Məhkəmə qərarları › İş №2(056)-148/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-148/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-148/2025 12.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7334 manat məbləğində pulun və ödənilmiş 94 manat dövlət rüsumunun və vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin ikinci yarısında cavabdeh ona zəng edərək ona 3000 manat təcili pul lazım olduğjnu, borc yiyəsi tərəfindən hədələndiyini və kömək etməsini xahiş etmiş, o, adına kredit olduğunu, lakin kömək etməyə çalışacağını demişdir. 2020ci ilin ikinci yarısında o, “ParaBOKT” Xalqlar Dostluğu filialından qızıl-zinət əşyalarını girov qoyaraq 3060 manat pul götürmüş və həmin pulu qohumu Sabirabad rayonu Nizami kənd məktəbində müəllimə işləyən Cavabdeh vermişdir. Həmin vaxt yanında atası X1 və həyat yoldaşı X6 olmuşdur. Onlar həmin hadisənin şahidi oldular. O, cavabdehə demişdir ki, elə etsin onun qızılları batmasın. Cavabdeh onu əmin etmişdir ki, lotoreya oynayır, narahat olmasın, ödəyəcəkdir. Daha sonra cavabdeh ona yenidən zəng edərək 1000 manat təcili pul lazım olduğunu bildirmiş, o, Daşqın adlı şəxsdən 1000 manat borc götürüb cavabdehə vermiş, beləliklə sonuncunun ona 4060 manat borcu yaranmışdır. Daha sonra bibisinin yas mərasimində cavabdehlə qarşılaşdıqları vaxt cavabdeh bildirdi ki, o, ödənişlərini edir, mümkünsə 2000 manat da düzəltsin o, aylığı ödəyəcəkdir. Həmin vaxta qədər cavabdeh bankın ödənişlərini edirdi. O, 2020-ci ilin sentyabr ayında bankdan 2000 götürüb cavabdehə vermiş, cavabdeh lotoreya oynadığı üçün 2000 manat borcu iki dəfəyə qaytarmışdır. Müqavilələr onun adına olsa da, aralarındakı razılıq belə oldu ki, əsas borc və faizlər cavabdehin özü tərəfindən ödəniləcək. Cavabdeh bir müddət kredit cədvəlinə uyğun olaraq aylıq 386 manat ödəniş etsə də, sonradan 2021-ci ilin oktyabr ayından ödəniş etməkdən yayındı. Aralarında mübahisələr yarandığı üçün cavabdeh onu inandırmaq üçün maaş kartını verdi ki, kartdan o, ödəsin. Lakin sonradan görmüşdür ki, maaş kartı cavabdeh tərəfindən bağlatdırılmışdır. Dəfələrlə bununla bağlı xəbərdarlıq etsə də, yalnız 2022-ci ilin yanvar ayında 200 manat şəxsən ona verərək borcdan silməsini xahiş etmişdir. O, qalan məbləği düzəldərək aylıq kredit borcunu ödəmişdir. Beləliklə o, cavabdehin yerinə 3274 manat faiz borcu ödəmişdir. Nəticədə cavabdehin hazırda 4060 manat verdiyi pulla birlikdə 7334 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində qızıl-zinət əşyaları bank tərəfindən satılmış və ona maddi ziyan dəymişdir. O, məsələ ilə bağlı şifahi qaydada dəfələrlə cavabdehə müraciət etsə də, o, borcunu etiraf etməsinə, müəyyən müddət ödəniş etməsinə baxmayaraq, məsələnin həlli ilə bağlı ödəniş etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək və əlavə olaraq bildirdi ki, Vüsalə ilə ilə dayı qızı bibi qızıdır. Vüsalə 2020-ci ildə bildirmişdir ki, borcları var, borc sahibləri onu öldürür, ona borc pul lazımdır, evini satdığa qoymuşdur, evini satan kimi onun pulunu qaytaracaqdır. Həmin vaxtlar həqiqətən də evini satdığa qoymuşdu. O, kredit götürüb 3060 manat Vüsaləyə vermiş, Vüsalə də ona bankın ödənişlərini etməsi üçün öz kartını vermişdir. Həmin vaxtlar onun kartından 160-170 manat arası pul çıxırdı. Bankın da aylığı 205 manat idi. O, 7-8 ay cavabdehin kartından 170 manata yaxın pul çıxarmış, sonra Vüsalə ona demişdir ki, kartını ona geri qaytarsın və o, lombard işlədən Kənan adlı şəxsdən pul götürəcəkdir. Kartının qaytarılması qarşılığında da öz iş yoldaşının kartını göndərəcəyini, pulu oradan çıxaracağını bildirmişdir. O, Vüsalənin sözü ilə Vüsalənin kartını özünə qaytarmış, Vüsalə də iş yoldaşının kartını ona göndərmişdir. Həmin kartdan da o, 4-5 ay 205 manatdan pul çıxarmışdır. 4-5 aydan sonra həmin kart bağlanmışdır. O, bu barədə maraqlandıqda kartın sahibinin kartı bağlatdırdığını öyrənmişdir. Bundan sonra o, Vüsalədən pulunu istəməyə başlamış, Vüsalə hər dəfə onu fırlatmışdır. Gah demişdir ki, evini satır, gah demişdir ki, lotoreya oynayır, lakin heç nə ödəmirdi. O, Vüsalənin yerinə banka pul ödəyirdi. Sonradan ödənişləri çatdıra bilmədi. Nəticədə onun qızılları da bankda batdı. Bankdan pul götürməyi Vüsalə ondan istəməmişdi. Sadəcə olaraq ilk dəfə Vüsalə ondan pul istəyəndə qeyd etdiyi kimi ərinə məxsus 2000 manatı vermiş, Vüsalə də həmin pulu vaxtında qaytardığı üçün ona inanmışdır. Növbəti dəfə borcu isə bibisinin yas məclisində istəmiş, həmin zaman ona bildirmişdir ki, “Ruxa borc sahibləri məni öldürür, mənə təcili borc lazımdı”. O da həmin vaxt 3060 manat ParaBoktdan, 1000 manat da bir qadından götürüb Vüsaləyə vermişdir. 1000 manat götürdüyü pulu faizə götürüb vermişdi. Vüsalə həmin pulu vaxtında ödəmədiyi üçün borc şişməyə başlayırdı. O da borc şişməsin deyə yenə də ParaBokt-dan 1000 manat götürüb həmin qadına vermişdir ki, qadına olan borc bağlansın və borc bir yerə olsun. Banka olan pulun da aylıqlarını Vüsalə tam ödəmədi, həmin 4060 manat faizlə birgə qalxıb 7334 manat oldu. Banka ödəniş çekləri 4 il keçdiyi üçün onda qalmamışdır. O, bankdan götürdüyü kreditlə bağlı sənədi vəkilinə vermiş, vəkili həmin sənədi iş materiallarına əlavə etmişdir. Girov qoyduğu qızıllar da həmin müqavilədə göstərilmişdir. Beləliklə o, Vüsaləyə 3060 manat bir, 1000 manat bir, 2000 manat bir, 2000 manat da bir vermişdir. İlk dəfə 2000 manatı borc istəyəndə pulu olmadığını, evdə ərinin 2000 manat pulu olduğunu, həmin pulu qısa müddətdə qaytarması şərti ilə verə biləcəyini demiş, Vüsalə razılaşmış, həmin pulu da Vüsalə aldıqdan sonra geri qaytarmışdır. Həmin pul onun ərinə məxsus olmuşdur. Bir dəfə də 2000 manat borc vermiş, həmin pulu da Daşqın adlı şəxsdən götürüb vermiş, həmin pulu da cavabdeh qaytarmışdır. Hazırda onun tələbi bankdan götürüb Vüsaləyə verdiyi 4060 manat əsas borc və bankın əsas borcu ödənilmədiyi üçün hesablanmış faiz borcudur. Qeyd etdiklərinə əsasən o, məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçıdan ümumilikdə 6060 manat olmaqla, 3060 manat bir, 1000 manat bir, 2000 manat da bir borc pul almışdır. Bir dəfə də ərinə məxsus 2000 manat pulu ona borc vermişdir. İddiaçı özü də 2000 manat pulların onun tərəfindən ödənildiyini bildirmişdir. O, almış olduğu borc pulun qarşılığında özünün və iş yoldaşı Könül xanımın əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı həmin kartdan hər ay pul çıxarmaqla borclu olduğu pulu götürmüşdür. O, iddiaçıdan bankdan kredit götürüb ona borc verməsini xahiş etməmişdir. O, məhkəməyə özünün və iş yoldaşının əmək haqqı kartından çıxarış təqdim etmişdir. Həmin kartlar üzrə çıxarışdan da görünür ki, onların əmək haqqı Bakı şəhərində, Şirvan şəhərində və digər müxtəlif ünvanlarda çıxarılmışdır. O, müəllim işləyir və əmək haqqını heç vaxt başqa yerlərdən çıxarmamışdır. İddiaçı ona pulu faizlə vermişdi. Təqdim etdiyi əmək haqqı kartlarından çıxarış üzrə çıxarılmış məbləğlər toplandıqda da onun etdiyi ödənişlərin miqdarından da aydın olar ki, o, iddiaçıdan faizlə pul götürdüyü üçün iddiaçıya artıq məbləğdə ödəniş etmişdir. Sonuncu qalan borcunu 2021-ci ilin yay aylarında bağlamışdır. Belə ki, o, lombarddan pul götürüb oğluna vermiş, oğlu Əli Sabirabad rayon dairəsində iddiaçı və onun ərinə həmin pulu vermiş, bununla da borc məbləği tam ödənilmişdir. Əmək haqqı kartı isə sentyabr ayında qaytarılmışdır. Səs yazısına gəldikdə isə bildirir ki, həmin səs yazısı təxminən 2021-ci ilin yay aylarına aiddir. Yay aylarında onlar müəllim olaraq məzuniyyətdə olduqları üçün əmək haqqı almırlar. Buna görə də o, səs yazılarında iddiaçıya bir qədər onu gözləməsini bildirmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Ona görə də o, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 bildirdi ki, iş materialları nəzərdən keçiriləndə görünür ki, iddiaçı hazırki iddia da daxil olmaqla 3 dəfə-2022, 2023 və 2024-cü illərdə məhkəməyə müraciət etmiş, əvəlki iki iddia baxılmamış qalmışdır. Birinci və ikinci iddia ərizəsində iddiaçı göstərmişdir ki, o, 2020-ci ilin ikinci yarısında “ParaBOKT” Xalqlar filialından qızıl-zinət əşyalarını girov qoyaraq 4060 manat pul götürmüş və həmin pulu cavabdehə vermiş, cavabdeh 4-5 ay 386 manat aylıq ödənişləri etsə də, 2021-ci ilin oktyabr ayından ödəniş etməkdən yayınmış, onu inandırmaq üçün maaş kartını vermiş, lakin görmüşdür ki, maaş kartını bağlatdırmışdır. Dəfələrlə şifahi xəbərdarlıq etsə də, yalnız 2022-ci ilin yanvar ayında 200 manat ona verərək borcdan silinməsini xahiş etmişdir. Hazırki iddia ərizəsində isə cavabdehin ona 3000 manat pul lazım olduğunu bildirdiyini, 2020-ci ilin ikinci yarısında öz adına “ParaBOKT” Xalqlar filialından qızıl-zinət əşyalarını girov qoyaraq 3060 manat pul götürdüyünü göstərmişdir. Lakin göründüyü kimi, iddiaçı məhkəmə gedişi zamanı ondan 2020-ci ilə aid “ParaBOKT” Xalqlar filialı ilə bağlamış olduğu müqaviləni təqdim etməsi tələb olunsa da, o, istinad etdiyi müqaviləni sübut növü olaraq məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. İddia ərizəsinə əlavə etdiyi müqavilə isə xx.xx.2022-ci il tarixinə aiddir və həmin müqavilə “ParaBOKT” ilə deyil, "xxxx" QSC ilə bağlanmışdır və həmin müqavilə üzrə kreditin məbləği 20510 manat olmuşdur. Bundan başqa, iddiaçı keçən məhkəmə iclasında girov qoyduğu qızılların pul məbləği ödənilmədiyi üçün batdığını bildirmiş, lakin hazırda məhkəməyə təqdim etmiş olduğu hansısa fərdi lombard sənədindən görünür ki, iddiaçı 31.10.202-ci il tarixdə 4000 manat borc götürmüş və xx.xx.2021-ci il tarixdə 4000 manat borcu qaytarmışdır. Bu müddət ərzində 2603,3 faiz ödəmələri də etmişdir. Borcu tam bağladıqdan sonra girov qoyduğu qızılzinət əşyalarını təhvil almışdır. Buradan da görünür ki, iddiaçı doğru olmayan məlumatlar verir. 2020-ci ildə iddiaçı Vüsalənin təqsirindən qızıllarını girov qoymuşdusa və qızıllar batmışdısa, 2022-ci ildə qızıllar necə yenidən girov qoyulur? O, məhkəməyə Vüsalə və Könül adlı Vüsalənin tanışı olan xanımın əmək haqqı kartlarından edilmiş çıxarışlar barədə sənəd və cədvəl təqdim etmişdir. Çıxarışlardan da görünür ki, hər iki əmək haqqı kartlarından çıxarışlar eyni gündə həyata keçirilmişdir. Çıxarışlardan görünür ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Vüsalənin kartından 4076 manat, Könülün kartından xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 8631 manat, ümumilikdə 13337 manat pul çıxarılmışdır. Buradan da göründüyü kimi, iddiaçı cavabdehə faizlə borc pul vermiş, buna görə də cavabdeh ona artıqlaması ilə ödənişlər etməli olmuşdur. İkinci iddia ərizəsi üzrə işə məhkəmədə baxılarkən onun tərəfindən qeyd etdiyi Vüsalə və Könül adlı şəxslərin əmək haqqı kartlarından edilmiş çıxarışlar üzrə bankomatların videogörüntülərin əldə edilməsi ilə bağlı vəsatət verilmiş, vəsatəti təmin edilsə də, Bank aradan keçən uzun müddət ilə əlaqədar video görüntülərin qalmadığı barədə cavabla məhkəməyə müraciət etmişdir. Hazırki iddia üzrə işə baxılarkən isə o, çıxarışların edildiyi dövrə aid video görüntülərin əldə edilməsi mümkün olmadığı üçün həmin dövrdə iddiaçı, Vüsalə və Könül adlı şəxslərin anten məlumatlarının əldə edilməsi barədə vəsatət vermiş, lakin təəssüf ki, məhkəmə bu vəsatət əsasında əldə ediləcək məlumatın ehtimala əsaslanacağını, dəqiq sübut növü olmayacağını əsas gətirib vəsatətini təmin etməmişdir. Əslində vəsatəti təmin edilmiş olsa idi, tərəflərin göstərilən vaxtda harada olmaları, bununla da çıxarışların kim tərəfindən edilməsi sübut olunardı. İddiaçının təqdim etdiyi səs yazısına gəldikdə isə, qeyd edilməlidir ki, səs yazısı həqiqətən də cavabdehə məxsusdur. Lakin səs yazılarında nə qədər borc götürülməsindən və nə qədər borc qalmasından söhbət getmir. Cavabdeh özü də bildirir ki, həmin səs yazısı onlar arasında borcun olduğu dövrü əhatə edir. Beləliklə, görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu tam şəkildə iddiaçıya ödəmiş və hazırda borcu qalmamışdır. Odur ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İş materiallarına əlavə olunmuş "xxxx" QSC ilə İddiaçı Həsənəli qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" QSC İddiaçı Həsənəli qızına 36 ay müddətinə liik 38% dərəcəsi ilə 20510 manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq "xxxx" MMC-nin Xalqlar filialına cəmi likvid dəyəri 7097 ABŞ dolları olan 364,15 qram çəkidə qızıl-zinət əşyaları girov qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş fiziki şəxs X5 tərəfindən möhürlə təsdiq edilmiş və Ə.Elçin tərəfindən imzalanmış Vəkil1 xx.xx.2025-ci il tarixli sorğusuna cavabdan görünür ki, İddiaçı Həsənli qızı 31.10.200ci il tarixdə 4000 manat məbləğində borc götürmüş və xx.xx.2021-ci il tarixdə 4000 manat borcu geri qaytarmışdır. Bu müddət ərzində (xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 14 ay ərzində) 2603,3 faiz ödəmələri də etmişdir. Borcu tam bağladıqdan sonra girov qoyduğu qızıl-zinət əşyalarını təhvil almışdır. Məhkəməyə həmçinin İddiaçı Həsənalı qızının Cavabdeh qızına qarşı “reqress qaydasında pulun tutulması” və “dəymiş ziyan” tələbi barədə iddia ərizələrinin surətləri, Cavabdeh və X4 “Kapital Bank” ödəniş kartları üzrə çıxarışları, Vəkil2 tərtib etdiyi cədvəl və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış səs yazılarını özündə əks etdirən CD disk əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə tələbin 7334 manat borcun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, işə məhkəmə iclasında baxılarkən məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən də tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə 3060 manat bir, 1000 manat bir, 2000 manat bir, 2000 manat bir olmaqla borc pul vermiş, özünün etiraf etdiyi kimi cavabdehə borc verilmiş 2000 manatlıq borclar cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı hazırda ona ödənilməmiş qalan 4060 manat borcun, həmin borc da bankdan götürüldüyü üçün həmin məbləğə hesablanmış 3274 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı cavabdehə borc pul verərkən ona pulu bankdan götürəcəyini, buna görə də banka ödənilməli faizlərin cavabdeh tərəfindən ödənilməli olacağını razılaşdırmadığını, sadəcə olaraq cavabdeh ondan təcili borc istədiyi üçün qızıllarını girov qoyub iddiaçıya pul borc verdiyini bildirmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında cavabdehin kartının 7-8 ay onda olduğunu, dəqiq xatırlamadığı üçün həmin müddətdə 160-170 manat arası məbləği kartdan çıxardığını, həmçinin cavabdehin tanışının da kartının 4-5 ay ondan olduğunu, həmin dövrdə də həmin kartdan hər ay 205 manat çıxardığını, həmçinin cavabdehin sonuncu dəfə ona ayrıca olaraq da 200 manat ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilmiş məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankdan kredit götürüb cavabdehə 4060 manat verməsi, cavabdehin də istinad edilən kredit müqaviləsi üzrə ödənişləri (faiz də daxil olmaqla) üzərinə götürməsi barədə məhkəməyə sübut təqdim etmədiyindən, sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan 4060 manat borc pul almasını etiraf etdiyindən, borc məbləğini tam bağlamasını bildirsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmçinin iddiaçı cavabdehin kartının 7-8 ay onda olduğunu, dəqiq xatırlamadığı üçün həmin müddətdə 160-170 manat arası məbləği kartdan çıxardığını, cavabdehin tanışının da kartının 4-5 ay ondan olduğunu, həmin dövrdə də həmin kartdan hər ay 205 manat çıxardığını, digər tərəfdən də cavabdehin sonuncu dəfə ona əlbəəl 200 manat borcundan verdiyini etiraf etdiyindən, cavabdehin iddiaçıya mövcud olan 4060 manat borcundan cavabdehin və onun tanışının kartından iddiaçının borc qarşılığı çıxarmış olduğu vəsait və əlbəəl ödənilmiş vəsait çıxılmalı, yəni iddiaçının kartlardan etdiyi çıxarış məbləğləri (cavabdehə münasibətdə) və müddətləri (müddətləri nisbi olaraq göstərmişdir) iddiaçının bildirdiyi ən uzun müddətə və məbləğə uyğun nəzərə alınmaqla (170manatx8ay=1360 manat, 205manatx5ay=1025 manat, 1360 manat+1025 manat=2385 manat) 2385 manat və cavabdehin iddiaçıya əlbəəl ödədiyi 200 manat (2385 manat+200 manat=2585 manat) 4060 manat puldan çıxılmalı (4060 manat- 2585 manat=1475 manat), cavabdehdən iddiaçıya yaranmış borca görə 1475 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, cavabdehin kredit müqaviləsi üzrə üzərinə faiz ödəmək öhdəliyi götürməsi, ümumiyyətlə ididaçının kredit götürüb cavabdehə borc pulu vermiş olması sübuta yetmədiyindən 3274 manat pulun cavabdehdən tutulması təmin edilməməlidir. Tələbin ikinci hissəsi olan ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda əsas iddia tələbi qismən təmin olunduğu üçün tələbin təmin hissəsinə uyğun olaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Tələbin sonuncu hissəsi olan vəkil xidmət haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iş materiallarına vəkil xidmət haqqı barədə hər hansı sübut əlavə edilmədiyindən və işə məhkəmədə baxılarkən belə bir sübut növü məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1475 (bir min dörd yüz yetmiş beş) manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 40 (qırx) manat olmaqla, ümumilikdə 1515 (bir min beş yüz on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar