Məhkəmə qərarları › İş №2(055)-91/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-91/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-91/2024 17.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1337 manat əsas borc, 427 manat faiz borcu, 529 manat cərimə və 43 manat ödənilmiş dövlət rüsumu, cəmi 2336 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 noyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 15 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 4760 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 2996 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1337 manat əsas borc, 427 manat faiz borcu, 529 manat cərimə və 43 manat ödənilmiş dövlət rüsumu, cəmi 2336 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 noyabr 2022-ci il tarixli, 595/95 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə aylıq 3% olmaqla 3500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 15 noyabr 2023-cü il tarixi müəyyən edilmişdir. İşdə olan 15 noyabr 2022-ci il tarixli, 95 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 15 noyabr 2022-ci il tarixli, 595/95 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2nın "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1337 manat əsas borc, 427 manat faiz borcu, 529 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 427 9.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 noyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 15 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 4760 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 2996 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1337 manat əsas borcun, 427 manat faiz borcun, 529 manat cərimə borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1337 manat əsas borcu, 427 manat faiz borcunu və 529 manat cərimə borcunu, cəmi 2293 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 529 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 133 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1337 manat əsas borc, 427 manat faiz borcu, 133 manat cərimə (dəbbə pulu), cəmi 1897 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 30 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1337 manat əsas borc, 427 manat faiz borcu, 133 manat cərimə (dəbbə pulu), cəmi 1897 (bir min səkkiz yüz doxsan yeddi) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar