Məhkəmə qərarları › İş №2(056)-142/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-142/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-142/2023 09.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının tələb edilməsinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 2700 manat satılmış mala görə borc məbləğinin, MPM-nin 121.1-ci maddəsinə əsasən mülki işin hazırlanması üçün ödənilmiş 60 manat hüquqi yardım haqqının və ödənilmiş dövlət rüsumu əvəzində 47 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdehlə aralarında iki baş cins inəyin, o cümlədən biri erkək, biri dişi olmaqla erkək inəyi 1400 manata, dişi inəyi isə 1300 manata satması barədə raılıq əldə edilmişdir. Cavabdeh 2700 manat pulu xx.xx.2022-ci il tarixədək verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh hal-hazıradək üzərində olan borcunu ödəməmiş və onu süründürməklə ona mənəvi zərər vurmuşdur. Bundan sonra o, cavabdehin qanunsuz əməlləri ilə bağlı polisə müraciət etmiş və cavabdeh polis şöbəsində verdiyi izahatında ona 2700 manat boru olmasını etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək cavabdehə olan borcundan 1700 manat məbləğində pul vəsaitini ödədiyini, onun cavabdehə 1000 manat məbləğində borclu olmasını bildirərək göstərdiyi həcmdə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən də o, iddiaçıdan cəmi məbləği 2700 manat olan 2 baş iri buynuzlu heyvanı nisiyə almışdır. Lakin sonradan maddi problemləri olduğundan aldığı heyvanların pulunu söz verdiyi vaxtda ödəyə bilməmişdir. Sonradan iddiaçı ondan dəfələrlə polis orqanlarına şikayət etmiş və o, Sabirabad RPŞ-də araşdırma aparılarkən iddiaçıya 2700 manat borcu olduğunu da etiraf etmiş, yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı yenə də ondan şikayət etdiyinə görə Bakı şəhəri “Meyvəli” bazarında o, polis işçiləri tərəfindən saxlanılmış və onun sifarişinə görə yaxın qohumu Sabirabad rayonunda iddiaçının göndərdiyi və tanımadığı şəxsə 1700 manat pulu ödəmişdir. Cavabdeh məhkəmədə izahatında qeyd etdiyi həmin xüsusatı təsdiq edə bilməmiş, iddiaçı isə onun qeyd etdiyini, yəni 1700 manat pulu onun hansısa qohumuna ödəməsi barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, qardaşı Kamranla cavabdeh Raqif arasında həqiqətən də iki baş cins inəyin alqı-satqısı barədə şifahi müqavilə mövcuddur. Həmçinin o da, dəfələrlə cavabdehə üzərində olan borcunu ödəməsini bildirsə də, sonuncu dəfə cavabdeh üzərində olan borcunu ödəməyəcəyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı onun kürəkənidir. Kamran həqiqətən də cavabdehə iki baş cins inəyi nisyə olaraq satmışdır. Cavabdeh həmin inəkləri qazel maşını ilə gəlib aparmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh inəklərin dəyəri olan 2700 manat məbləğində pul vəsaitini Kamrana qaytarmaqdan boyun qaçırır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün 60 manat və iddia qaldırılmasından ötrü 47 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Asiman Bəkirov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Rahim Şahkərəmovun raportu əsasında araşdırma aparılmışdır. Cavabdeh tərəfindən RPŞ-nin İTB-də verdiyi izahatında İddiaçı 2700 manat borclu olmasını etiraf etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı sonradan ödəmək şərti ilə 2 baş cins inəyi almışdır. Lakin, alıcı alqı-satqı predmeti olan mal-qaranı alsa da, onun öz dəyərini tam olaraq müəyyən edilmiş müddətdə satıcıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə iddiaçıya 1000 manat məbləğində borcu qalmasını bildirərək göstərdiyi həcmdə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin borclu qaldığı puldan iddiaçıya özünün hansısa qohumu vasitəsilə iddiaçının hansısa qohumuna 1700 manat ödəməsi barədə izahatına hüquqi qiymət verərək hesab edir ki, onun bu izahatı əsassızdır və məhkəmə tərəfindən qəbul olunmur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini işin faktiki hallarına uyğun gəldiyi üçün mötəbər hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda tərəflər arasında münasibətlər nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmişdir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi təqdim etdiyi sübutlarını mötəbər hesab edir. Cavabdeh iddiaçıya olan borcundan 1700 manat ödəməsini bildirsə də, qeyd olunan məbləğdə pul vəsaitinin iddiaçıya kimi tərəfindən verilməsini və verilməsi barədə hər hansı bir sübut və şahidini məhkəməyə təqdim etməmişdir. İddiaçı əsas borcla bərabər onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 47 manat dövlət rüsumunun və 60 manat hüquqi yardım üçün ödənilmiş pulun da cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh satılmış mala görə 2700 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və dövlət rüsumu əvəzində 47 manat olmaqla, cəmi 2807 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə 2700 manat, hüquqi yardım üçün ödənilmiş 60 manat və dövlət rüsumu əvəzində 47 manat olmaqla, cəmi 2807 (iki min səkkiz yüz yeddi) AZN pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar