Məhkəmə qərarları › İş №2(056)-1391/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1391/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1391/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat məbləğində borclu olduğu pulun və 47 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Aralarında düşmənçilik, ədavət olmamışdır. Qənirənin anası Sabirabad rayonunun Axtaçı kəndindən süd məhsulu gətirib satırdı və bir neçə dəfə ondan süd məhsulu almış, pulunu vermişdir. xx.xx.2023-cü ildə Qənirə onun yaşadığı ünvana gəlmiş, onunla söhbət edərkən bildirmişdir ki, qardaşına toy mərasimi edəcəklər, nişan mərasimi üçün ona pul lazımdır, lakin pulları yoxdur. Qənirə həmin vaxt ondan nişan etmək üçün 1000 manat pul istədi. O, Qənirə ilə yaxın münasibətdə olduğu üçün Qənirəyə 1000 manat borc pul vermişdir. Həmin vaxt Qənirə ona toydan sonra aldığı borcu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü ildə Qənirə ona təkrar zəng edərək atasının ona zəng etdiyini, toy üçün əlavə 1000 manat borc lazım olduğunu, toydan sonra pulunu qaytaracağını bildirib borc istəmiş, o, Qənirəyə inanaraq yenə də 1000 manat borc vermişdir. O, hər dəfə Qənirə ilə danışanda Qənirə ona darıxmamasını, pulunu verəcəyini bildirmişdir. xx.xx.2023-cü ildə Qənirə təkrar ona zəng edərək maddi vəziyyətinin yaxşı olmadığını, bir neçə günə bütün borclarını qaytaracağını,atasının kredit götürəcəyini bildirmiş və yenə də 700 manat borc pul istəmişdir. Həmin tarixdə o, Qənirəyə 700 manat borc pul vermişdir. Qənirə ona iki ədəd pul kartı verdi və dedi ki, saxlasın, pulunu verib kartları götürəcəkdir. Qənirə həmçinin ona pulunu sentyabr ayının 7-nə kimi verəcəyini bildirmişdir. Lakin həmin tarixdə Qənirə puluni vermədi. O, Qənirənin telefonuna səs atmış, Qənirə ona atasının pulu almadığını, pulu atasıgil üçün götürdüyünü, ona verəsi pulu olmadığını, şikayət etməsini, polis nə kəsərsə aydan aya pulunu ödəyəcəyini bildirmişdir. Daha sonra Qənirə ona “bilirəm mənim sənə 2700 manat pul borcum var, sən kart at, mən hər ay pensiyadan 300 manat karta pul atacağam” deyə bildirmişdir. Aradan 10 dəqiqə keçəndən sonra Qənirənin qardaşı ona zəng edərək dedi ki, “bacımı narahat etmə, mən sənə hər ay 200 manat gətirib pul verəcəm və bu barədə səndən qəbz alacağam”. Bu söhbətdən sonra yenə Qənirə ona zəng edərək onunla qurtardığını, qardaşının gətirib 2700 manat pulu verəcəyini bildirmişdir. Aradan bir müddət keçəndən sonra o, Qənirəyə zəng edərək qardaşının pulu gətirib vermədiyini bildirmiş, Qənirə ona plu verməyəcəyini, hara istəyirsə şikayət etməsini demişdir. Bundan sonra o, ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində Qənirə izahat verərkən göstərmişdir ki, xx.xx.2023-cü ildə övladı xəstə olduğuna görə Bakı şəhərinə aparmaq üçün Zərifəyə zəng edib ondan 100 manat borc istəmiş, Zərifə pulu ona vermiş, iyun ayının əvvəllərində isə 500 manat da əlavə olaraq ondan borc pul almışdır. Cəmi 1500 manat pul almışdır. Qalan 1200 manat pulu boynuna almamışdır. O, Qənirənin ona verdiyi kartların fotoşəkilini və CD diski iş materialına əlavə etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək və əlavə olaraq bildirdi ki, münasibətləri olduğu üçün Qənirə bilirdi ki, təqaüdünü yığır. Buna görə ondan borc istəmişdir. Qənirə qardaşının otyu olduğunu bildirəndə iyun ayının 1-də 1000 manat vermiş, toy bazarlıqlarına da köməklik etmişdir. 2-si nişan olmuş, 3-ü yenə də Qənirə ondan atası üçün 1000 manat istəmiş, toyun səhəri qaytaracağını bildirmiş, o pulu da vermişdir. Sonunda isə ondan 700 manat istəmiş, həmin pulu da verəndən sonra pulunu qaytarmaqdan imtina etmişdir. Hazırda o, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı onun rəfiqəsinin rəfiqəsinin qonşusu olmuş, faizə pul vernə insan kimi tanımışdır. O, 2023-cü ilin yanıvar ayında iddiaçıdan 1000 manat, 1 ay sonra isə 500 manat pul götürmüş, əvəzində uşağının xəstəliyinə görə 570 manat aylı pul köçən kartını, aliment kartını, 50 manatlıq məktəbdən olan kartını, 400 manatlıq da sosial yardım kartını iddiaçıya vermiş, birgə gedib pul çıxararaq ayda iddiaçıya 440 manat pul qaytarmış, hər ayın sonu da 100 manat vermişdir. Pulu iddiaçıdan uşağının xəstəliyinə görə 20%-lə götürmüşdür. Onun aylıq ödədiyi pul faizə hesablanan məbləğ idi. O, iddiaçıdan 3 dəfə faiz əpul götürmüşdür. İndi onun iddiaçıya 1500 manat borcu vardır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdeh onun qızıdır. İddiaçını isə tanımır. O, sonralardan bilmişdir ki, qızı Qənirə faizə pul götürmüşdür. İddiaçı guya toya görə də faizə pul verib. Lakin elə bir şey yoxdur. O, dənizdə işləyir. İşdə olduğu vaxt yoldaşı ona zəng edərək Qənirənin faizə pul götürdüyünü, özünü öldürmək istədiyini bildirmiş, o, 1000 manat pul göndərmişdir ki, Qənirə borcu bağlasın. Sonradan yoldaşından yenə Qənirənin 1700 manat faizə pul götürdüyünü eşitmiş, həmin pulu bağlamamışdır. Əvvəl faizə götürmüş olduğu puldan Qənirə ödənişlər etmişdi, 1000 manat qalmışdı, həmin pulu da o, bağlaması üçün Qənirəyə göndərmişdi. Qənirənin əvvəl hansı məbləğdə faizə pul götürməsini bilməmişdir. Sadəcə bilmişdir ki, 100 manat borcu qalıb, həmin pulu göndərmişdir. Hazırda Qənirənin iddiaçıya 1700 manat borcu qalmışdır. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İş materiallarına əlavə olunmuş Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək Qənirə adlı şəxsə 2700 manat borc pul verdiyini, həmin şəxsin pulunu geri vermədiyini bildirib şikayət etmiş, izahatlar alınmış, İddiaçı yaranmış mülki mübahisə ilə əlaqədar aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə cinayət işinin başlanmasınnı rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş CD diskdə əksini tapmış İddiaçı ilə Cavabdeh arasında olan danışığın məzmunundan görünür ki, Cavabdeh İddiaçı bildirir ki, sən mənə 2700 manat pul vermisən 20%lə, ayda 540 manat edir, mən sənə ayda 540 manat yox, 200 manat, maksimum 300 manat verəcəm, o da altı gedəcək üstü yox, altdan verəcəm, kart atacaqsan, mən hər ay pulu çıxarıb o karta atacam, çeki də götürəcəm, 2700 ikandab sonra qurtardı, səninki səndə mənimki məndə. Digər danışıqda İddiaçı pul alıb almadığını soruşur, Qənirə ona cavabında pulu alıbalmadığının ona dəxli olduğunu, bir nəfərdən də pul aldığını, ona da sözünü dediyini, bu dəqiqə 102 yığacağını, ikisini də polisin qıynağına verəcəyini, gedəcəklərini, gedib işləri ilə məşğul olmalarını bildirmiş, İddiaçı cavabında bu nə danışıq olduğunu, ağlaya-ağlaya qapısına gəldiyini, pul istədiyini, uşağının xəstə olduğunu, atası, qardaşının baxmadığını, almısansa verməli olduğunu, sırağan gün qardaşının verəcəyini dediyini, sonra kart atmasını, özünün verəcəyini bildirdiyini, indi isə belə danışdığını bildirmiş, pulu alıb qardaşına nişan etdiyini, xonçalar tutduğunu, şirniyyatlar, özünə, qudasına, gəlininə paltar aldığını xatırlatmış, heç kimin pulu küçədən yığmadığını, 2700 manat pulun az pul olmadığını bildirmiş, Cavabdeh cavabında qəpik də verməyəcəyini, polisə müraciət etməsini, ayda 50-50, 30-30, 100-100, az-az, gücü çatdığı qədər verəcəyini, hansı aydan 440 ödəyirsə onu çıxacağını, gedib işi ilə məşğul olmasını, polisə verdiyi, yaxın şöbəyə yaxınlaşacağını, ərizəsini yazacağını, belə bir ünvanda faiz pul verildiyini, indi altını üstünü istədiyini deyəcəyini, pulu olmadığını, nə etməsini, vurub öldürməsini, 1 litr benzin alıb özünü yandıracağını, əsəblərini oynatmamasını, gedib işi ilə məşğul olmasını bildirmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar tərəflərin izahatı, şahid ifadəsi həmçinin məhkəməyə təqdim edilmiş səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Hazırda tərəflər arasında mübahisə borc məbləği ilə əlaqədar yaranmaqdadır. İddiaçı borc verdiyi pulun ona qaytarılmadığını iddia edir, cavabdeh isə həmin pulun əksər hissəsinin qaytarılmasını, iddiaçıya 1500 manat civarında borcu bildirir. Məhkəmə tərəflərin mövqeləri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlardan aydın olur ki, iddiaçı cavabdehdən aldığı cəmi 2700 manat borcunu verməsini tələb etmiş, cavabdeh atasının pul götürəcəyini, bundan sonra pulu ödəyəcəyini, daha sonra pulu qardaşının ödəyəcəyini, sonda isə heç bir pul ödəməyəcəyini, polisə müraciət etməsini, aylıq kəsiləcək məbləğdə gücü çatdığı həddə aybaay ödəniş edəcəyini bildirmiş, iddiaçının borc məbləğinin həddi ilə bağlı bildirdiyinə hər hansı etirazını ifadə etməmişdir. Bundan başqa, cavabdeh izahatında da göstərmişdir ki, o, iddiaçıdan pulu 20% faizlə almış və cavabdehə ayda 540 manat ödəniş etmişdir. Bu hal da nəzərə alındıqda müəyyən olunur ki, cavabdeh həqiqətdə iddiaçıdan 2700 manat borc pul almışdır ki, həmin məbləğin də 20%-i 540 manat etmişdir. Digər tərəfdən şahid qismində dindirilmiş cavabdehin atasının ifadəsi ilə bağlı da qeyd edilməlidir ki, X1 da ifadəsində qızının iddiaçıdan ümumilikdə 2700 manat borc almasını eşitdiyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş səs yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 47 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 47 (qırx yeddi) manat olmaqla, ümumilikdə 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar