Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-143/2025 10.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə mülki işə Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4716,8 manat əsas, 680,07 manat faiz və 44,87 manat cərimə borcu olmaqla, cəmi 5441,74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19054nkSUMb/23 saylı Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə SMS vasitəsi ilə 36 ay müddətinə illik 26,5% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh Müqavilə şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, Elektrikquraşdırma müəssisəsində işləyir. Kredit götürəndən sonra aylıq ödənişlərini həyata keçirmiş, lakin Müharibədə iştirakı ilə əlaqədar səhhətində yaranmış problemlərə görə müalicələr etdirməli olmuş, bu xüsusda maddi vəziyyəti ağırlaşmış və ödəniş etməyə maddi imkanı çatmamışdır. Hazırda da maddi vəziyyəti ağırdır. Bununla belə borc məbləğinə və iddianın təmin edilməsinə hər hansı etirazı yoxdur. Tək istəyi odur ki, borc məbləği əmək haqqından aşağı faizlə tutulsun ki, o, Müharibə iştirakçısı olaraq müalicələrini davam etdirmək və ailəsinin tələbatlarını qarşılamaq imkanında olsun. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19054nkSUMb/23 saylı Ümumi Oferta müqaviləsinin surətindən görünür ki, cavabdehə SMS vasitəsi ilə 36 ay müddətinə illik 26,5% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 19054nkSUMb/23 saylı Ümumi Oferta müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 4716,8 manat əsas, 680,07 manat faiz və 44,87 manat cərimə borcu olmaqla, cəmi 5441,74 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" KB ASC tərəfindən öhdəliyini yerinə yetirərək, Ümumi Oferta müqaviləsi üzrə 5000 manat məbləğində cavabdehə kredit xətti açılmış, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 19054nkSUMb/23 saylı Ümumi Oferta müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas, həmçinin ona hesablanmış faiz və cərimə borcunu iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 74,42 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 74,42 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19054nkSUMb/23 saylı Ümumi Oferta saylı kredit müqaviləsindən yaranmış 4716,8 manat əsas borc, 680,07 manat faiz borcu, 44,87 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 74,42 manat olmaqla, ümumilikdə 5516,16 (beş min beş yüz on altı manat on altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-143/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-143/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver