Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1294/2023 18.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək, 1100 manat əsas borc pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat pulun, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan həmkəndlisi Cavabdeh 2023-cü ilin yanvar ayında qardaşı oğlunun xəstə olması və Bakı şəhərinə aparması adı ilə ondan 1100 manat borc pul almışdır. Bunun müqabilində Mübariz ona atasının pensiya kartını verərək hər ay karta 250 manat pul yüklənəcəyini və pulu gec verəcəyi halında kartdan götürə biləcəyini ona bildirmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, kartı bağlatdırmış və o, kartdan heç bir məbləğdə pulu çıxara bilməmişdir. O, cavabdehin bu əməllərindən əsəbiləşdiyi üçün Sabirabad RPŞ-yə mürciət etmiş və cavabdeh aparılan araşdırma zamanı ona 1100 manat borcu olmasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Üzeyir Ağayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 müraciəti əsasında tərəfindən aparılmış araşdırma zamanı tərəflərin izahatları alınmış Cavabdeh ərizəçi X1 1000 manat borc almasını, lakin maddi imkanı olmadığından həmin pulu qaytara bilməməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Sabirabad RPŞ-də verdiyi izahatından görünür ki, o, Teymur İbrahimovdan 1000 manat borc almışdır. Məhkəmədə tədqiq olunmuş İddiaçı Cavabdeh ondan pul alıb qaytarmaması barədə Sabirabad RPŞ-yə müraciəti əsasında toplanmış sənədlərdən görünür ki, izahatı alınmış Cavabdeh izahatının məzmunundan görünür ki, o, İddiaçı 1000 manat pul almış və həmin pulu maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmişdir. İddiaçı isə məhkəmə iclasında cavabdehin üzərində olan borcunun 1100 manat olmasını bildirmişdir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ondan aldığı pul vəsaiti ilə əlaqədar polis orqanına şikayət etmiş, araşdırması zamanı cavabdehin iddiaçıdan pul vəsaiti alması cavabdehin izahatı ilə də müəyyən edilmiş, bu hal digər araşdırma materialları ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edilən porsessual normanın tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıdan pul alınması və cavabdehin pulun alınmasına aidiyyəti hissəsində məhkəmə iclasında iddiaçının izahatını və Sabirabad rayon polis şöbəsinin İTB-nin sahə rəisi Üzeyir Ağayevin araşdırmasının məcburiliyini qəbul edir və məhkəmə araşdırmasını bu istiqamətdə davam etdirərək müəyyən edir ki, həmin məhkəmə iclasında və həmin sənədlərdə əksini tapmış izahatların məzmunundan aydın olur ki, tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normanın kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışdır. Odur ki, iddiaçı hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tələb edilən pul məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, Sabirabad RPŞ-də tərəflərin verdikləri izahatlar əsas götürülməklə iddiaçıya ödənilməli olan pul məbləği müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçının verdiyi izahatından görünür ki, o, cavabdehin ona 1100 manat borcu olmasını bildirsə də, lakin qeyd olunan halı təsdiq edə biləcək hər hansı digər bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan 1000 manat pul aldığını, həmin pulu imkanı olmadığı üçün iddiaçıya qaytara bilmədiyini Sabirabad RPŞ-də aparılan araşdırma zamanı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında RPŞ-də aparılan araşdırma zamanı verilən izahatlarda qeyd olunan, cavabdehin etiraf etdiyi 1000 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş 31 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat deyil, 25 manat məbləğində və hüquqi yardım üçün ödənilmiş pulun əvəzi qismində 50 manat deyil 45 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat borc pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat, hüquqi yardımın əvəzində 45 məbləğində pul vəsaiti olmaqla, cəmi 1070 (bir min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1294/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1294/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver