Məhkəmə qərarları › İş №2(056)-1475/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1475/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1475/2023 10.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, Məsləhətçi (məhkəmənin iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara dəymiş 664,65 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 12:28 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində ekskovatorla qazıntı işləri aparılarkən İddiaçı MMC-yə məxsus Şirvan-Sabirabad istiqamətli FO-12 kabeli qırılmışdır. Bunun nəticəsində Cəmiyyətə 664,65 manat məbləğində maddi ziyan dəymişdir. Şirvan – Sabirabad istiqamətli FO-12 kabelin qırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin Xətt Təsərrüfatına Xidmət X3 Qrupunun əməkdaşları və Sabirabad rayonu, Navadan kənd sakini Cavabdeh tərəfindən akt tərtib edilmişdir. Cavabdehə dəymiş zərərin könüllü ödənilməsi barədə bildiriş göndərilsə də, o üzərində olan borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, cavabdeh onlar məhkəməyə müraciət etdikdən sonra 50 manat ödəniş etmişdir. Odur ki, qeyd olunan məbləğin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin Xətt Təsərrüfatına Xidmət X3 Qrupunun əməkdaşları və Sabirabad rayonu, Navadan kənd sakini Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh ekskovatorla Sabirabad rayonu Nərimankənd kəndi ərazisində rabitə kabel xəttinin keçdiyi yerdən torpaq qazıntı işlərinin aparılması nəticəsində FO- 12 kabel xəttini sıradan çıxarmışdır. İş materiallarında olan dəymiş zərərin hesablanması barədə smetadan görünür ki, qeyd olunan hadisə nəticəsində İddiaçı MMC-nə 664,65 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hazırki mübahisəyə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən də məlum olduğu kimi, cavabdeh Nərimankənd kəndi ərazisində rabitə kabel xəttinin keçdiyi yerdən torpaq qazıntı işlərini aparması nəticəsində FO-12 kabel xəttini sıradan çıxarmaqla iddiaçı təşkilata qarşı mülki hüquq pozuntusu törətməklə ona maddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilməlidir ki, Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin hallarıbndan da göründüyü kimi, mülki hüquq pozuntusu mövcud olmuş, iddiaçı təşkilata maddi zərər vurulmuş və zərərin əmələ gəlməsi cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gəlmişdir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçı qarşısında mülki məsuliyyət daşımalı, dəymiş ziyan məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bu zaman iddiaçının nümayəndəsinin ödənilmiş məbləğlə bağlı mövqeyi nəzərə alınmalı və həmin ödənilmiş 50 manat pul vəsaiti hazırda tələb edilən zərər məbləğindən çıxılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmə xərcləri məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 564,65 manat məbləğində pul vəsaiti və məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu əvəzi 30 manat olmaqla, ümumilikdə 594,65 (beş yüz doxsan dörd manat altmış beş qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar