Məhkəmə qərarları › İş №2(056)-157/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-157/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-157/2023 10.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli RM-1187 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 435 (dörd yüz otuz beş) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 435 (dörd yüz otuz beş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, fiziki şəxs X1 (VÖEN **********) “AQUALUXE” markalı su fılterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RM-1187 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq ”AQUALUXE” firmasının istehsalı 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində olan “AQUA 1” modelli su təmizləmə sistemi quraşdınlaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil- təslim aktı tərtib edilərə); tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli RM-1187 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “AQUALUXE” markalı su fılterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli RM-1187 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1.4-cü bəndinə əsasən 100 (bir yüz) manat ilkin ödəniş edərək bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 12 ay müddətinə olmaqla hər ayın 10-dan gec olmayaraq, hər ay 108 (bir yüz səkkiz) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli RM-1187 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 435 (dörd yüz otuz beş) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 435 (dörd yüz otuz beş) manat təşkil edir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında 12 fevral 2021-ci il tarixli N-001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış RM-1187 nömrəli xx.xx.2021-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya ”AQUALUXE” firmasının istehsalı 1399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində olan “AQUA 1” modelli su təmizləmə sistemi quraşdınlaraq ona təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RM-1187 №li əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 435 manat borcu mövcuddur. Sözügedən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RM-1187 №li əşyanın nisyə alqı-satqı müqaviləsinin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli RM-1187 №li əşyanın nisyə alqı-satqı müqaviləsini ödənişin hissə-hissə həyata keçirilməsi şərti ilə bağlanmış müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli RM-1187 №li əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh X5 əsasında iddiaçı təşkilat İddiaçı MMC-dən aldığı avadanlığın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin ödənilməmiş 678 manat əsas qalıq borcu və 68 manat hesablanmış cərimə borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam əsaslıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat əvəzi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RM-1187 №li əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 435 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 465 (dörd yüz altımış beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar