Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1540/2023 11.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə 2022-ci ilin yanvar ayında 10 min manat borc pul vermişdir. Cavabdeh 4 ay ərzində borcunu qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh borcu götürdükdən 2 ay sonra üzərində olan borcundan 1200 manatını ona qaytarmış və cavabdehin ödənilməmiş 8800 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona olan borcunu ödəmədiyi üçün o, bu barədə Sabirabad rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh Bəybala Aqayev verdiyi izahatında ona 8800 manat məbləğində borcu olmasını etiraf etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun iddiaçıya borcu yoxdur. O, iddiaçıdan hissə-hissə olmaqla cəmi 13000 manat borc pul almış, aralarında danışıq belə olmuşdur ki, hər ay hissə-hissə olmaqla borcunu qaytaracaqdır. Buna görə də o, hər ay iddiaçıya 1000, 1300, 1400 manatdan pul ödəmişdir. Sonradan iddiaçı ondan faiz tələb etdi. Hazırda iddiaçının tələb etdiyi pul hesabladığı faiz məbləğidir. Sonuncu dəfə o, avtomobilini sataraq iddiaçıya 2000 manat ödəmiş, keçən il sentyabr ayının 13-də borcunu bağlamışdır. Göstərdiklərinə əsasən o, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş Sabirabad rayonu Peşə Liseyinin yataqxanasında yaşayan X1 müraciəti əsasında Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru S.Zeynalov tərəfindən aparılmış araşdırma üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 1 il bundan əvvəl İddiaçı hissə-hissə 13500 manat məbləğində pul almış və pulu 1 il ərzində qaytarmışdır. Hazırda ondan qaytardığından əlavə danışıqları olduğu kimi əlavə 8800 manat pul istəyir. Bildirir ki, o, bankdan kredit götürəcək və ona pulu qaytaracaqdır. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aldığı ümumi borc məbləğindən 8800 manat hissəsini ödəməmiş, hal-hazıradək üzərində qalıq qalmış 8800 manat məbləğində pul vəsaitini qaytarmaqdan yayınmaqdadır. Cavabdehin iddiaçıya olan borcunu ödəməkdən yayınmaq niyyəti onun məhkəməyə vermiş olduğu izahat ilə polis orqanında verdiyi izahat arasında ziddiyyət ilə tam təsdiq olunur. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya borcu olmadığını, keçən ilin sentyabr ayının 13-də borcunu tam ödədiyini bildirmiş olsa da, Polis orqanından sorğu nəticəsində əldə edilmiş xx.xx.2023-cü il tarixli izahatında iddiaçı ilə aralarında olan razılığa əsasən iddiaçıya 8800 manat borcu qaldığını, kredit götürüb həmin borcu bağlayacağını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibəti şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normalar kontekstində məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyib ona olan borcunu tam qaytarmadığı üçün iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1540/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1540/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver