Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1556/2025 02.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6693 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2022-2023-cü illər ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 6693 manat məbləğində borc pul vermişdir. Belə ki, bankdan öz adına kredit götürüb Leylaya vermiş, ondan bir qismini ödəsə də 963 manat borcu qalmışdır. Bundan əlavə cavabdehin oğlu tutulanda ondan borc pul istəmiş və o, da ona həmin vaxt 1300 manat borc pul vermişdir. Sonra “Elşən Gülşən” ticarət mərkəzindən müxtəlif mallar götürərək 400 manat pulu onun adına yazdırmışdır. Cavabdehə o, kənd təsərrüfatı malları almaq və istehsal etmək üçün 950 manat, öz həyətində toyuq-cücə saxlayıb inkişaf etdirməsindən ötrü isə 250 manat borc pul vermişdir. Bundan əlavə cavabdehin telefon borcuna görə 380 manat, Elmira xanıma olan borcuna görə isə 300 manat borc pul vermişdir. Sonradan cavabdeh ona demişdir ki, həyətində təndirxana tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Bu məqsədlə ondan borc pul istəmiş və demişdir ki, təndirxanadan gələn gəlirə o da şərik olacaq. Bu məqsədlə o, Sabirabad rayonu, Güdəcühür kəndindən 50 ədəd şifer alaraq özü maşın tutub fəhlələrə yüklətdirərək cavabdehin evinə yollamış və buna görə 350 manat pul ödəmişdir. Bundan əlavə, Sabirabad rayonu, Axtaçı Muğan kəndindən 30 ədəd sementə 135 manat, Sabirabad rayonu, Həşimxanlı kəndindən aldığı şifer və taxtaya 140 manat, təndirxana üçün daşa 250 manat, qrabil üçün 100 manat, setka üçün 35 manat, qum üçün 80 manat pul vermişdir. Bu pullar və öz adına aldığı tikinti materiallarını isə cavabdehə borc olaraq təndirxananın tikintisi məqsədilə vermişdir. Bundan əlavə cavabdehə 450 manat məbləğində 12 kisə un alıb vermişdir. Cavabdehin quşçuluq şirkətinə olan 200 manat borcunu, eləcə də nəvələrinin sənədlərini düzəltdirmək üçün tələb olunan 120 manat pulu o, vermişdir. Bundan əlavə Sevincin qardaşı qızının kartına 90 manat borc pul göndərsə də, həmin pulu da cavabdeh mənimsəmişdir. Cavabdehə toyuq-cücə yeminə isə 170 manat pul xərcləmişdir. Lakin hər dəfə cavabdeh onun inam və etibarından sui-istifadə etmişdir. O, onu aldatmış, nəinki həyətində toyuq-cücə və digər quşlar saxlamış, həmin ev quşlarını da satıb pulunu özü üçün xərcləmişdir. O, bundan xəbər tutduqdan sonra cavabdehdən borc olaraq verdiyi pulları geri istəmişdir. Lakin cavabdeh nəinki borcunu geri qaytarmış, hətta dəfələrlə ondan polis orqanlarına şikayətlər etmişdir. O, hər dəfə onu və orqanları hədələyərək deyir ki, o, şəhid bacısıdır və bundan sui-istifadə edərək onu həbs etdirməyə çalışır. Lakin cavabdehin doğulduğu Cəlilabad rayonu hərbi komissarlığından bu barədə maraqlanan zaman şifahi bildirilmişdir ki, adı çəkilən şəxs haqqında Cəlilabad rayonunda heç bir şəhid statuslu şəxs qeydə alınmamışdır. Cavabdehin şəhid dediyi şəxs hərbi xidmət zamanı hərbi xidmətə dözməyərək özünü odlu silahla vuraraq öldürmüş və buna görə də əməli barəsində cinayət işi başlanılmışdır. Lakin cavabdeh müxtəlif orqanları şəhid ailəsi olaraq təhdid etməkdədir. Bu təhdidlərə görə isə o, hüquqlarını qorumaqdan ötrü Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ondan pul məbləğlərini əvvəllər onunla yaxın münasibəti olması səbəbindən almış və onun ona olan inamından və etibarından sui-istifadə etmişdir. O, borcun geri qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hər dəfəsində müxtəlif bəhanələr, şikayətlər və təhdidlərlə pul məbləğini ona geri ödəməkdən imtina etmişdir. Qeyd edir ki, cavabdehə pul məbləğlərini və müxtəlif adda materialları borca olaraq verməsi haqda şahidləri vardır ki, həmin şahidlər məhkəmə iclası zamanı öz ifadələri ilə onun ifadəsini təsdiq edəcəklər. Cavabdehin borcu qaytarmaması səbəbindən o, halhazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. 2022-ci ilin oktyabr ayında Niyaməddin dedi ki, yük var Minbaşı kəndinə apar bilərsən? O, da cavab olaraq 70 manata hə demişdir. Bu minvalla razılaşmışdır. 60 ədəd köhnə şifer idi. O, deyilən ünvana getmiş, maşına yükü yığmağa adam olmamışdır. Buna görə o, 30 manat da almışdır. Qardaşı da yığmağa kömək etdi. Bir də Qurban adlı şəxs olmuşdur. O, yükü Minbaşı kəndinə aparmış və qarşına bir yaşlı kişi çıxmışdır. Boşaldıb çıxmışlar. Çıxanda onlara pul verilməmişdir. Yolda yanacaq bitmiş, yığıb Niyaməddinə demiş, o da 10 manat pul vermişdir. Qalan pul verilməmişdir. Yükü apardığı evdə başqa adam yox idi. Şiferi Niyaməddin pulla almışdır. Lakin həmin şiferə görə nə qədər pul verdiyini bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, taksi sürücüsüdür. Niyaməddin ona zəng edərək 5 dənə taxta, 3 ədəd dəmir olmasını, onu posta aparmaq lazım olduğunu bildirmişdir. O, razılaşmış və aparacağın yükü içində 25 ədəd də sement olmuşdur. Noxudlu yolunda qadının evinə 10 manat və 7 manat yol pulu verdi. Yükü apardığı evdə qız, qoca kişi, fəhlə, həmin qadın var idi. 30 manat pul verməli idi, lakin vermədi. Niyaməddin onun apardığı yükü Həşimxanlı kəndindən pulla almışdı. O, Niyaməddinin 70-80 manat pul verməsini görmüşdür. Niyaməddin onun həmkəndlisidir. Taxta Həşimxanlı kəndində Bolmartın yanından, sement Axtaçı kəndindən alınmışdı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır. Leyla köhnə post qainin yanında təndirdə işləyir. Qardaşına görə tanımışdır. 2022-ci ilin payız fəslində Niyaməddin dedi şifer tap Leylaya. Səhv etmirsə 50 şifer idi. 70 manat maşın, 30 manat fəhlə pulu idi. Onlar həmin malı yükləyib aparmışlar, lakin pul verilməmişdir. Orada Qurban, Mirsahil və o, olmuşdur. Yolda avtomobilin benzini bitmiş, Niyaməddin gəlib onun maşınından benzin çəkib töküb qayıtmışlar. Bundan başqa, bildiyi qədəri ilə Leyla Niyaməddindən borc pul istəmiş, o da bankda işləyən dostundan xahiş etmiş, bundan sonra Niyaməddinə kredit verilmiş, Niyaməddin də pulu Leylaya vermişdir. Dəqiq bilmir ya 1600 manat, yada 1800 manat idi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Niyaməddinlə uzun müddət alış-veriş etmişdir. O, elektrik malları mağazası işlədir. Leylanı Niyaməddinin yanında görmüşdür. 5 ildən çox olar ki, Niyaməddin dedi işlədiyi xanıma telefon lazımdı. Demişdir ki, problem deyil, məsələ onluqdu. Niyaməddin, Leyla və oğlu gəldi. Oğlu üçün 300 manat civarında Redmi markalı telefon aldı. Pul ödəmədi. Hətta nömrə də qoymuşdur. Onlar pulu ödəmədikləri üçün o, Niyaməddinə bildirmiş, Niyaməddin pulu axıra kimi özü ödəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Niyaməddini ondan alver edən müştəri kimi tanımışdır. Niyaməddinin şikayət etdiyi xanımı da Niyaməddinə görə tanımışdır. Özü paltar, qab-qacaq mağazasında satıcı işlədir. Keçən il olardı ki, həmin qadın Niyaməddinlə gəlib paltar, gül, qab-qacaq və sair almış, pulunu Niyaməddinin adına yazdırmışdır. Satın aldığı mallar ərzaqlarla birlikdə 900 manatdan yuxarı idi. Həmin malların pulunu ona Niyaməddin ödəmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, iddiaçının cavabdehlə tanışlıq münasibəti olmuş, həmin münasibət əsasında yaranmış inamdan irəli gələrək iddiaçı öz adına müxtəlif mallar alaraq, həmçinin nağd pul vəsaiti olaraq da cavabdehə vermiş, hazırda tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh heç bir müqavilə əsası olmadan iddiaçıdan aldığı pul vəsaitini, həmçinin iddiaçının adına götürülmüş malların dəyərini iddiaçıya ödəməmiş, iddiaçının hesabına əsassız varlanmışdır. Bu halların məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti və müxtəlif əmlaklar verilərkən, iddiaçının adına yazdırılıb əmlaklar götürülərkən iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə pulun verilməsinin, əmlaklar verilməsinin, adına yazdırıb mağazadan nisyə mallar götürməsinin gözlənilən məqsədi, cavabdehin əldə etdiyi pul vəsaitinin, həmçinin onun xeyrinə götürülmüş malların dəyərinin iddiaçıya qaytarılması olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıdan nağd alınmış pul vəsaitinin, həmçinin iddiaçının adına alınmış və yazdırılmış malların ümumi dəyəri 6693 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə tam təmin edildiyindən göstərilən hissədə də təmin olunmalı, ödənilmiş 87 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6693 (altı min altı yüz doxsan üç) manat əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi və ödənilmiuş dövlət rüsumu əvəzi 87 (səksən yeddi) manat olmaqla, cəmi 6780 (altı min yeddi yüz səksən) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1556/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1556/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver