Məhkəmə qərarları › İş №2(056)-1350/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1350/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1350/2023 12.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonu Şüşün kəndində yaşayan qohumu X2 ilə birlikdə yaşadığı evin həyətində iri buynuzlu heyvanlar saxlamışdır. 2022-ci ilin may ayında Sabirabad rayonunda olan zaman orada yaşayan tanışlarına iri buynuzlu heyvanları olduğunu və onları satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Sabirabad rayonunda Sadiqlə görüşmüş və Sadiq ona heyvanları almaq istədyini, lakin malın dəyərinin bir qismini ödəyəcəyini, qalan hissəsini isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. O, Sadiqlə razılaşmış və 2022-ci ilin iyun ayının axırlarında sonuncuya zəng edərək heyvanları gəlib aparmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Sadiq onun (iddiaçının) qohumu Emingilin həyətinə gedərək 6 baş erkək dananı və 8 baş dişi inəyi ümumilikdə 11200 manata alaraq ilkin olaraq 3500 manat vermişdir. xx.xx.2022-ci il tarixdə Sadiq ona məxsus bank kartına 2700 manat əlavə olaraq pul göndərmişdir. Lakin Sadiq hal-hazıradək qalıq qalmış 5000 manat məbləğində borcunu qaytarmamışdır. Dəfələrlə o, cavabdehə bu barədə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. O bu barədə Kürdəmir RPŞnə gələrək müraciət etmiş və onun müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Orxan Ağayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda olan izahatlardan görünür ki, X1 Mərdan Həsənalı oğlunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh səs yazılarını özündə əks etdirən CD diskdən görünür ki, tərəflər arasında 14 baş heyvanın alqı-satqısından söhbət getmiş, cavabdeh səs yazılarında 14 baş heyvanı fermaya gətirdiyini, heyvalanlarına ilk başda uyğunlaşmasalar da, sonradan uyğunlaşdıqlarını, həmçinin bir neçə danışıqda bu gün-sabah pulu köçürəcəyini, narahat olmamasını, sonuncu səs yazısında isə vəziyyətinin bir qədər yaxşı olmadığını, gələn həftə “üzlüşəcəklərini”, utandığından iddiaçının telefonlarına cavab vermədiyini, səbrli olub gözləməsini bildirmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlirki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə İddiaçı qohumu X2 ilə birlikdə saxladığı ümumilikdə 14 baş iri buynuzlu heyvanları qarşılıqlı razılıq əsasında hazırkı iş üzrə Cavabdeh nisiyə olaraq satmış, cavabdeh heyvanların ümumi dəyəri olan 11200 manat pul vəsaitindən ilkin olaraq 3500 manat, daha sonra isə 2700 manat olmaqla, cəmi 6200 manat məbləğində hissəsini ödəmiş, onun ödənilməmiş 5000 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət şifahi qaydada bağlanmış bağlanmış nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmiş, həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri (öhdəlikləri) yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş səs yazılarında əksini tapan halları, sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat pul tutularaq İddiaçı verilməlidir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödəsə də, cavabdehdən həmin məbləği tələb etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.) hesab edir ki, bu məsələ müzakirə edilməməlidir. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar