Məhkəmə qərarları › İş №2(055)-863/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-863/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-863/2023 17.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat borcun, 49.48 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 61nkSLYb/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “borcalan”a illik 35%-dək olmaq şərti ilə 120 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 20000 manat məbləğədək təyin edilir. “Bank” “borcalan”a bank hesabı açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Təqdim olunan SMS mətnindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə “Bank” borcalanın mövcud kartına 36 aylıq, illik 28%-lə 3300 manat nağd kredit köçürmə təklif etmiş, borcalan isə həmin təklifi qəbul edərək vəsaiti nağdlaşdırmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 2486.92 manat əsas borcu, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat borcun, 49.48 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli 61nkSLYb/21 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 120 ay müddətinə illik 35%-dək olmaq şərti ilə 20000 manat məbləğədək kredit limiti ayrılmışdır. İşdə olan “SMS” mətnindən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh mövcud kartına 36 aylıq, illik 28%-lə 3300 manat nağd kredit köçürmə təklif etmiş, borcalan isə həmin təklifi qəbul edərək vəsaiti nağdlaşdırmışdır. İşdə olan 15 aprel 2023-cü il tarixli məktubdan görünür ki, 61nkSLYb/21 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat borcu vardır. İşdə olan 29 sentyabr 2022-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2021-ci il tarixli 61nkSLYb/21 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 61nkSLYb/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “borcalan”a illik 35%-dək olmaq şərti ilə 120 ay müddətinə kredit ayırır. Kreditin ilkin limiti 20000 manat məbləğədək təyin edilir. “Bank” “borcalan”a bank hesabı açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Təqdim olunan SMS mətnindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə “Bank” borcalanın mövcud kartına 36 aylıq, illik 28%-lə 3300 manat nağd kredit köçürmə təklif etmiş, borcalan isə həmin təklifi qəbul edərək vəsaiti nağdlaşdırmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 2486.92 manat əsas borcu, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehdən həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu və 1.19 manat cərimə, cəmi 2907.82 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 15 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 49.08 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49.08 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2486.92 manat əsas borc, 419.71 manat faiz borcu, 1.19 manat cərimə, cəmi 2907 (iki min doqquz yüz yeddi) manat 82 (səksən iki) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49 (qırx doqquz) manat 08 (səkkiz) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar