Məhkəmə qərarları › İş №2(055)-92/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-92/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-92/2024 17.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 400 manat əsas borc, 150 manat faiz borcu, 165 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 745 manat pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında 08 sentyabr 2022-ci il tarixli 511/11 saylı kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə aylıq 3% olmaqla 1200 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır və cavabdehlər həmin müqaviləyə əsasən X1 krediti ödməzsə və ya bədbəxt hadisə baş verərsə, qalan borcu ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Ödəniş qrafikinə uyğun olaraq borclu X1 götürdüyü kreditə görə 1632 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1082 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda borclu X1 vəfat etdiyi üçün borcun ödənilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq onlar kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat əsas borc, 150 manat faiz borcu, 165 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 745 manat pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 sentyabr 2022-ci il tarixli, 511/11 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə aylıq 3% olmaqla və hər ay 136 manat ödəmək şərti ilə 1200 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 30 avqust 2023-cü il tarixi müəyyən edilmişdir. İşdə olan 08 sentyabr 2022-ci il tarixli, 11 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 08 sentyabr 2022-ci il tarixli, 511/11 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında X1 ilə birgə öhdəlik daşımaları, borclunun 08 sentyabr 2022-ci il tarixli, 511/11 saylı kredit müqaviləsi üzrə kredit ittifaqına olan kredit və ona hesablanmış faizlər məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komision, dəbbə pulu, məhkəmə xərcləri və.s üçün məsuliyyət daşımaları ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 04 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 400 manat əsas borc, 150 manat faiz borcu, 165 manat cərimə borcu, cəmi 715 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında 08 sentyabr 2022-ci il tarixli 511/11 saylı kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə aylıq 3% olmaqla 1200 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 sentyabr 2022-ci il tarixli, 511/11 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında X1 ilə birgə öhdəlik daşımaları barədə öhdəlik götürmüşlər. Ödəniş qrafikinə uyğun olaraq borclu X1 götürdüyü kreditə görə 1632 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1082 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Borclu X1 öldüyündən iddiaçı “El- Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti zamin olmuş şəxslər - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 08 sentyabr 2022-ci il tarixli, 511/11 saylı kredit müqaviləsi üzrə yaranmış 400 manat əsas borc, 150 manat faiz borcu, 165 manat cərimə, cəmi 715 manat borcun alınmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu X1 ilə birlikdə iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında eyni həcmdə məsuliyyət daşıdıqlarından, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini öz seçimi ilə zaminlərə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Bu halda borclunun sıradan çıxması əsas öhdəliyin xitamına səbəb olmur, həmçinin zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi mülki qanunvericilikdə borclunun sıradan çıxması əsası ilə öhdəliyə xitam verilməsi və ya zaminliyə xitam verilməsi (əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində razılıq verməmişsə əsası istisna olmaqla) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmin qərara əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400 manat əsas borcu, 150 manat faiz borcunu və 165 manat cərimə borcunu, cəmi 715 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 165 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 40 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400 manat əsas borc, 150 manat faiz borcu, 40 manat cərimə (dəbbə pulu), cəmi 590 manat pul alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 30 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400 manat əsas borc, 150 manat faiz borcu, 40 manat cərimə (dəbbə pulu), cəmi 590 (beş yüz doxsan) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar