Məhkəmə qərarları › İş №2(056)-1139/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1139/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1139/2023 07.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «Borcun tutulması tələbinə dair» barədə kiçik iddiaya dair işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində Sabirabad rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1827,90 manat əsas borc, 276 manat cərimə, cəmi 2103,90 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin «MKT Sabirabad» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22279545 saylı müqaviləyə əsasən cavabdeh 3,67 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4003,48 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin son nəticədə cavabdeh 2175,59 manat məbləğində 2731,59 kq xam-pambığı təhvil vermişdir ki, bu da nəinki müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, cavabdeh ümumi avans vəsaitə görə iddiaçıya 1827,90 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığı tədarükünü həyata keçirən «MKT Sabirabad» filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambığı vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə cərimənin məbləği 276 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Beləliklə cavabdeh 1827,90 manat əsas borcdan əlavə 276 manat cərimə ödəməlidir. Ümumi ödəniləcək borcun məbləği 2103,90 manat təşkil edir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı təşkilat iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. "xxxx" MMC-nin «MKT Sabirabad» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22279545 saylı «2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair» müqavilə bağlanmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırılmasından ötrü 41 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə İddiaçı MMC-nin «MKT Sabirabad» filialı ilə hazırkı iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22279545 saylı müqaviləyə əsasən cavabdeh 3,67 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə xam pambıq məhsulu istehsal edib satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4003,48 manat məbləğində avans vəsait götürmüşdür. Lakin cavabdeh 2175,59 manat məbləğində 2731,59 kq xam pambıq təhvil vermişdir. Avans vəsaitə görə cavabdehin iddiaçıya 1827,90 manat əsas borcu, 276 manat cərimə, cəmi 2103,90 manat borcu yaranmışdır. İddiaçı tərəf iddiasını müdafiə edərək təmin olunmasını xahiş edir, cavabdehin isə məhkəməyə əsaslandırılmış etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı əsas borcla ilə bərabər 276 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni 27 manat həddinədək azaltmağı ədalətli hesab edir. Məhkəmə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini əsaslı sayır. Azərbaycan Respublikası Mülki 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1827,90 manat əsas borc, 27 manat cərimə, cəmi 1854,90 manat pul tutularaq iddiaçı "xxxx" MMC-ə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu təmin edilmiş məbləğin tələbinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1827,90 manat əsas borc, 27 manat cərimə, cəmi 1854,90 (bir min səkkiz yüz əlli dörd manat doxsan qəpik) AZN pul tutularaq iddiaçı "xxxx" MMC-ə verilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 36,16 manat cavabdehdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar