Məhkəmə qərarları › İş №2(055)-945/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-945/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-945/2025 08.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzildən təbbi qazdan istifadə etdiyinə görə yaranmış 1665,51 manat borcun və ödənilmiş 36,70 manat dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh mənzildə təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə 1665.51 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1088.64 manat və qaz sayğacı vasitəsilə istifadə etdiyi 576.87 manat məbləğində təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Belə ki, İddiaçı Salyan RQİİ-nin Saatlı xidməti sahəsinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi evində qaz təsərrüfatına baxış keçirilən sayğacdan kənar şlanklı birləşmə edərək fərdi evində təbii qazdan istifadə etdiyi aşkar edilmiş,foto şəkillər çəkilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmiş 1088.64 manat məbləğində dəymiş ziyan hesablanmışdır Dəymiş ziyanın hesabatı mənzildə istismarda olan qaz cihazlarının aylıq qaz sərfiyyatına uyğun olaraq aparılmışdır. Fərdi evdə istismarda olan qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddətdi 360 gün, QSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddətdi 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 9072 m3 miqdarında (1088.64 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Bundan əlavə cavabdeh qaz sayğacı vasitə ilə 576.87 manat məbləğində istifadə etdiyi təbii qazın dəyərini ödəməmişdir. İddiaçı Salyan RQİİ-si tərəfindən 1665.51 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edir. İddiaçı tərəfindən 26 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1088.64 manat dəymiş ziyanı qəbul etmir. Belə ki, o, sayğacdan kənar xətdən istifadə etsə də, aktda qeyd edilən məbləğdə ziyan həddən artıq şişirdilmişdir. Qaz sayğacı vasitəsiylə istifadə etdiyi 576.87 manat məbləğində təbii qazın dəyərini isə qəbul edir. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İşdə olan xx.xx.2019-cu il tarixli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilədən görünür ki, bu müqavilə paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etmək, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə 26 may 2025-ci il tarixə ümumilikdə 1665,51 manat borc hesablanmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı Cavabdeh qaz xəttindən sayğacdankənar istifadə etdiyi müəyyən edildiyindən dəymiş maddi ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan 30 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent Cavabdeh fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********04500) mövcud qaz işlədicilərinə görə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 9072m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, Cavabdeh tərəfindən qaz xəttindən sayğacdankənar istifadə edildiyi müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. Lakin Cavabdeh həmin müqavilə əsasında üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçıya təbii qazdan istifadəyə görə 576.87 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 576.87manat məbləğində borcun cavabdehdən alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 576.87 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, Cavabdeh abonen hesabına itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 1088.64 manat məbləğində borcla bağlı hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Salyan RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən Saatlı rayonunun Mustafabəyli kəndində reyd keçirilən zaman Cavabdeh fərdi yaşayış evi üçün nəzərdə tutulmuş məişət tipli qaz sayğacından kənar yeraltı qaz xəttindən qanunsuz istifadə etməsi aşkar edilmiş, bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə hesablanmış 9072m3 qaz sərfiyyatı əsasında Cavabdeh abonent hesabına 1088,64 manat borc əlavə edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh da izahatında sayğacdankənar xətdən istifadə etdiyini təsdiq etmişdir. Lakin akt əsasında hesblanmış borcun həddən artıq şişirdildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan 30 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə müəyyən edilmişdir ki, abonent Cavabdeh fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********04500) mövcud qaz işlədicilərinə görə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə qaz sərfiyyatı PQ-2 və QSQ-yə görə 12 saat 360 günlük hesabat aparılmaqla hesablanmışdır. Məhkəmə istifadə olunan qaz avadanlıqlarının gündəlik qaz sərfiyyatını və işləmə intensivliyini nəzərə alaraq hesab edir ki, cavabdehin sayağcadankənar xətdən istifadə etməsi öz təsdiqini tapsa da, quraşdırılmış mövcud qaz işlədicilərinə görə qaz sərfiyyatının hər bir avadanlığa görə 8 saat 90 günlük hesabat aparılmaqla hesablanması daha ədalətlidir. Odur ki, itirilmiş qaz sərfiyatı hər bir avadanlığa görə 8 saat 90 günlük hesabat aparılmaqla hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında Cavabdeh hesabına (abonent kodu: **********04500) itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 1088,64 manat borc 181,44 ((0,6x8x90=432m3)+(1,5x8x90=1080m3)=1512m3x0,12=181,44) manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 576,87 manat borc və itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 181,44 manat borc ümumilikdə 758,31 manat borc alınıb İddiaçı hesabına köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 36,70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,70 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 576,87 manat borc və itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 181,44 manat borc ümumilikdə 758,31 (yeddi yüz əlli səkkiz manat otuz bir qəpik) manat alınaraq İddiaçı hesabına köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar