Məhkəmə qərarları › İş №2(056)-1015/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1015/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1015/2025 25.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satılmış mala görə 1750 manatın və ödənilmiş dövlət rüsumunun əvəzində 43 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona 450 manat borcu qalmasını göstərərək, tələbinin 450 manat miqdarında təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixli 2300 manat ümumi borc məbləği üzrə onunla nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsi əsasında 2300 manat məbləğində cavabdehə qızıl (2 ədəd üzük, 1 komplekt, 1 ədəd kolye və 1 ədəd qolbaq) verilmişdir. Cavabdeh borclu olduğu 2300 manatdan hissə-hissə cəmi 550 manat ödəniş etmiş və nəticədə ona 1750 manat məbləğində borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən ona dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh pulun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh borcunu könüllü qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddia ilə məhkəməyə müraciət ediləndən sonra iddiaçıya iki dəfə olmaqla, ilk dəfə 300 manat, daha sonra 1000 manat ödəniş etmişdir. Sonuncu ödənişi etməmişdən əvvəl o, iddiaçı ilə danışaraq 1000 manat ödərsə borcunun bağlanıla biləcəyini soruşmuş, iddiaçı onun təklifi ilə razılaşdıqdan sonra o, qeyd etdiyi 1000 manatı iddiaçıya ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Əslindən onun borcu 10 il əvvələ aid borc olmuşdur. Hətta o, 1300 manat ödəniş etsə də, həmin pulun 350-360 manatını artıq olarq ödəmişdir. Sadəcə olaraq aralarında hər hansı başqa narazılıq olmasın deyə özü iddiaçıya bu cür ödəniş təklifi etmiş, iddiaçı da onun təklifi ilə razılaşmışdır. Hesab edir ki, iddiaçı sözünə əməl etməli idi. Göstərdiklərinə əsasən o, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2 ədəd üzük, 1 komplekt, 1 ədəd kolye və 1 ədəd qolbağı 2300 manata Cavabdeh nisyə olaraq satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh nisyə olaraq qızıl-zinət əşyası satmış, cavabdeh qızılın dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin o, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin izahatının məzmununa münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan qızıl aldığını, həmin əşyaların dəyərini iddiaçıya tam şəkildə ödəməsini bildirsə də, bu halda üzərinə düşən sübutetmə yükü üzrə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Lakin iddia ərizəsində tələb edilən pul vəsaiti (1750 manat) və cavabdehin özünün də iddiaçıya 1300 manat ödəniş etməsini etiraz etməsi qalıq borcun 450 manat təşkil etməsini tam sübuta yetirir. Cavabdeh iddiaçı ilə son ödənişdən sonra (1000 manat) aralarında borc qalmaması ilə bağlı razılığa istinad etsə də, işdən də göründüyü kimi, iddiaçının tələbin dəqiqləşdirməsi barədə ərizəsi bu gün məhkəməyə daxil olmuşdur. Buradan da aydın olur ki, iddiaçı cavabdehlə qalıq borc barədə hər hansı razılaşma etməmişdir. Əgər razılaşma mövcud olsa idi, iddiaçı təlşəbin dəqiqləşdirilməsi barədə ərizə əvəzinə borcun tam ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi ki, o, bunu etməmişdir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını tələb etmiş olsa da, tələbin dəqiqləşdirilməsi barədə ərizəsində tələbinin 450 manat miqdarında təmin edilməsini xahiş etdiyindən, yəni artıq bu barədə tələbi mövcud olmadından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə ödənilməmiş 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar