Məhkəmə qərarları › İş №2(056)-1479/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1479/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1479/2023 10.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 840 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində özünə məxsus fermada iri buynuzlu heyvanlara çobanlıq etmək üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh ailə üzvləri ilə birlikdə işə götürmüşdür. Həmin vaxtı o, cavabdehin əvvəlki işlədiyi fermaya olan 840 manat borcunu ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixdə cavabdeh səhər saatlarında heç bir səbəb göstərmədən fermada işləmək istəmədiyini bildirmişdir. O, cavabdehdən 840 manat borcunu ödəməyi tələb etsə də, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Bu barədə Kürdəmir RPŞ-nin TB-də araşdırma aparılmış və toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin pul məbləği ödənilmədiyi üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müracət etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid iqsmində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Şamxalı tanımır. Nazim müəllim onu sürücü kimi Şamxalı Salyan rayonundan gətirməyə göndərmiş, 840 manat pul vermişdir ki, həmin Şamxalın müdirinə borcu var, ver bu pulu Şamxala borcunu versin sonra götür gəl. Sürücü kimi Salyan rayonuna getməsi üçün İddiaçı ona 120 manat ödəniş etmişdir. İddiaçı Şamxal adlı şəxsin telefon nömrəsini ona vermiş, o, həmin şəxslə zəngləşərək onun arxasınca getmişdir. Şamxal ona Neftçala yolunun üzərində kolxoz olmasını, həmin tərəfə gəlməsini bildirmiş, Şamxalın izah etdiyi yerə gedib onunla görüşüb pulu Şamxala vermiş, Şamxal yaşadığı evə gedib əşyalarını yığışdırıb onunla gəlmişdir. Yoldaş Şirvan şəhəri ərazisində Şamxal bir mağazanın qarşısında onu saxlatdırıb bildirmişdir ki, həmin mağazaya borcu var, versin, sonra yollarına davam etsinlər. O, avtomobili saxlamış, Şamxal mağazaya gedib gəldikdən sonra Şamxalı ailəsi ilə birgə İddiaçı fermasına gətirmiş, əşyalarını boşaltdıqdan sonra öz evinə getmişdir. Bir müddət sonra İddiaçılə rastlaşarkən Nazim ona çobanın onu aldatdığını, bir neçə gün sonra çıxıb getdiyini bildirmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Elçin Əzizovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, HK-1-767 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda olan X1 izahatının məzmunundan görünür ki, o, həyatı yoldaşı Cavabdeh və azaşlı uşaqları ilə birlikdə xx.xx.2023-cü ildə çoban işləmək üçün Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus fermaya gəlmişlər. Həmin vaxt ferma sahibi İddiaçı onların bundan əvvəlki işlədikləri fermaya olan 840 manat borcunu ödəmişdir. xx.xx.2023-cü ildə saat 17:00 radələrində həmin fermadan getmək qərarına gəlmişlər. Lakin ferma sahibi İddiaçı onlardan 840 manat borclarının ödənilməsini istəmişdir. Lakin onların pulu olmadığı üçün borcu ödəmək imkanları olmamışdır. Hazırda o, ailəsi ilə birlikdə fermadan çıxmış və İddiaçı olan 840 manat borclarını ödəməmişlər. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə İddiaçı çoban kimi fəaliyyət göstərən Cavabdeh özünə məxsus fermada işə götürmüş və cavabdehin əvvəl işlədiyi fermaya olan 840 manat borcunu ödəmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə heç bir səbəb göstərmədən fermadan ayrılmaq istədiyini bildirmiş və üzərində olan 840 manat məbləğində borcunu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibəti şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normalar kontekstində məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyib ona olan borcunu qaytarmadığı üçn iddia tələbi borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia əsas borc hissəsində tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 840 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat olmaqla, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar