Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1504/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(056)-1189/2022 saylı qətnaməsinin dəyişdirilərək Cavabdeh himayəsində olan xx.xx.2020-ci il tarixdə doğulmuş X3 xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(056)-1189/2022 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmaqla yanaşı, bu nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X3 xeyrinə Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulan alimentin miqdarı hazırda kifayət etmir. O, işləmir, evdar qadındır. Cavabdeh kompyuter proqramist fəaliyyəti ilə məşğul olur. Həm də mobil telefon satışı mağazasında usta işləyir. Ona görə də o, alimentin artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehin 235 manat aliment ödəmək üçün kifayət qədər qazancı vardır. İmkanları, yaşayış şəraitləri də yaxşıdır. Hazırda o, birgə yaşadıqları dövrü əks etdirən fotoşəkilləri də məhkəməyə təqdim edir. Keçən məhkəmə iclasında iştirak etmiş cavabdehin anası Aynanın bildirdikləri yalandır. Cavabdeh hətta məhkəmə qətnaməsi ilə ondan tutulması qət edilmiş alimenti ödəməmiş, buna görə inzibati məsuliyyətə də cəlb edilmişdir. Hazırda o, 170 manatla uşağının tələbatlarını qarşılaya bilmir. Ona görə də o, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 bildirmişdi ki, alimentin artırılmasına razı deyillər. Belə ki, oğlu həmin məbləğdə aliment ödəmək imkanında deyildir. Özü 220 manat sosial yardım alır. Əri paralic keçirmişdir. İlkin isə heç yerdə işləmir. Müəyyən edilmiş alimenti o, sosial yardımından ödəyir. Gecikmə də etməmişdir. İlkinin çiynində problem olduğu üçün ağır işlərdə işləyə bilmir. Tez-tez çiyni çıxır. Əməliyyat olunmalıdı. Lakin pulları olmadığı üçün əməliyyat oluna bilmir. Odur ki, o, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(056)- 1189/2022 saylı qətnaməsi ilə hazırki tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 X1 yanında saxlanmasının müəyyən olunması, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Məhkəməyə həmçinin birgə nikah dövrünü əhatə edən fotoşəkillər təqdim edilmiş, məhkəmə həmin şəklləri də tədqiq etməklə iş materialına əlavə etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, qətnamənin qəbul edildiyi zamandan bu günə kimi keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübuta istinad edə bilməmiş və məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, o da qeyd edilməlidir ki, iddiaçı özü də məhkəmədə bildirmişdir ki, cavabdeh məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş aliment məbləğini tam ödəmədiyi, borcu yarandığı üçün inzibati məsuliyyətə də cəlb edilmişdir. Bu hal da onu göstərir ki, cavabdehin qətnamə qəbul edildiyi zamandan maddi vəziyyətində dəyişiklik baş verməmişdir ki, onun iddiaçıya aliment borcu yaranmış və o, məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1504/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1504/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver