Məhkəmə qərarları › İş №2(056)-1034/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1034/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1034/2023 22.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 608,43 ABŞ dolları, 254,25 ABŞ dolları faiz, 643,98 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 84,24 ABŞ dolları borc, ümumilikdə 1590,90 ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 47,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 20,5% dərəcəsi olmaqla 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən cavabdehin kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2041,73 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə onun kreditora xx.xx.2023-cü il tarixinədək ləğv prosesində olan İddiaçı ASC-yə əsas borc üzrə 608,43 ABŞ dolları, müqavilənin bitmə tarixinə hesablanmış 254,25 ABŞ dolları faiz, 643,98 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 84,24 ABŞ dolları borc, ümumilikdə 1590,90 ABŞ dolları kredit borcu yaranmışdır. Buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı təşkilat iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçıASC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, "Kredit müqaviləsi"nə əsasən bank cavabdehə şəxsi məqsədlər üçün 18 ay müddətinə, illik 20,5% hesablanmaqla 2500 ABŞ dolları məbləğində kredit verilmiş, borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən müəyyən olunur ki, sonuncu dəfə cavabdehin kredit öhdəliyi 2041,73 ABŞ dolları təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Qeyd olunan «Kredit müqaviləsi»nin 1-ci bəndinə istinad edərək, Borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini, ona hesablanmış faizləri və digər borcları ödəməlidir. İş materiallarında olan İddiaçıASC-nin Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, "Kredit müqaviləsi" üzrə götürdüyü pul vəsaitini faizlə birgə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya bildiriş məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli "Kredit Müqaviləsi" üzrə cavabdehlərin xx.xx.2023-cü il tarixə Banka əsas borc üzrə 608,43 ABŞ dolları, müqavilənin bitmə tarixinə hesablanmış 254,25 ABŞ dolları faiz, 643,98 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 84,24 ABŞ dolları borc, ümumilikdə 1590,90 ABŞ dolları kredit borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit və Zaminlik Müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit və Zaminlik Müqavilələri bağlanılmış, həmin Müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 428.4, 442-ci, 445.1 və 445.2.1ci, 449.4 və 462.3-cü maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İcrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 643,98 ABŞ dolları məbləğində cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin cərimə məbləği azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun 608,43 ABŞ dolları və faiz borcunun 254,25 ABŞ dolları məbləğində müəyyən olunduğu halda, cavabdeh təşkilat tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 643,98 ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 50 ABŞ dolları müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, o, Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, iddia qismən təmin edilərək borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Məhkəmə həmçinin digər Cavabdeh2nın hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən Cavabdeh1nın öhdəliyini icra etmədiyi halda məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər hər biri kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği hər iki cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Borcalanın 2500 ABŞ dolları məbləğində aldığı kreditlə bağlı Bank qarşısında öhdəliklərin icrası vaxtında və lazımı qaydada yerinə yetirilməsi üzrə Zamin qismində tərəf olan Xəlilov X1 tam birgə məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 47,05 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 47,05 manat dövlət rüsumunun əvəzində 29 manat cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarix üçün yaranmış 608,43 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 254,25 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixindən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 84,24 ABŞ dolları faiz, cəmi 996,92 (doqquz yüz doxsan iki dollar doxsan iki sent) ABŞ dolları məbləğinin ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq pul vəsaiti və məhkəmədə iddianın irəli sürülməsi ilə bağlı ödənilmiş 47,05 manat dövlət rüsumunun əvəzində 29 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müştərək qaydada tutulub (alınıb) ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin (verilsin). Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar