdeh məxsus olan 1 ədəd 585 əyarlı 4.3 qram çəkidə olan qarnitur dəsti adlandırılan qızıl-zinət əşyasına yönəldilməli və həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcuna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 45.03 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 45.03 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 698-HQZ-0423-22 saylı kredit müqaviləsi üzrə 1854.92 manat əsas borc, 329.46 faiz borcu,185 manat cərimə borcu, cəmi 2369.38 manat borc və ödənilmiş 45.03 manat dövlət rüsumu, ümumilikdə 2414 (iki min dörd yüz on dörd) manat 41 (qırx bir) qəpik pul alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli olan borc xx.xx.2022-ci il tarixli, 698- HQZ-0423-22 saylı girov müqaviləsi üzrə girov qoyulmuş Cavabdeh məxsus olan 1 ədəd 585 əyarlı 4.3 qram çəkidə olan qarnitur dəsti adlandırılan qızıl-zinət əşyasına yönəldilsin və həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcuna ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar