Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-134/2024 05.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.500 (on iki min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun illərdir ki, tanıyır. Cavabdeh ondan 2015-ci ildə borc pul istəmiş, münasibətləri yaxşı olduğu üçün daimi lazım olan zamanlarda cavabdehə borc vermişdir. O, cavabdehə ayrı-ayrı vaxtlarda pullar vermiş və bu günə cavabdehin ona olan cəmi borcu 12500 manat təşkil edir. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdeh birinci dəfə məhkəmə iclasında iştirak edəndə ondan borc almadığını, iddia ərizəsində göstərilənlərin yalan olduğunu bildirmiş, daha sonra məhkəməyə etiraz ərizəsi göndərmiş və o, ərizə ilə tanış olmuşdur. Bundan sonra o, cavabdehlə apardığı telefon danışıqlarını qeydə almış, həmin səs yazılarında cavabdeh ona borcu olmasını danmamış, əksinə, ondan işi məhkəmədən geri götürməsini istəmiş, bunun səbəbini onu tutacaqları ilə izah etməyə çalışmış və ona pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin səs yazısını məhkəməyə təqdim edir. İddia ərizəsində qeyd etdiyi kimi, o, 12500 manat pulu cavabdehə birdəfəyə verməmişdir. Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ondan borc pul almış, ödəmədiyi üçün borcunun cəmi məbləği 12500 manat təşkil etmişdir. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Çünki o, iddiaçını tanımış olsa da, ondan borc pul almamışdır. İddia ərizəsində göstərilənlərin hamısı yalandır. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə həmçinin iddia ərizəsinə etiraz etirazı ünvanlamış və həmin ərizədə göstərmişdir ki, iddiaçı tərəf iddia tələbinə dair borcla bağlı hər hansı mötəbər hüquqi əsaslandırıcı əqd və ya qeyd olunan borc müqaviləsi əlavə etmədən belə bir tələb irəli sürmüşdür. Belə ki, həmin ərəfələr onun iddiaçı ilə əlaqəsi olmuşdur. Lakin o, sonuncudan borc pul almamışdır. Onun belə bir iddia qaldırması absurddur. Çünki borca dair sənədlər və ya yazılı əqdlər iddia ərizəsinə əlavə olunur. İddiaçının iddia ərizəsində qeyd etdiyi şahidlər onun qohumlarıdır. Belə olan halda məhkəmə bu iddia tələbini rədd etməlidir. İddiaçı qərəzli mövqe üçün belə bir iddia tələbi ilə müraciət etmişdir. Bundan başqa, əgər tələbin məbləği 3000 manatdan çoxdursa, bu halda tərəflər arasında kredit və ya borc müqaviləsi notarial qaydada bağlanmalıdır. O, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında telefon danışığını əks etdirən Flash-kart təqdim edilmiş, həmin Flash-kart tədqiq edilmiş, tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə “sən məhkəmədə dedin sənin mənə borcun yoxdu, gedirik məhkəməyə sən boyun alırsan ki, mənim bu adama borcum var, nə sən şahid aparırsan, nə mən, ikimiz gedirik ora, istəmərəm sənə heç 10 sutka da verilsin”, cavabdeh “mən Probasiya şöbəsinə gedən deyiləm, ora söhbət getsə, and olsun Allaha məni tutacaqlar, krupnu summanı boynuma alsam orada mənə 2 il iş kəsəcəklər, sən tək deyilsən şikayət edən, sən bilmirsən, mən nə məhkəməyə gələcəm, 200-300 manatdan verəcəm, 500 olacaq 500 verəcəm, dəqqi demirəm nə qədər verəcəm, sənin kartın məndə var, atacam kartına”, iddiaçı “gərək sən bu oyunu mənim başıma gətirməyəydin” demiş, cavabdeh “mən oyuna düşdüm, yavaş-yavaş altından çıxıram, bir sən qalmısan, sənə olan borcumun da altından çıxacam, oturub üz-üzə söhbət edərik” demiş, “nə etdin Cəmil” deyə sual vermiş, cavabdeh “atacam narahat olma” deyə cavab vermiş, iddiaçı ardınca “nə qədər atacaqsan” deyə sual vermiş, cavabdeh “500 manat atacam” deyə cavab vermiş, iddiaçı ardınca “500 manat nədi, gətir mənə 5000-6000 ver, mən batıram” demiş, cavabdeh “başqa yerdəyəm 27-cən danışarıq” deyə cavab vermiş, sonrakı səs yazısında iddiaçı “nə oldu dünən pul göndərirdin” deyə sual vermiş, cavabdeh “başım qarışıqdı sabah həll edəcəm” deyə cavab vermiş, digər səs yazısında iddiaçı cavabdehdən “nə oldu bəs 31-cən mənə 500 manat pul atırdın” deyə sual etmiş, iddiaçı Allaha and içərək “bir-iki günə atacağını, narahat olmamasını” bildirmiş, başqa səs yazısında iddiaçı “sən mənə ayın 25-dən 500..” deyəndə sonra cavabdeh “qardaş nə etdim olanım odu onu atıram, hamıya atıram da 50 manat 50 manat” demiş, iddiaçı “hamıya niyə atırsan ki, məndən apardığın kimi məni yola sal də, ayın 15-i məhkəmədi, mən sənin tutulmağını istəmirəm, sənin balaların var”, cavabdeh “tutulmağı zadı kənara qoy, bilirəm mənim borcumdu, mən sənə verməliyəm, narahat olma, mən də əlimdə iş olanda 200 olanda 200, 500 olanda 500, 300 olanda 300 atacam, kartın da burdadı, narahat olma, vurmuşam yaddaşa qalıb, 2 gündən sonra 100-dən, 200-dən atacam”, iddiaçı “sən mənə ayın 25-də dedin 31-cən sənə 500 manat atacam, bu gün ayın 11-dir”, cavabdeh “dekabr ayının axırı idi, o gəldi dirəndi bu gəldi dirəndi 50-20-30 manat verdim, sənə də atacam də, mənə dirənmə” iddiaçı “bəs mən nə etdim, sən krupnı pulu götürüb çıxıb getmisən, mən indi o pulu 100 manat, 50 manat səndən almalıyam” sual etmiş, ardınca mən sənə 1000 manat, 600 manat, 6800 manat verdim, 850 Dollar Ağasəlimin pulunu bankdan çıxarıb verdim, dedin məni qaldır 1600 manatlıq qoyun verdim” demişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iddiaçının izahatı, həmçinin məhkəməyə təqdim edilmiş səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Səs yazısından da aydın olur ki, tərəflər arasında telefon danışıqları getdiyi ərəfələrdə cavabdeh heç bir vaxt borc məbləğini mübahisələndirməmiş, əksinə, imkan etdiyi hədlərdə ona olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş səs yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin etiraz ərizəsində iddianın rədd edilməli olması ilə əlaqədar dəlilinə (müqavilənin notarial bağlanmalı olması) gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı həm iddia ərizəsində, həm səs yazısında cavabdehə müxtəlif vaxtlarda və müxtəlif vaxtlarda borc verməsini bildirmiş, cavabdeh bu halı səs yazısı həyata keçirilərkən mübahisələndirməmişdir. Belə olan halda müqavilə şərtlərinin pozulması halından söhbət gedə bilməz. Bundan başqa o da qeyd edilməlidir ki, cavabdeh həm məhkəmə iclasında iştirak edərkən, həm də etiraz ərizəsində göstərmişdir ki, o, iddiaçıdan borc almamışdır. Lakin aralarındakı telefon danışığında iddiaçıya məhkəməyə getməyəcəyini, ondan şikayətçi başqa şəxlərin də olduğunu, məbləğ böyük olduğuna görə Probasiya şöbəsinə gedəndən sonra onun iki il həbs ediləcəyini bildirmiş, digər danışıqlarda da iddiaçıya borcu olmasını qəbul etmiş, imkanlaşdırdığı həddə onun kartına ödənişlər edəcəyini bildirmişdir. Bu hallar da onu göstərir ki, cavabdehin məhkəmə iclasında vermiş olduğu izahat və etiraz ərizəsi cavabdehdən məsuliyyətdən boyun qaçırma niyyətinə yönəlmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.500 (on iki min beş yüz) manat borc pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-134/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-134/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver