Məhkəmə qərarları › İş №2(056)-1289/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1289/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1289/2024 01.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 4130 manat pulun və ödənilmiş dövlət rüsumu əvəzində 62 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ştil əkib becərmək işi ilə məşğul olur. Cavabdehlə əvvəllər tanışlığı olmamışdır. Onunla düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh 2023-cü ilin yanvar ayında ona telefonla zəng edərək ondan qarpız ştili əkməsini və ştilin birini 7 qəpikdən hesablayaraq onun pulunu verəcəkdir. Gülağa ilə şifahi razılaşmaya görə onun pulunu avqust ayında ödəməli idid. Cavabdeh ona iş görməsi üçün 61000 toxum və digər ləvazimatlar vermişdir. Həmin toxumları o, fevral ayından becərməyə başlamışdır. Mart ayının əvvəllərindən həmin şitilləri satmağa başlamışdır. Cavabdehin ona verdiyi ştillərdən 2000 ədədi yararsız olsa da qalan şitilləri Gülağa aparıb satmışdır. Hazırda Gülağanın ona 4130 manat borcu vardır. O müxtəlif bəhanələr gətirərək üzərində olan borcunu ödəməkdən yayınır. O, cavabdehin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət etmiş, müraciəti əsasında Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşov tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarda cavabdeh ona əkib becərməsi üçün 61000 ədəd sağlam qarpız ştili verməsini etiraf etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri təkrar edərək əlavə olaraq bildirdi ki, 61000 ştildən 58000 min ədədini cavabdeh aparmış, həmin şitillərdən 1000 ədədi yemiş olmuş və qalan 2000 ştili isə saraldığı üçün cavabdeh ondan götürməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, o həqiqətən də 61000 ədəd toxumu əkib becərməsi üçün iddiaçıya vermişdir. Bundan əlavə o, torf və kasetləri də alıb iddiaçının həyətinə boşaltmışdır. Ştillər əkinə yararlı olmalı idi. İddiaçı onu çağıran zaman o 14000 min ştilin əkinə yararlı olduğunu görmüşdür. İş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciətləri əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 459 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qeyd olunan qərarda Cavabdeh iddiaçıya 4060 manat pul verməli olduğunu, lakin Tərlanın səhlənkarlığı nəticəsində ona 5200 manat məbləğində ziyan dəyməsini göstərmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh sifarişi əsasında Cavabdeh verdiyi 61000 ədəd toxumları əkib becərərək sonuncuya verəcəyi barədə aralarında şifahi qaydada razılaşmışlar. Bununla da tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmışdır. Həmin şifahi “tapşırıq müqaviləsi”nə görə iddiaçı üzərinə düşən öhdəlikləri qismən icra etmiş, yəni 58000 ədədini cavabdehə təhvil vermiş, cavabdeh isə iddiaçının yerinə yetirdiyi işlərə görə ödənilməli olan pul məbləğini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağalana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan normalar kontekstində mübahisəyə yanaşdıqda müəyyən edilir ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tələb edilən pul məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, işdən göründüyü kimi, iddiaçı özü də izahatında göstərmişdir ki, cavabdehdən qəbul etdiyi 61000 ədəd toxumdan 3000 ədədini yetişdirib ştil olaraq cavabdehə təhvil verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, təhvil verilməmiş ştil sayına görə məsuliyyət iddiaçının üzərində olduğuna görə, 3000 ədəd toxuma görə ödənilməli olan pul vəsaiti tələb edilən pul məbləğindən çıxılmalı (61000-3000=58000, 58000x0,07=4060 manat), alınan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış ifadəsini də nəzərə alır. Belə ki, həmin izahatda qeyd olunan borc məbləği hazırda əldə edilən məbləğlə eynilik təşkil etmişdir ki, buradan da aydın olur ki, hər iki tərəf konkret yaranmış borc məbləği (4060 manat) barədə məlumatlı olmuşdur ki, cavabdeh də həmin zaman izahatında fərqli bir məbləğ deyil, hazırda əldə edilən məbləğdə borcun yaranmasını göstərmişdir. İddiaçı isə yaranmış borcun 4130 manat təşkil etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının bu tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Bundan başqa, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı əsas iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 62 manat dövlət rüsumunun 55 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh nisyə tapşırıq müqaviləsi üzrə yaranmış 4060 (dörd min altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 55 (əlli beş) manat olmaqla, ümumilikdə 4105 (dörd min yüz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar