Məhkəmə qərarları › İş №2(056)-1595/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1595/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1595/2023 24.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 21203,08 manat, faiz borcu üzrə 335,42 manat, cəmi 21538,50 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 154,62 manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Saatlı filialı ilə Cavabdeh1 arasında bağlanmış BPM**********91 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18% olmaqla 48 ay müddətinə 30000 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxanda adı çəkilən BPM**********91 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh1 əsas borc üzrə 21203,08 manat, faiz borcu üzrə 335,42 manat olmaqla, cəmi 21538,50 manat borcu mövcuddur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada imzalanmış ərizə göndərərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. İş yükünün çoxluğu səbəbilə məhkəmə iclasında iştirak etmələri mümkün olmayacaqdır. Odur ki, qeyd olunanları üzürlü hesab edərək məhkəmə baxışı iclasının iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki "xxxx" ASC ilə Cavabdeh1 arasında 48 ay müddətinə illik 18% olmaqla 30000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1nın kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərilərinə götürmüşlər. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21203,08 manat əsas kredit borcu, 335,42 manat faiz borcu olmaqla, cəmi 21538,50 manat borcu qalmışdır. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 18% ödənməsi şərtilə 30000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi kreditor "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Borcalan Cavabdeh1 aldığı kreditin və faizlərin müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Borcalan verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuş, bunun nəticəsində onun kredit müqaviləsi üzrə 21203,08 manat əsas və 335,42 manat faiz borcu olmaqla cəmi 21538,50 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarının tələbləri hazırki mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas və faiz borcunun Cavabdeh1 tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin hesablanmış borc məbləğinin zamin Cavabdeh2 əsas borclu ilə birgə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi zaminə münasibətdə də əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21203,08 manat əsas və 335,42 manat faiz borcu olmaqla, cəmi 21538,50 (iyirmi bir min beş yüz otuz səkkiz manat əlli qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu əvəzində 154,62 manat və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar