Məhkəmə qərarları › İş №2(056)-1107/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1107/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1107/2023 23.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2835,48 manat əsas kredit borcu, 11,21 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2846,69 manat borcu həmçinin 48,47 manat ödənilmiş dövlət rüsumunun “Bank Respublika" ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 021CASA191830016 saylı 02 iyul 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən, Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5100 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 2 iyul 2019-cu il tarixli 021FİZAM73637901 saylı və Cavabdeh2 ilə İddiaçı ASC arasında 02 iyul 2019-cu il tarixli 021FİZAM73637901 saylı Zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin İddiaçı ASC-yə 27 aprel 2023-cü il tarixə 2835,48 manat əsas, 11,21 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2846,69 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə bağlanmış 021CASA191830016 saylı 02 iyul 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən, Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5100 manat məbləğində kredit verilmişdir. İş materiallarından olan 2 iyul 2019-cu il tarixli 021FİZAM73637901 saylı və 02 iyul 2019-cu il tarixli 021FİZAM73637901 saylı Zaminlik müqavilələrindən görünür ki, Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında Zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi arayışdan görünür ki, 02 iyul 2019-cu il tarixli 021CASA191830016 saylı Kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 2835,48 manat əsas, 11,21 manat faiz borcu olmaqla, ümumilikdə 2846,69 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında 02 iyul 2019-cu il tarixli 021CASA191830016 saylı Kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliyini yerinə yetirərək, cavabdehə kredit müqaviləsi üzrə 5100 manat kredit məbləğində kredit verilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra etməməsi üçün məhkəməyə müraciət olunacağı barədə) məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi tam icra etmədiyi üçün tələb olunan əsas və faiz məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmadığı üçün, eyni zamanda zamin Cavabdeh2 və Cavabdeh3 isə öhdəlik götürməsinə baxmayaraq, borclunun əvəzinə ödəniş etmədiyi üçün, bununla da cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası ilə öhdəlik daşıyıcısı olmuşlar. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Resublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 48,47 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 48,47 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284- 3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyul 2019-cu il tarixli 021CASA191830016 saylı Kredit müqaviləsindən yaranmış borc üzrə 2835,48 manat əsas, 11,21 manat faiz və 48,47 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2895,16 (iki min səkkiz yüz doxsan beş manat on altı qəpik) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar