Məhkəmə qərarları › İş №2(055)-99/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-99/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-99/2023 30.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi məhkəmə iclasının katibi X2 İddiaçı nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Ələsgər oğlu Cavabdeh torpağın dəyəri üçün verdiyi 2000 manat pulun və dövlət büdcəsinə ödədiyi 40 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı 10 yanvar 2019-cu ildə ildə Cavabdeh, onun atası X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.84 (iki hektar, səksən dörd sot) hektar torpaq sahəsindən, 1.75 (bir hektar yetmiş beş sot) hektar hissəsini Cavabdeh 2000 (iki min) manat nəğd şəkildə pul ödəməklə 5 (beş) il müddətinə icarəyə götürmüş,lakin bir müddət sonra icarəyə verilən torpaq sahəsi cavabdeh tərəfindən başqa bir adama satılmışdır.Hazırda nümayəndəsi olduğu İddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsindən istifadə edilmədiyini, iddiaçının icarə üçün ödədiyi 2000 manat pulu Cavabdeh dəfələrlə tələb etdiyini, lakin sonuncunun həmin pulu qaytarmaqdan imtina etdiyini qeyd etməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.84(iki hektar səksən dört) hektar torpaq sahəsindən 1.75 (bir hektar yetmiş beş sot) hektar hissəsini 10 yanvar 2019-cu ildə İddiaçı 5 (beş) illik icarəyə vermiş, sonuncu isə bunun müqabilində ona 2000 (iki min) manat nəğd şəkildə pul vermişdir. 5 illik icarəyə götürülmüş torpağın iddiaçı tərəfindən təxminən 4 il müddətində istifadə edilməsini və bu müddət ərzində iddiaçının həmin icarəyə götürülmüş torpaqdan kifayət qədər qazanc əldə etdiyini qeyd etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-177 nömrəli, KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 2.84 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-700.2-ci maddələrinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 yanvar 2019-cu ildə iddiaçı ilə cavabdeh arasında 1.75 ha torpaq sahəsinin 2000 manat nəğd şəkildə pul ödənilməklə 5 il müddətinə icarəyə götürülməsi barədə müqavilə bağlanmış və həmin müqavilə Saatlı rayonu, Qara Nuru kənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh məhkəmə araşdırması zamanı verdiyi izahatında həmin müqavilədəki imzanın ona məxsus olmadığını göstərsə də, sözügedən torpaq sahəsini 5 il müddətinə iddiaçıya icarəyə verdiyini və 2000 manat pul aldığını təsdiq etmişdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı qeyd olunur ki, mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Buna görə də məhkəmə hesab edir ki, icarə hüquqlarının qorunması üçün torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmaması əsası ilə iddianın rədd edilməsi əsaslı hesab edilə bilməz. İş materiallarında olan 10 yanvar 2019-cu il tarixli müqavilə qanunvericiliyin nəzərdə tutulduğu mənada bağlanmamasına, cavabdehin müqavilədəki imzanın ona məxsus olmadığını bildirməsinə baxmayaraq, digər iş materialları, o cümlədən cavabdehin məhkəmədə verdiyi izahatı ilə tərəflər arasında 2019-cu ildə icarə münasibətlərinin yaranması və buna görə cavabdehin iddiaçıdan 2000 manat pul alması təsdiq olunur. Odur ki, qeyd olunan səbəbdən və prosessual qənaət prinsipini əsas götürərək məhkəmə sözügedən müqaviləni sübut kimi qəbul edib tədqiq etməyə, cavabdehin müqaviləni mübahisləndirdiyinə görə ekspertiza keçirilməsinə zərurət görmür. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh İddiaçı 10 yanvar 2019-cu il tarixdə 1.75 ha torpaq sahəsini 5 il müddətinə 2000 manat pul alaraq icarəyə versə də, cavabdeh sonradan həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Bu səbəbdən də, İddiaçı Cavabdeh torpağın icarəsi üçün ödədiyi 2000 manat pulu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Cavabdeh isə iddiaçının uzun müddət torpaqdan maneəsiz istifadə edib kifayət qədər gəlir əldə etməsini bildirərək pulu qaytarmaqdan imtina edir. Göründüyü kimi, iddiaçı 1.75 ha torpaq sahəsinin 5 il istifadəsinə görə (hər il üçün 400 manat olmaqla) cavabdehə 2000 manat pul ödəmiş və torpaq sahəsindən 4 il maneəsiz şəkildə istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı istifadə etmədiyi 1 ilə görə verdiyi pulu (400 manat) tələb edə bilər və iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 400 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan 17 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumunun qalan 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh torpaq sahəsinin icarəsi üçün ödənilmiş 2000 (iki min) manat pulun 400 (dörd yüz) manatı alınaraq İddiaçı verilsin. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar