Məhkəmə qərarları › İş №2(055)-854/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-854/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-854/2024 06.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi Məhkəmə,iclasının katibi X2 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 manat borcun və 101 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2022-ci ilin noyabr ayında kommersiya məqsədi ilə ondan 10.000 (on min) manat məbləğində pul almış, hər ay aldığı məbləğin 5%-i qədər ona gəlir verəcəyini bildirmiş, lakin verdiyi vədə əməl etməyərək borcunu qaytarmamışdır. Dəfələrlə özü və ailəsi ilə pulu geri qaytarmaq barədə söhbətlər etsələr də, yalnız kiçik hissələrlə 1900 (bir min doqquz yüz) manat pulu qaytarmış, lakin 8 ay bundan əvvəl qalan 8100 manat borcu qaytarmaqdan ümumiyyətlə imtina etmişdir. Bununla da cavabdeh ona xeyli miqdarda maddi ziyan vuraraq maddi durumunu əhəmiyyətli şəkildə pisləşdirərək, onu gələcəkdə qazana biləcəyi gəlir və faydadan məhrum etmişdir. Bundan sonra o, cavabdehdən Saatlı Rayon Polis Şöbəsinə şikayət etmiş, araşdırma zamanı cavabdeh polis şöbəsində izahatında ondan 10000 manat borc pul aldığını etiraf etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 8100 manat borcun və 100 manat dövıət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı dostluq münasibətləri olub. O, iş qurmaq üçün ondan 10000 manat pul alıb, borclarını qaytarmışdır. Atası müəyyən vaxtlarda borcun 1900 manatını qaytarıb, hazırda 8100 manat borcu qalıb. İflas etdiyi üçün borclu qalmış, maddi imkanı olmadığı üçün borcu qaytara bilməmişdir. Hal-hazırda günü 20 manata fəhlə işləyir. Yay aylarında borcundan aylıq 500 manata qədər hissə-hissə qaytarmaq imkanım var. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X1 07 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh Saatlı rayon Polis şöbəsində izahat verərəkən göstərmişdir: “təxminən 2024-cü ilin axırlarında Rövşən onula əlaqə saxlayaraq pulun Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayının yanındakı bərbərxanada işləyən Fəxri adlı şəxsdə olacağını və oradan götürməyini istəmişdir. Fəxri 7500 manat pulu orada ona vermiş və o pulu Fəxridən götürüb çıxıb getmişdir. Bir müddət sonra yenidən Rövşənlə əlaqə saxlamış və Fəxrinin işlədiyi bərbərxanaya gedərək əvvəlcə 1100 manat, təxminən 2 gün sonra isə 1400 manat pul götürmüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə 10000 manat pul vermiş, lakin cavabdeh həmin puldan iddiaçıya 1900 manat ödəniş etmiş və qalan 8100 manat borcunu qaytarmamışdır. Bu hal Saatlı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X1 07 dekabr 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 8100 manat borc alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş 21 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 101 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 8100 manat borc və 101 manat ödənilmiş dövlət rüsumu, cəmi 8201 (səkkiz min iki yüz bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-854/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 avqust 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 8100 manat borc və 101 manat ödənilmiş dövlət rüsumu, cəmi 8201 (səkkiz min iki yüz bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar