Məhkəmə qərarları › İş №2(056)-1517/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1517/2025

24.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1517/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs göstərilməklə «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs göstərilməklə «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə ümumilikdə 10000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə əvvəllər tanımadığı Sabirabad rayon sakini olan iş üzrə Cavabdeh1 ona zəng edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evini satıb satmadığını soruşmaqla evini almaq istədiyini bildirmişdir. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iş üzrə cavabdeh olan Bağırov X2 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq cinayəti üzrə təqsirli bilinərək məhkumluq həyatı yaşamış şəxsdir. Onu tanımır, heç vaxt onunla yaxından uzaqdan əlaqəsi olmamışdır. İş üzrə digər Cavabdeh2 ilə Cavabdeh1 qeyri-rəsmi ər-arvad münasibətindədirlər. İş üzrə Maraqlı şəxs isə Cavabdeh1 yaxın qohumudur. Bütün işləri bu üç nəfər bir yerdə görmüşdülər. İddia ərizəsinə əlavə etdiyi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-87/2022 saylı hökmündə ətraflı qeydlər və məlumatlar vardır. O, Cavabdeh1 evini satmaq istədiyini bildirmiş, cavabdeh əvvəl evi özü almaq istədiyini bildirsə də, lakin sonradan tanışı, iş üzrə cavabdeh olan Cavabdeh2 almaq istədiyini bildirmişdir. Həmin gün Cavabdeh1 onun yaşadığı Saatlı rayonu Qıraqlı kəndinə gələrək onu idarə etdiyi “Qazel” markalı maşına mindirib Sabirabad rayonuna gətirmiş, ardınca ona məxsus mənzilə baxmağa getmişlər. O, nə baş verməsindən, cavabdehin məqsədindən və əməllərindən xəbərsiz idi. Cavabdeh evə baxmış və 16000 manata almağa razılıq vermişdir. Bundan sonra cavabdeh onu ər-arvad kimi qeyri-rəsmi münasibətdə olduğu digər Cavabdeh2 yaşadığı evə gətirmiş, ardınca isə hər ikisi ilk əvvəl evi almaq üçün bəri başdan ona 8000 manat pul təklif etdilər, pulun digər qalan hissəsini isə sonra verəcəklərini bildirdilər. O, anasının onlara ciyər xəstəliyindən əziyyət çəkdiyini, onun müalicəsi üçün evini satmağa məcbur olduğunu bildirmişdir. Cavabdehlər ona 10000 manat pulu verməyi, pulun digər qalan hissəsini isə Qurban bayramının səhərisi günü verəcəklərini vəd verdilər. O, bildirmişdir ki, pulun qalan 6000 manatı ilə bağlı notarial qaydada borc müqaviləsi bağlasınlar. Cavabdeh ona bildirmişdir ki, o, məhkumluq həyatı yaşamışdır, şəxsiyyət vəsiqəsi almadığı üçün bu işləri onun qohumu olan iş üzrə Maraqlı şəxs iştirakı ilə edəcəkdir. Cavabdeh ona bildirmişdir ki, Behbud onun əmisi oğlu və əmisinin yeznəsidir, narahatçılığa heç bir əsas yoxdur. Bundan sonra cavabdeh onu yaşadığı evə gətirmiş və onlar sağollaşıb ayrılmışlar. Həmin gün axşam saatlarında Cavabdeh1 özünə məxsus olan ***-***-**-** telefon nömrəsi ilə ona zəng edib səhəri günü 2000 manat beh verəcəyini bildirmiş və evin açarlarını gətirməyi xahiş etmişdir. O, bu üç nəfərin mənfur planlarından xəbərsiz idi və razılaşmışdır. xx.xx.2021-ci il tarixdə o, özünə məxsus “Jiquli” markalı maşını ilə Sabirabad rayonuna gəlmiş, satmaq istədiyi evin qarşısında cavabdehlər ona 2000 manat pulu beh kimi vermişlər. O da evin açarlarını onlara vermişdir. Sonra Samir qohumu Behbudu ona təqdim etmiş və müqaviləni onunla bağlayacağını bildirmişdir. Onlar birlikdə Sabirabad Asan Xidmət Mərkəzinə gəlmişlər. O, cavabdehlərə bildirmişdir ki, “siz mənə 2000 manat beh vermisiniz, 8000 manat verəcəksiniz, yerdə qalan 6000 manatla bağlı borc müqaviləsi bağlanacaq”. Cavabdehlər 8000 manat pulu sayıb ona verdilər və 6000 manat borclu qaldılar. Cavabdehlər ona verdikləri ümumi 10000 manat puldan 6000 manatını ondan həmin anda geri alıb iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs verdilər. Onda cəmi 4000 manat pul qaldı. Ardınca da Maraqlı şəxs onunla Asan Xidmət Mərkəzində 2 ay müddətində qaytarmaq şərti ilə 6000 manat almaqla depozit müqaviləsi bağladı. Onda qalan 4000 manat pulun 200 manat hissəsini sənədlərin rəsmiləşdirilməsi üçün xərclənmişdir. Bu barədə o, cavabdehlərə də bildirmişdir. Evin alqı-satqısı zamanı müəyyən olundu ki, onun evində tanımadığı şəxslərin adları qeydiyyatdadır. Bu səbəbdən əlavə məhkəmə prosesi başladı, cavabdehlərlə evin alqı-satqı müqaviləsinin bağlanması baş tutmadı. Cavabdeh1 onun mobil nömrəsinə zəng edərək ona verdikləri puldan yerdə qalan 4000 manat hissəsini qaytarmağını tələb etdi. O da onlara gəlməsini və həmin 4000 manatı aparmasını demişdir. Bu barədə tərəflər arasında telefon danışıqlarının səs yazısı vardır. Həmin səs yazısında cavabdeh ondan 4000 manat pulu aldığını etiraf edir. Bundan sonra ona məlum oldu ki, bu 3 nəfər dələduzluq yolu ilə onu aldadaraq həm evini, həm də pulunu əldə edərək mənimsəmişlər, asan yolla varlanmaq niyyətində olmuşlar. Bir müddət sonra cavabdehlər ondan pul almaq və evindən şəxsi qazanc məqsədi ilə istifadə etmək üçün ona qarşı Saatlı Rayon Məhkəməsində pul və dəymiş ziyanla bağlı iddia qaldırdılar. İddia tələbi onunla əsaslandırılmışdı ki, ona məxsus evdə cavabdeh əsaslı təmir-tikinti işləri aparmış və 3120 manat təmir xərcləri çıxmışdır. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-498/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2021-ci il tarixli, 10/2533 saylı rəyinə əsasən 3187 manat məbləğində təmir xərci müəyyən olunmuşdur. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-498/2021 saylı qətnaməsinə əsasən ondan 3200 manat və əlavə 7% icra xərcləri alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin pulun ondan alınması üçün qanunsuz qərarlarla onun xüsusi mülkiyyətinin üzərinə həbs qoyulmuş və iki ildən artıq müddət ərzində o, mənzilinə yaxınlaşa bilməmişdir. Həmin məhkəmə qərardadlarını iddia ərizəsinə əlavə etmişdir. Bu iki il ərzində cavabdehlər onun evini kirayə vermiş, kirayəşinlərdən hər ay 100 manat kirayə haqqı alaraq 2400 manat gəlir əldə etmişlər. Yalnız mənzili üzərindən həbs götürüldükdən sonra 2024cü ilin fevral ayında cavabdehlər onun mənzilinə qanunsuz soxularaq mənzildəki əşyalarını oğurlamış, evinin təmirli döşəmə və qapılarını söküb aparmış, ən azı ona 5000 manata yaxın maddi ziyan vurmuşdular. Faktla bağlı o, iki dəfə DİN-in 102 Xidmətinə və Sabirabad RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmiş və bununla bağlı müvafiq qərarlar qəbul edilmişdir. Həmin qərarlarda evdə kirayəşin yaşayan şəxs hər ay Cavabdeh1 100 manat kirayə pulu verdiyini və 2024-cü ilin fevral ayında onun mənzilini söküb döşəmələrini, qapılarını, eləcə də digər əşyaları Samir və Vüsalənin aparmasını öz ifadələri ilə təsdiq etmişlər. Bundan başqa, Cavabdeh1 2020ci ildə baş tutmayan evin alqı-satqısı zamanı ona verdiyi pulun qalan 4000 manat hissəsini ondan geri aldığı və bunu etiraf etdiyi təqdirdə o, digər Cavabdeh2 əli ilə bu dəfə Saatlı rayonunda yox, eyni predmet üzrə Sabirabad Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-718/2023 saylı qətnaməsi ilə əsassız və qanunsuz iddia tələbi təmin olunmuş və ondan 4000 pulun alınaraq Cavabdeh2aya verilməsi qət edilmişdir. Təqdim etdiyi maddi sübutlardan və hüquq müəyyənedici sənədlərdə müəyyən və təsdiq olunur ki, cavabdehlər bu müddət ərzində dələduzluq yolu ilə məharətlə onun əmlakını ələ keçirməyə çalışmış, əmlakı üzərində onun külli miqdarda pulunu əldə edərək mənimsəmiş və əmlakı vasitəsi ilə özləri üçün əlavə qazanc əldə etmişlər. Ümumilikdə ona vurulmuş ziyanın məbləği 2400 manat kirayəçidən əldə olunan pul vəsaiti, 3424 manat təmir üçün çəkilən xərcin pulu və təmirli evinin cavabdehlər tərəfindən sökülərək vurulmuş 5000 manat ziyanı, həmçinin geri alınan 4000 manat pulun əvəzinə yenidən 4110 manat pulun tələbini hesablamaqla simvolik olaraq cavabdehlər ondan 9934 manat pul vəsaiti almışlar. Bu illər ərzində çəkdiyi digər zəruri xərclər, mənəvi əziyyəti nəzərə alınsa, bu xərclər 20000 manatdan çoxdur. Ona görə də o, cavabdehlərdən verdiyi pulları, həmçinin onun əmlakı üzərindən əldə etdikləri qazancı geri almaq üçün onlara qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, onun mülkiyyətində olan mənzil 2 ildən yuxarı kirayəyə verilmişdir. Belə ki, Saatlı Rayon Məhkəməsinin qərardadı ilə onun evinin üzərinə həbs qoyulmuş, həbsin əsasını evə cavadeh Cavabdeh2 təmir xərcinin onun tərəfindən ödənilməsi ilə bağlı Saatlı Rayon Məhkəməsinin qətnaməsi olmuşdur. Evin üzərinə həbs qoyulduğu dövrdə Vüsalə onu mənzilinə yaxın buraxmamış, təmir xərci ödənilmədiyi dövrdə evin ona məxsus olduğunu bildirmiş və bu dövrdə mənzilini aylıq 100 manata kirayəyə vermişlər. Həmin məhkəmə qətnaməsinə əsasən təmir xərci kimi o, Cavabdeh2 3200 manat təmir xərci ödəmişdir. Evin həbsdə olması bitdikdən sonra evinin içini söküb aparmışlar. Onun evindən dəmir qapı, döşəmə, pəncərələr, tavan, mebel əşyaları və qapılar sökülüb götürülmüşdür. Hazırki tələbi 2400 manat kirayəyə görə əldə edilmiş pul, 5000 manat evin söküntüsünə görə pul, 3200 manat da Vüsaləyə ödədiyi təmir xərcidir. Əslində cavabdehlərin ona vurduğu ziyan 20000 manatdan çoxdur. Evin cavabdehlər tərəfindən sökülməsinin şahidi evdə kirayədə yaşayan xanımın nənəsidir. O, həmin evlə üzbəüz binada yaşayır. Evi bu dəqiqə də söküldüyü vəziyyətdədir. O, söküntü ilə bağlı Polisə də müraciət etmiş, cinayət işinin başlanması rədd edilmişdir. Mənzili ona 2024-cü ilin fevral ayında verilmişdir. Evdə kirayədə yaşayan qadın həm əməliyyat olunduğundan, həm də azyaşlı övladı olduğundan məhkəmə iclasında şahid qismində iştirakı təmin edilməmişdir. Lakin həmin qadının nənəsini şahid qismində gətirmişdir. Hazırda o, tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, Zaur onun qardaşıdır. Evin söküntüsündən əvvəl və sonraya aid fotoşəkillər mövcuddur. Cavabdehlər evin təmir pulunu da onlardan alıblar. Hətta evin alqı-satqısına görə 4000 manat verdikləri pulu da geri aldıqları halda sübut edə bilmədikləri üçün məhkəmə həmin pulu da təkrar onlardan tutmuşdur. Evdə kirayə yaşayan cavan gəlindi. Kirayə pulunu onun nənəsi ödəmişdir. Ev onlara qaytarıldıqdan sonra o, onlardan kirayə pulu almır. Artıq 6-8 aydır ki, o, kirayə pulu almır. Evin söküntüsünü də kirayədə yaşayan gəlinin nənəsi görmüşdür. Evdə kirayədə yaşayan gəlinin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün o, məhkəməyə gətirilməmişdir. Hazırda iddia etdikləri pul Zaurun əmək haqqısından tutulan pullardır. Yalnız həmin puldan əlavə olan 2400 manat kirayə puludur. Hazırda onlar cavabdehlərin onlardan polis, məhkəmə vasitəsi ilə aldıqları pulları istəyirlər. Odur ki, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə istinad edərək işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçının ona böhtan atdığını, onun əleyhinə bir neçə məhkəmə qərarlarının olduğunu bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, iddiaçının ona hələ də pul borclu olduğunu bildirib iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, nəvəsinə ev almaq istəyirdi. Lakin imkanı çatmadığına görə ev ala bilməmiş, Samiri küçədə görüb ondan aldıqları evi kirayəyə verib-vermədiklərini soruşmuş, Samir kirayəyə verdiklərini bildirmiş və onlar razılaşaraq həmin evi 100 manata kirayəyə götürmüşdür. İki ildən yuxarı müddət olar ki, o, evi kirayəyə götürmüşdür. Həmin evdə o, nəvəsi ilə qalırdı. Onlar evin içərisində yaşaya-yaşaya bir gün gəlib döşəməni sökdülər, bir gün qapıları sökdülər. Hətta dəmir qapıyadək sökmüşlər. Hazırda da o, nəvəsi ilə həmin evdə yaşayır və evə görə kirayə haqqı ödəmir. Evin indiki sahibi onlardan kirayə pulu istəmir. Deyir kirayə haqqını onlara bağışlayır. Bir ildən yuxarı olar ki, Samirgil tavan, döşəmə, çöl qapını çıxarıb aparıblar. O, söküntüdən sonra bu barədə Zaura demişdir. O, Zauru əvvəldən tanıyırdı. Belə ki, o, orada kötük ev kimi yaşamışdır. Zaur həmin evi alıb təmir edəndə o, həmin evdə təmizlik işləri görmüşdür. O, Zaura söküntü barədə məlumat verəndə Zaur işlərinin məhkəmədə olduğunu, evi qaytaracağını bildirmişdir. Cavabdehlər yalançı və böhtançı adamlardır. Hətta Vüsalə onun oğlunu bir inşaat materiallarını oğurlaması adı ilə tutdururdu. O, evi Vüsalənin aldığını bilirdi. Evin pulunu Samir gəlib götürərək Vüsaləyə aparıb verirdi. Danışıq olmuşdur ki, kirayə pulunu Samir götürüb Vüsaləyə verəcək. Onlar evi kirayəyə götürəndə evdə yaşayış yox idi. O, həmin ərazidə qızı, oğlu və nəvəsi ilə yaşayırdı. Sonradan nəvəsi evləndiyi üçün onunla kirayəyə çıxmışdır. Son 3 aya kimi o, Samirə kirayə pulu vermişdir. Samir pulu tələb etdiyi üçün son 3 aya kimi ona kirayə pulu vermişdir. Zaur 3 aydı ki, ona ehtiyacı olmadığını, pul vermədən evdə qalmasını bildirmişdir. Evdə yaşayan nəvəsi əməliyyat olunmuşdur. 15-20 günə məhkəməyə gələ bilər. Hazırda həmin evə kamera qoşulmuşdur. Kamera 3-4 ay olar ki, qoşulmuşdur. Kamera qoşulandan sonra Samir oraya gəlməmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsinə münasibətdə həmin iclasda iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, şahidin ifadəsinə diqqət yetirildikdə onun yalan danışdığı məlum olur. Necə olur ki, o binada o qədər adam yaşayır, heç kim oradan söküntü edilib aparılmasını görmür, yalnız bu qadın görür. Həmçinin iddiaçı bildirir ki, 6-8 aydı kirayə pulu almır, lakin necə olur ki, bu qadın ona son 3 aya kimi kirayə pulu verir. Həmin bina tərəfdə kameralar vardır. Həmin kamera görüntüləri çıxarılarsa onun həmin ev tərəfə getmədiyi də aydın görünər. Polisdə araşdırma dövründə də evin qapısının bu şahidin oğlu tərəfindən lomla qırılması göstərilmişdir. Ona görə də bu qadın yalançı şahid olaraq gətirilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sabirabad şəhəri, Pambıq zavodu qəsəbəsi, 5 saylı evin 4 saylı mənzili İddiaçı adına xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-718/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı 4000 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzində 60 manat, hüquqi yardımın əvəzində 50 məbləğində pul vəsaiti olmaqla, cəmi 4110 (dörd min bir yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Fikrət Bağırov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək, Sabirabad şəhəri, Paşmbıq Zavodu qəsəbəsi, ev 5, mənzil 4-də yerləşən evinin qapısını və bütün əşyalarını Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat vermiş, araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Möhlət Bayramov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək, ünvan 1-də yerləşən evinin qapısını və bütün əşyalarını Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat vermiş, araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin 1(056)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)- 498/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı 3120 manat təmir xərcinin, 30 manat dövlət rüsumunun, 50 manat xidmət haqqının, cəmi 3200 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(055)- 1/2024 saylı qərardadından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(055)-27/2022 saylı qərardadı əsasında İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən evinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İş materiallarına həmçinin fotoşəkillər və CD disklər əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Əldə edilərək öyrənilmiş İddiaçı şikayəti əsasında toplanmış HK-1/499 saylı materialdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək, ünvan 1-də yerləşən evinin qapısını və bütün əşyalarını Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat vermiş, xx.xx.2024-cü ildə İddiaçı izahatı alınmış, o, izahatında evin açarlarını Samirə verdiyini, sonra ona açarı qaytarmadıqlarını, ona guya evi təmir etdiklərini, 3200 manat xərcləri çıxmasını bildirdiklərini, həmin ildən bəri evinə gedə bilmədiyini, son günlərdə Samirin evini kirayəyə verdiyini eşitdiyini, xx.xx.2024-cü ildə evinə baş çəkərkən Samir və Vüsalənin evinin 2 qapısını, döşəməsini söküb aparmasını gördüyünü, Samir və Vüsalənin ona təxminən 3000 manat ziyan vurduğunu göstərmiş, xx.xx.2024-cü ildə Cavabdeh1 izahatı alınmış, o, izahatında 2020-ci ildə Zaurun evin açarlarını Vüsaləyə verdiyini, 10000 manat pulu qaytarmadığı üçün nə vaxt pulu qaytaracaqsa o zaman açarı verməsini Vüsaləyə bildirdiyini, o vaxtdan bəri Vüsalənin həmin evə sahib çıxdığını, Vüsalənin Zaurdan evi alandan sonra evdə təmir etdiyini və otaqların qapılarını dəyişdiyini, evə Vüsalənin təxminən 3200 manat təmir üçün pul verdiyini, özünün həmin evin qapılarını, yaxud döşəmələrini və digər əşyalarını oğurlamadığını, Zaurla Vüsalə arasında ev məsələsi ilə əlaqədar ziddiyyətlərin ona aidiyyətinin olmadığını göstərmişdir. xx.xx.2024-cü ildə Cavabdeh2 izahatı alınmış, o, izahatında 2020-ci ildə Zaurdan ev aldığını, evin sənədlərinin qaydasında olmadığını, Zaurun ondan 8000 manat pul alıb evi sənədləşdirib verəcəyini bildirdiyini, həmin vaxt evi açarları ilə birlikdə ona təhvil verdiyini, onun bundan sonra təmir işləri gördürməyə başladığını, 3200 manat təmirə xərci çıxdığını, həmin ərəfədə Zaurun evin içərisində olan özünə aid əşyaları yığıb aparmış olduğunu, həmin vaxt evin qapılarını dəyişmək fikrində olduğunu, lakin Zaurun evi sənədləşdirə bilmədiyini, bundan sonra aralarında məhkəmə mübahisələri olduğunu, evdən nə qapı sökmədiyini, nə döşəmə çıxarmadığını, nə də oğurluq etmədiyini, hazırki vaxta kimi evi Zaura təhvil vermədiyini bildirmişdir. xx.xx.2024-cü ildə izahatı alınmış Şahid izahatında nəvəsi və gəlinin yaşamağa evlərinin olmadığını, kirayə ev axtardığını, 2 il əvvəl həmin qəsəbədə ev tapdığını, nəvəsini, gəlinini həmin evə yerləşdirdiyini, hər ay 100 manat pul verdiyini, əvvəlcədən həmin evin Zaura, Samirə və ya Vüsaləyə məxsus olduğunu bilmədiyini, evin qapılarının, döşəmələrinin yerində olduğunu, kimin təmir etdirdiyini bilmədiyini göstərmişdir. Materiala əlavə edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü ildə DİN-in 102 Xidmətinə zəng vuraraq Sabirabad şəhəri, Pambıq Zavodu ərazisində yerləşən evindən Azad adlı şəxsin qapını sındırıb ona məxsus mənzildə olan inşaat materiallarını oğurladığını bildirmiş, təhqiqat zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, o, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Pambıq Zavodu qəsəbəsində yerləşən 5 saylı yaşayış binasının 4 və saylı mənzillərini 16000 manata 3 il əvvəl almış, lakin mənzilin sənədləşmə işində problemlər çıxıdığı üçün həmin mübahisəli məsələ ilə bağlı cinayət işi başlanmış, xx.xx.2022-ci ildə məhkəmə hökmü çıxarılmış, hazırda hər iki daşınmaz əmlak həbsdədir. 2020-ci ildə sözügedən mənzilləri təmir etmək üçün mənzillərdən birinə 12 paçka hər birində 5 ədəd olmaqla 10x4 ölçülü döşəməlik taxta, 150 manat dəyərində 4 qutu əqrəb, 150 manatlıq 2 qutu metal profil, 30 manatlıq 3 metr ölçüdə pəncərə altlığı olmaqla inşaat materialları alıb yığmışdır. Həmin inşaat materialları ötən ayın 10-dək mənzildə olmuşdur. xx.xx.2023-cü ildə saat 16 radələrində Sabirabad şəhəri, Pambıq Zavodu qəsəbəsi, bina 5-də yerləşən özünə məxsus yaşayış olmayan mənzilə baş çəkməyə gələrkən mənzilin qapısının açıq olduğunu, qapıya dəmir alətlə müdaxilə olunduğunu, otağa daxil olduqda qeyd etdiyi əşyaların yerində olmadığını görmüşdür. Orada bununla bağlı maraqlanarkən məlum olmuşdur ki, ətrafda yaşayan Lətafətin oğlu Azad bildirmişdir ki, evi rayon məhkəməsi Füzuli müəllim ona vermiş, evdəki əşyaları özü götürüb. Əşyaları ondan tələb etdikdə mübahisə olmuşdur. X3 izahatında qeyd etmişdir ki, sözügedən mənzillərə həbs qoyulmuşdur. 3 il olar ki, həmin mənzillərdə yaşayış yoxdur. Bir müddət olar ki, evlərin birində Mehman adlı oğlan yaşayır. Sözügedən mənzilin bir otağını təmizləmişdir ki, orada qalsın. xx.xx.2023-cü ildə Cavabdeh2 ona bu mənzili kimin verməsini demiş, Vüsaləyə evin məhkəməyə aid olduğunu, otağı təmizləməkdə müvəqqəti qalmaq olduğunu demişdir. Vüsalə evin ona məxsus olduğunu bildirib mübahisə yaratmışdır. O, sonuncunun mənzilindən heç bir inşaat malları oğurlamamışdır. Cavabdeh2 qeyd etdiyi inşaat materialları orada olmamışdır. Mənzilin qapısının kim tərəfindən qırılmasını bilmir. Materialda olan Sabirabad RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Fikrət Bağırov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, İddiaçı ilkin məlumatda ünvan 1-də yerləşən evinin qapısını və bütün əşyalarını Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər tərəfindən sökülərək oğurlandığını bildirsə də, təhqiqat zamanı oğurluq faktı təsdiq olunmamışdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Materialda olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(056)-3/2024 saylı qərarından görünür ki, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Fikrət Bağırovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair iş üzrə zərər çəkmiş şəxs İddiaçı şikayəti təmin edilərək, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Fikrət Bağırov tərəfindən HK-1-499 saylı iş üzrə qəbul edilmiş 07 mart 2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın ləğv edilməsi, qərarın ibtidai araşdırmanın davam etdirilməsi üçün Sabirabad rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə araşdırmanın davamından görünür ki, xx.xx.2024-cü ildə Şahid izahatı alınmış, o, izahatında bir neçə ilə əvvəl Zaurun 4 saylı mənzili Əli adlı şəxsdən aldığını, sonradan Zaurun evi Vüsalə adlı qadına satdığını eşitdiyini, lakin aralarında pulla bağlı narazılıq olduğu üçün mənzillə bağlı mübahisə yarandığını, evlə bağlı problem yaranmamışdan təxminən 2 il olar ki, gəlininə kirayə ev lazım olduğundan Vüsalə ilə razılaşaraq sözügedən mənzili aylıq 100 manata kirayə götürdüyünü və gəlini ilə nəvəsinin köçüb orada yaşamağa başladığını, hər ay 100 manatı Vüsalənin tanışı Samirə ödədiklərini, Zaurla Vüsalə arasında mübahisə yarandıqdan sonra, 2024-cü ilin fevral ayında Vüsalənin tanışı Samirin gəlinigil kirayə qaldıqları evə gələrək Vüsalənin yanında orada olan bir ədəd seyf qapını, bir ədəd taxtadan olan qapını, bir ədəd split kondisioneri və bir otağın döşəməsini sökərək apardıqlarını, bunu gördükdən sonra Zaura zəng edib Samirin onun evinin əşyalarını sökərək apardığını dediyini, Zaurun gəlib baş verənləri gördükdən sonra şikayət etdiyini göstərmişdir. xx.xx.2024-cü ildə Cavabdeh1 izahatı alınmış, o, izahatında Şahid yazdıqlarının yalan olduğunu, onun barəsində qərəzli ifadə verdiyini, sözügedən mənzilə heç vaxt getmədiyini, oradan iki ədəd qapını, bir ədəd split kondisioneri və bir otağın döşəməsini aparmadığını, kirayə verilən evin aylıq pulunu heç kimin ona vermədiyini, kirayə pulunu Vüsalənin özünün kimdənsə aldığını göstərmişdir. Araşdırmanın yekununda Sabirabad RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Möhlət Bayramov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, İddiaçı ilkin məlumatda ünvan 1-də yerləşən evinin qapısını və bütün əşyalarını Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər tərəfindən sökülərək oğurlandığını bildirsə də, təhqiqat zamanı oğurluq faktı təsdiq olunmamışdır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(056)- 8/2024 saylı qərarından görünür ki, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Möhlət Bayramovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 13 may 2024-cü il tarixli qərarından İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı işin halları olaraq müəyyən olunmuşdur ki, İddiaçı 2020-ci ildə ünvan 1 və 5 ünvanlarını Cavabdeh2 satmış, baş vermiş narazılıq və digər səbəblərdən rəsmi alqı-satqı həyata keçirilməmiş, yaranmış mübahisə nəticəsində 2021-ci ildə Cavabdeh2 cavabdeh İddiaçı qarşı evin təmirinə çəkilmiş xərclə bağlı Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(055)-498/2021 saylı qətnaməsi ilə tələbi təmin edilərək, cavabdeh İddiaçı 3120 manat təmir xərcinin, 30 manat dövlət rüsumunun, 50 manat xidmət haqqının, cəmi 3200 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(055)-27/2022 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-498/2021 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün ünvan 1 ünvanının üzərinə həbs qoyulmuş, xx.xx.2022-ci ildə hazırki iş üzrə maraqlı şəxs qismində göstərilmiş Maraqlı şəxs CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, daha sonra 2023-cü ildə Cavabdeh2 cavabdeh İddiaçı qarşı evin alqı-satqısı ilə əlaqədar İddiaçı ödənilmiş pulun qaytarılmayan 4000 manat hissəsinin cavabdehdən tutulması ilə bağlı Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(056)-718/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, cavabdeh İddiaçı 4000 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzində 60 manat, hüquqi yardımın əvəzində 50 məbləğində pul vəsaiti olmaqla, cəmi 4110 (dörd min bir yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(055)-1/2024 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(055)-27/2022 saylı qərardadı əsasında İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən evinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Mənzil üzərindən həbs götürüldükdən 1 ay sonra, xx.xx.2024-cü ildə hazırki iddiaçı polis orqanına hazırki cavabdehlər tərəfindən evində sökütü aparılması və əşyalarının oğurlanması ilə bağlı şikayət etmiş, yekun olaraq 2024-cü ilin may ayında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, hazırki iddiaçı həmin qərardan şikayət versə də, şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı evin cavabdehlər tərəfindən 2 ildən artıq müddətində kirayəyə verilməsi ilə bağlı 2400 manat pulun, evin söküntüsünə görə 5000 manat pulun və 3200 manat ödəmiş olduğu təmir xərcinin cavabdehlərdən tutulması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə evin kirayəyə verilməsinə görə əldə edilmiş 2400 manat pulun cavabdehlərdən alınması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları və əldə edilmiş rədd materialı qarşılıqlı tədqiq edildikdə müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən evlə bağlı mübahisə 2021-ci ildən yaranmış, bunun nəticəsində yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmiş, 2024-cü ilin fevral ayında mənzil üzərindən həbs götürüldükdən sonra iddiaçı mənzilinə sahiblik etməyə başlamışdır. Cavabdehlər onlar tərəfindən kirayə pulu əldə edilmədiyini göstərmiş olsalar da, rədd materialında (səh 59) olan Cavabdeh1 izahatı ilə öz təsdiqini tapmışdır ki, Cavabdeh2 həmin mənzilə görə kirayə haqqı əldə etmişdir. Həmçinin rədd materialında olan (səh 15) Cavabdeh2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, həmin vaxta kimi mənzil onun səlahiyyətində olmuşdur. Bu fakt onun mənzilindən oğurluq baş verməsi ilə bağlı polis orqanına 2023-cü ildə etmiş olduğu müraciət əsasında materialın istitnaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarla da öz təsdiqini tapmaqdadır. Belə ki, həmin müraciətində Cavabdeh2 mənzilindən inşaat materiallarının oğurlanması ilə bağlı şikayət etmişdir. Belə olan halda məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 heç bir hüquqi əsas olmadan ünvan 1-də yerləşən evə dair hər ay 100 manatdan olmaqla kirayə haqqı əldə etməsi öz təsdiqini tapdığından həmin şəxs əldə etdiyi kirayə haqqına görə əsassız varlanmış şəxs hesab edilməli və mənzilin daha uzun müddət Cavabdeh2 istifadəsində olması müəyyən edilsə də, tələb məbləği nəzərə alınmaqla tələbə uyğun həddə əsassız varlanma nəticəsində əldə edilmiş 2400 manat kirayə pulu cavabdehlərdən Cavabdeh2 münasibətdə əsaslı hesab edilərək təmin edilməli, kirayə haqqının əldə edilməsinə digər cavabdeh X1 aidiyyatının olması öz təsdiqini tapmadığından, məhkəmə iclasında iştirak etmiş şahid də kirayə haqqının Cavabdeh2 çatdırıldığını göstərdiyindən və bu hissədə Cavabdeh1 münasibətdə hər hansı sübut müəyyən edilmədiyindən və təqdim edilmədiyindən iddia tələbi bu hissədə Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə və ldə edilənləri vermək mümkün olmadıqda da şamil edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin evin söküntüsünə görə 5000 manat pulun və 3200 manat ödəmiş olduğu təmir xərcinin cavabdehlərdən tutulması ilə bağlı hissələrinə münasibətdə qeyd edir ki, tələblərdən göründüyü kimi, bu tələblərin təmin edilib-edilməməsi bir-biri ilə qarşılıqlı əlaqəlidir. Belə ki, əgər cavabdehlər tərəfindən söküntü halına yol verilməsi təsdiqini tapmış olarsa, o, zaman təmirlə bağlı çəkilmiş xərcin də cavabdehlərdən tələb edilməsindən söhbət gedə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iddiaçı xx.xx.2024-cü ildə polis orqanına hazırki cavabdehlərlə bağlı şikayət edərkən cavabdehlər tərəfindən evinin döşəmə, qapılarının sökülərək aparılmasını göstərmiş, xx.xx.2024-cü il tarixində izahatı alınarkən rədd materialında olan izahatında (səh 9) ona 2 qapının və döşəmənin sökülməsi nəticəsində ziyan vurulduğunu və bu ziyanın təxminən 3000 manat təşkil etdiyini göstərmişdir. Hazırki halda isə iddiaçı söküntüyə görə 5000 manat pulun, təmirə görə Cavabdeh2 ödədiyi 3200 manat pulun cavabdehlərdən alınıb verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissələrinə münasibətdə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, əvvəla, qeyd edilməlidir ki, əldə edilərək öyrənilmiş rədd materialından da görünür ki, cavabdehlərin bu hissə üzrə əməli öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı hazırki halda söküntünün cavabdehlər tərəfindən həyata keçirilmiş olmasına məhkəməyə təqdim etdiyi şahidin ifadəsinə əsasən əsaslanır. Lakin şahid ifadəsi və şahidin ifadəsinə cavabdehlərdən Cavabdeh1 münasibəti qarşılıqlı tədqiq edildikdə müəyyən edilir ki, həmin şahid ifadəsi nötəbər sübut hesab oluna bilməz. Belə ki, şahid ifadəsində göstərmişdir ki, iddiaçı ondan bir neçə aydır ki, kirayə pulu almır. Əşyalar sökülüb aparılarkən də o, bu halı görmüşdür. Cavabdeh1 isə bildirmişdir ki, o binada nə qədər sakin vardır, necə olur ki, bu faktı kimsə görmür, bir tək Şahid görür. Bu xüsusda məhkəmə cavabdehin yanaşmasını daha mötəbər hesab edir. Çünki, iddiaçı bu barədə başqa hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hətta ondan evdə kirayədə yaşayan digər şəxsin də məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilsə də, bununla əlaqədar məhkəmə iclası təxirə salınmış olsa da, istər hazırlıq, istərsə də məhkəmə baxışlarında həmin şəxsin iştirakı və onun dindirilməsi təmin edilməmişdir. Digər tərəfdən Şahid ifadəsinin qeyri-mötəbərliyi və qərəzliliyi onunla təsdiq olunur ki, o, məhkəmə iclasında oğlunun Cavabdeh2 tərəfindən şərlənilib tutdurulmaq istənildiyini bildirmiş, öyrənilmiş rədd materialında olan xx.xx.2023-cü il tarixli materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın məzmunundan (səh 47) görünür ki, həqiqətən Cavabdeh2 etmiş olduğu şikayət üzrə izahatı alınarkən Şahid oğlu Azad Abasovun evindən inşaat materiallarını oğurlamasını izahatında göstərmişdir. Beləliklə, məhkəmə tələbin bu hissələrinə münasibətdə işin hallarını və göstərilən xüsusatları uzlaşdıraraq hesab edir ki, həm iddiaçının polis orqanına şikayətində söküntü nəticəsində ona vurulmuş ziyanın 3000 manat təşkil etməsini göstərməsi, hazırki halda söküntü pulunu ayrıca olaraq 5000 manat, təmir xərci kimi ödədiyi 3200 manat pulu da ayrıca olaraq tələb etməsi, bu rəqəmlər arasında mövcud olan əhəmiyyətli dərəcədə ziddiyyət halı, iddiaçının bu hissələrlə bağlı əlavə hər hansı sübutu məhkəməyə təqdim etməməsi, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehlər tərəfindən söküntü işlərinin aparılmasının qüvvədə olan rədd qərarı ilə öz təsdiqini tapmaması, xüsusən də iddiaçı tərəfin son məhkəmə iclasında məhkəmə qərarları ilə ondan tutulan pulların özünə qaytarılmasını tələb etdiyini bildirməsi halı nəzərə alınaraq iddia tələbi bu hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə yekun olaraq iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia cavabdehlərdən Cavabdeh2 münasibətdə qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat hissəsi Cavabdeh2 tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2400 manat kirayə pulu olaraq əldə etdiyi pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi olmaqla, ümumilikdə 2436 (iki min dörd yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar