Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-15/2025 12.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddasına dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 borc pul məbləği olaraq 57000 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən özünə məxsus “Gold” qızıl mağazasında qızıl alqı-satqısı ilə məşğul olur. O, qonşuluqda yaşayan Cavabdeh və onun anası Niftəliyeva Familəyə əvvəllər fərqli-fərqli vaxtlarda onun mağazasından qızıl-zinət əşyaları alıb başqa şəxslərə satırdılar. Uzun zamandır qonşuluq münasibətləri olduğundan və bir müddət ondan aldıqları qızıl əşyalarının pullarını vaxtında qaytardıqları üçün güvənini qazanmış və onlara etibar etməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixdə Niftəliyeva Familə ondan oğlu Niftəliyev Faiqə satması üçün 58,3 qram nisyə qızıl əşyaları verməsini xahiş etmiş, onun xahişini nəzərə alaraq həmin çəkidə qızıl əşyalarını nisyə olaraq Faiqə vermişdir. Qeyd etdiyi kimi, Faiq ondan aldığı qızıl əşyalarını ayrıayrı şəxslərə satıb onun pulunu geri ödəməli idi. Həmin gün Faiqə yenə də satması üçün nisyə olaraq 55,4 qram qızıl əşyası vermişdir. Faiq onun mağazasına gələrək, onun razılığı ilə satıcısı Məleykə Ramazanovadan xx.xx.2021-ci il tarixdə 57 qram, xx.xx.2021-ci il tarixdə 61 qram, xx.xx.2021-ci il tarixdə 54 qram, xx.xx.2021 -ci il tarixdə 47,33 qram, xx.xx.2021-ci il tarixdə isə 56,32 qram qızıl əşyaları almışdır. Faiq ondan götürdüyü qızıl-zinət əşyalarının pulunu hər ay 300 manat ödəmək şərti ilə qaytaracağına söz vermişdir. O, Faiqə satdığı qızıl-zinət əşyalarını satıcısı Ramazanova Məleykənin şahidliyi ilə kitabçada qeyd etməklə vermişdir. Ona satmaq məqsədilə verdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 57000 manat olmuşdur. Cavabdeh nisyə götürdüyü qızıl əşyalarının pulunu ona qaytarmadığı üçün X5 müraciət etmək məcburiyyətində qalmşdır. X4 araşdırma zamanı məlum oldu ki, Faiq ondan nisyə aldığı qızıl əşyalarını ayrı-ayrı qızıl alveri ilə məşğul olan şəxslərə 1 qramını təxminən 55-57 manata sataraq nağd olaraq pulunu almış, amma ona bu günə qədər heç bir məbləğdə pul geri qaytarmamışdır. Sabirabad Rayon Polis Şöbəsi onunla Faiq arasında qızıl-zinət əşyalarının alqı-satqısının borc məsələsi olmasını əsas gətirərək, ona mülki qaydada məhkəmədə iddia qaldırmalı olduğunu bildirmiş və cinayət işinin açılmasının rədd etməsi barədə qərar qəbul etmişdir. Cavabdehlə, 57000 manat məbləğdə olan borcun geri qaytarılması ilə əlaqədar məhkəməyə qədər qaydada etdiyi cəhdlər nəticəsiz qaldığından, pozulmuş hüquqlarının müdafiəsi və ona vurulmuş xeyli miqdarda maddi ziyanın geri qaytarılması üçün Sabirabad Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Faiq iddia ərizəsində qeyd etdiyi kimi ondan müxtəlif vaxtlarda nisyə qızıl almış, ödənişləri gah anası, gah da qardaşı həyata keçirmişdir. Sonuncu dəfə iddia ərizəsində göstərdiyi 4 qızılı götürmüş, bir az ödəmiş, bundan sonra anası onu Sabirabad rayonundan da qaçırtmışdır. Anası ödənişləri gətirdikcə onun satıcısı həm öz dəftərində qeydiyyat aparmış, həm də Faiqgildə olan dəftərdə ödənişləri qəbul etməsi barədə imza etmişdir. Sadəcə həmin dəftəri ortaya çıxarmırlar. Həmin dəftər ortaya çıxsa hər şey bəlli olar. Faiq deyirsə ona borcu yoxdur, gəlsin məhkəmədə onun üzünə desin ki, ona borcu yoxdur və o da sakitcə buradan çıxıb getsin. Məhkəməyə təqdim etdiyi dəftərdə olan əlyazma polis orqanında araşdırma aparılarkən götürülmüş, orada izahatlar da alınmışdır. O, elə bilmişdir ki, həmin qeydlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh ondan götürdüyü qızıllara görə əvvəlindən 500 manat ödəyirdi, bundan sonra ayda 400 manat, 300 manat ödənişlər edirdi. Ödənişləri dayandırmırdı. Borc 20000 manatdan yuxarı olandan sonra anası gəlib yalvardı ki, Faiq Quruzma kəndində Arzu adlı qadına telefon satmış, o da ona qızıllarını vermiş, həmin qızılları da Faiq satmışdır. Buna görə şikayət olunmuş və iş Vüqar müəllimdədir, Faiqi tuturlar. Bu zaman da o, anası vasitəsi ilə Faiqə qızıl vermişdir. Həmin qızılı da aparıb Arzuya verdilər, ya satdılar, nə etdilər bilmir. Bundan sonra Faiq ondan yenə qızıl götürdü, dedi hərbiçi adama verib, o da aparıb qızılları Respublika banka qoyub. Bundan sonra Faiqin anasının xahişi ilə onunla birgə həmin şəxsin evinə getmiş, orada hərbiçi Faiqin anasına bildirmişdir ki, “sənin oğluna tapşırmışdım axı bir də mənim oğluma qızıl verməsin”. Orada Faiqin anasını evlərinə buraxmadılar. Hətta Faiqlə anası onların evinə basqın etdiyinə görə adam özünü öldürmək istəmişdir. Onda səs yazısı vardır ki, Faiq həmin şəxsə demişdir ki, “bəs mən Könül xanımın pullarını necə ödəyəcəm?” Faiqin anası Familə ona yalvarmışdır ki, oğlunu polisə, məhkəməyə verməsin, özü ödəyəcəkdir. O, Familənin xahişinə əsasən bir neçə ay gözləmiş, anası Faiqin Bakıya çıxıb getdiyini bildirmiş, ödəniş etməmiş, buna görə də o, polisə şikayət etmişdir. Polis orqanında araşdırma aparılarkən Şamxal müəllim bir neçə dəfə Faiqi dəvət etmiş, lakin o, gəlməmiş, bundan sonra səhv etmirsə Şamxal müəllimlə Faiq arasında telefon danışığı olmuşdur ki, həmin danışığın mətni də qərarda yazılmışdır. Hazırda Faiqdən tələb etdiyi pul hər maldan hissə-hissə qalan borclardır. İddia ərizəsində göstərdiyi 4 ədəd malı satıcısı Məleykə Faiqə vermişdir. Həmin vaxt o, xəstə olmuş, evdə olmuşdur. Satıcısı onun razılığı ilə qızılları Faiqə vermişdir. İş məhkəməyə təzə verildiyi ərəfələrdə Faiqlə anası Məleykənin övladına zəng edib bildirmişdilər ki, “sənin anan məhkəməyə getməsin”. Məleykənin oğlu da səbəbini soruşduqda bildirmişlər ki, getməsə onun hörmətini edəcəklər. Bundan sonra onlar həmin nömrə ilə əlaqə saxlamışlar, lakin telefonu açan olmamışdır. Cavabdehin ona hazırda ümumilikdə 57000 manat borcu qalmışdır. Hazırda o, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə1 göstərdi ki, tələbləri iddia ərizəsində tam əsaslandırılmışdır. Ona əsaslanaraq hazırda o, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbinin əsası kimin yeganə istinad etdiyi hal onun şikayəti əsasında Sabirabad RPŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar olmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğu üçün həmin qərardan məhkəmə nəzarəti qaydasında etmiş olduqları şikayət Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə əsaslı hesab edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Həmin qərarın preyudisiallığı nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəf tələbinin əsasını sübut edə bilmir. Onlar isə etirazlarının əsası kimi onu bildirirlər ki, belə bir hal olmamışdır, bunların hamısı şərböhtandır. Məhkəmə tərəfindən hadisənin Faiqə aid olub -olmaması hissəsinə qiymət verilmişdir. Ona görə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin də tələbləri nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə iclasında iki nəfər şahid dindirildi. Onların hər ikisi yalan ifadə verdiklərinə görə barəsində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarılmalıdır. Belə ki, birincisi Məleykə Ramazanova izahatında bildirdi ki, o, iddiaçının mağazasında rəsmi qaydada işləyir, əmək haqqı alır və qızılları o, vermişdir. Ona onun tərəfindən sual verildikdə bildirdi ki, o, həmin mağazada rəsmi qaydada işləmir və əmək müqaviləsi yoxdur. Göründüyü kimi, bu yalançı şahiddir. Ona görə də o, bunun nəzərə alınmasını, barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Prokurorluğa göndərilməsini xahiş edir. Fuad İbadova gəldikdə isə onun göstərdiyi qram iddia ərizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlmir. Bu da onu deməyə əsas verir ki, İbadov Fuad da yalan danışır. Bu da Cinayət Məcəlləsinin 296 və 297-ci maddəsinin tələblərini pozmuş olur. Ümumilikdə onlar iddianı qəbul etmirlər və şahidlərin barəsində xüsusi qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Könül xanımın işçisidir. Faiq, anası aybaay pul gətirirdi. Pulu gətirməsinin səbəbi Faiqin Könül xanıma borcunun olması idi. Sonradan o, işdə olanda Faiq mal almağa gəlmiş, Könül xanım işdə olmamışdır. Faiqin istədiyi qızılın şəklini çəkib Könül xanıma göndərmiş, Könül xanım tanıdığı üçün problem olmadığını, verməsini bildirmişdir. 3-4 dəfə o, qızılların şəklini çəkib Könül xanıma göndərmişdir. Dəftərdə də qeydlər var. Faiqin Könülə hardasa 57.000 manat borcu var. Borcu çox idi, ödəmişdi, o qədər qalmışdı. Faiq onlardan qızılı alıb loma atırdı. O formada alver edirdi. Təkcə onun tanıdığı iki nəfərə, yəni Rüfət və Fuad adlı şəxsə qızılları alandan sonra söküb lom şəklində verməsinin şahidi olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, həm Cavabdeh və İddiaçı tanıyır. Belə ki, o da qızıl alış-satışı ilə məşğul olur. O, Könül xanımın mağazasından bir qədər aralı mağazada işləyir. Faiq ona müxtəlif vaxtlarda iki dəfə, yəni təxmini çəkisi 56 və 51 qram olmaqla qızıl satmışdır. Faiq həmin qızılları Könül xanımın mağazasından almış, elə orada da söküb ona vermişdir. O, həmin qızıllara görə 2800 və 2550 manat Faiqə vermiş və getmişdir. Faiq ona zəng edib çağırırdı və günün kursuna uyğun olaraq o, lom şəklində qızılın pulunu Faiqə ödəyirdi. Həmin vaxt günün lom şəklində qızılın kursu 1 qramı 50 manatdan hesablanırdı. Qızılın bazarda satış qiyməti isə qramı 90 manat olmuşdur. Faiq Könüldən qızılları nisyə alıb ona satıb nağd pul edirdi. Əldə etdiyi pulla nə iş görürdü bilmirdi. Faiq ondan qızıl almamışdır. Eşitdiyinə görə Faiqin Könülə 57000 manat borcu var. İş materiallarına əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Sabirabad rayonu, H.Həmidov küçəsi dalan 3 ev 20-də yaşayan İddiaçı Abbasəli qızının müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2663 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilməsi, tərəflər arasında olan mübahisənin mülki xarakterli olması səbəbindən İddiaçı aidiyyatı üzrə mülki qayadada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, qəbul olunmuş qərarın surəti İddiaçı Abbasəli qızına göndərilməklə, ona qərarla razılaşmadığı halda AR CPM-in 220.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilməsi, qərarın surətinin məlumat üçün rayon prokuroruna göndərilməsi və toplanmış materialın saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə cavabdeh tərəfdən təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 6(106)- 12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından Cavabdeh və onun müdafiəçisi Nümayəndə2 tərəfindən məhkəmə nəzarəti qaydasında ayrı-ayrılıqda verilmiş şikayətlərin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(056)-2/2025 saylı qərarının həmin şikayətlərə münasibətdə ləğv edilməsi, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı müraciətinə əsasən hazırki qərarın təsviri-əsaslandırıc hissəsində qeyd olunan halların yenidən tam və hərtərəfli araşdırılması üçün qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəməyə həmçinin iddiaçının cavabdehə qızıl satışı ilə bağlı müvafiq qeydlər apardığı dəftər təqdim edilmiş, məhkəmə həmin sübutu da tədqiq etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə izahatları və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehə nisyə olaraq satdığı qızıl əşyalarının dəyərinin ödənilməməsi əsası ilə hazırki tələblə məhkəməyə müraciət etmiş, tələbinin əsası kimi ilkin olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara, daha sonra isə özünə məxsus qeydiyyat dəftərinə və şahid ifadələrinə istinad etmiş, cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddiaçının istinad əsaslarından biri olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məhkəmə qaydasında qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərara, şahid ifadələrinin qeyri-mötəbərliyinə və baxışa təqdim edilmiş dəftərin məhkəmə baxışında təqdim edilməklə qəbul edilməsinə yol verilməməsinə istinad etmişdir. Məhkəmə ilk öncə qanunsuz hesab edilməklə ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara münasibətdə qeyd edir ki, həmin qərardan göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında apellyasiya kollegiyası İddiaçı ərizəsi əsasında Cavabdeh izahatı alınmadığından qeyd olunan hadisənin, eləcə də sonuncuya münasibətdə həmin hadisəyə aidiyyətinin olub-olmamasının təhqiqat orqanı tərəfindən səmərəli araşdırılmamasına istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından da göründüyü kimi, həmin qərarda hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti inkar edilməmiş, əksinə, barəsində şikayət edilmiş şəxsin izahatı alınmadığı üçün təhqiqat orqanı tərəfindən səmərəli araşdırma aparılmamasına istinadən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mülki işə baxılarkən həmin qərar hadisənin olmamasını, şəxsin həmin hadisəyə aidiyyətinin olmamasını müəyyən etmədiyi üçün hazırki mülki işə baxılarkən məcburi hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının tələbinin ilkin istinadı olan Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilib ləğv edildiyi üçün məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə və həmin qərara istinadən iddia tələbinə hüquqi qiymət verilə bilməz. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi şahid ifadələrinə münasibətdə iddiaya hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslər iddiaçı ilə cavabdeh arasında nisyə qızıl alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olmasını təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə şahidlərdən Məleykə Ramazanovanın həmin mağazada rəsmi qaydada işləməməsinə və əmək müqaviləsinin olmamasına, buna görə də bu şəxsin yalançı şahid olmasına, Fuad İbadova gəldikdə isə onun göstərdiyi qramın iddia ərizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlməməsinə, buna görə də İbadov Fuadın da yalan danışması qənaətinə gəlməyə əsas yaranmasına istinad edərək, həmin şahidlərin ifadələrinin qeyri-mötəbər olmasını və sübut kimi nəzərə alınmamalı olmasını bildirmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə isə hesab edir ki, şahid ifadələri mötəbər sübut kimi nəzərə alınmalı, iddia tələbinə bu kontekstdə hüquqi qiymət verilməlidir. Belə ki, cavabdehin nümayəndəsi və vəkilinin ilkin olaraq şahid qismində dindirilmiş Məleykə Ramazanovanın həmin mağazada rəsmi qaydada işləməməsinə və əmək müqaviləsinin olmamasına istinad etməsinə münasibətdə bildirilməlidir ki, şahidin rəsmi olaraq işləməməsi və onun əmək müqaviləsinin mövcud olmaması onun tərəflər arasında mövcud olmuş nisyə alqısatqı üzrə münasibətlərin yalançı şahidi olması kimi qiymətləndirilməsi üçün əsas deyildir. Belə ki, şahid ifadəsində də göstərmişdir ki, 3-4 dəfə qızıllar onun tərəfindən iddiaçının göstərişi əsasında cavabdehə verilmiş və müvafiq qeydiyyat aparılmışdır. İş üzrə digər şahid qismində dindirilmiş Fuad İbadovun göstərdiyi qramın iddia ərizəsində göstərilən qızılların heç birinin qramına uyğun gəlməməsinə istinad etməklə İbadov Fuadın da yalan danışması barədə cavabdehin nümayəndəsi və vəkilinin mövqeyinə münasibətdə isə bildirilməlidir ki, Fuad İbadov izahatında da göstərmişdir ki, o, qızılları lom şəklində almışdır. Lom şəklində alınan qızılların çəkisinin isə iddia ərizəsində göstərilmiş çəkilərə uyğun gəlməməsi isə təbii hesab olunmalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, Fuad İbadov ilə Cavabdeh arasında alqı-satqının həyata keçirilməsinin üzərindən uzun müddət keçmişdir ki, şahidin də öz ifadəsində qeyd etdiyi kimi satın aldığı qızılların çəkisini təxmini çəki olaraq bildirməsi də təbii hesab edilməlidir. İddiaçının məhkəmə baxışı zamanı baxışa təqdim etdiyi qeydiyyat dəftərinin sübut kimi nəzərə alınıb qiymətləndirilib-qiymətləndirilməməli olmasına münasibətdə isə bildirilməlidir ki, Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinin tələblərinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən də göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edəndə tələbinin əsası kimi iş materiallarında olan və hazırki halda qanunsuz hesab edilməklə ləğv edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmiş, həmin qərar qanunsuz hesab edilməklə ləğv edildiyi üçün iddiaçının məhkəmə baxışı mərhələsində təqdim etdiyi göstərilən qeydiyyat dəftərinin sübut kimi təqdim edilməsinə əsas yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutun təqdim edilməsi yolverilən hesab edilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları və işin hallarını ümumiləşdirərək hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibəti yarandığından, həmin müqavilədən irəli gələrək tərəflər arasında öhdəliklər yarandığından, iddiaçının öz öhdəliyini icra etməsi, cavabdehin isə öhdəliyini icra etməmiş olması müəyyən edildiyindən iddia tələbi alqı-satqı üzrə yaranmış 57000 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 261 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və əsas iddia tələbi tam təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 nisyə satılmış mala görə ödənilməli olan 57.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzinə görə 261 manat tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-15/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-15/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver