Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1670/2025 17.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X16 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziiyanın əvəzində 3300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 53 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə, xəstəliyi ilə əlaqədar təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib aldadaraq 2017-ci ilin yaz aylarında Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Gülbağı” kafesində 400 manat məbləğində, bundan təxminən bir ay sonra Sabirabad şəhərində “Qlobus” adlanan yerdə 200 manat məbləğində, bundan sonrakı bir il ərzində isə ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Sabirabad şəhərində 3650 manat məbləğində, ümumilikdə isə 4250 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Cavabdehin ödənilməmiş 3300 manat məbləğində borcu qalmışdır. Cavabdeh bu əməllərinə görə Sabirabad Rayon Məhkəməsinin müvafiq hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, cavabdehin bildirdkiyi kimi pulun böyük hissəsini cavabdehin göndərişi ilə həkimlərə vermişdir. Cavabdeh əlbəəl aldığı pulu ödəyib, Ona görə həmin məbləği ümumi məbləğdə çıxıb tələb irəli sürmüşdür. O, həkimləri əvvəldən tanımamışdır. Məlikin göndərişi və tapşırığı ilə həkimlərə pullara vermişdir. Vermiş olduğu pulu da borca girib vermişdir. Həkimlər Məliki tanımışdır. O, indi necə həmin həkimləri tapsın? Cavabdehin təqsirli hərəkətləri ucbatından o, ziyana məruz qalmışdır. Bununla belə o, Məlikin yaşını alıb məhkəmə araşdırması dövründə təklif etmişdir ki, tələb etdiyi məbləğin heç olmasa 2000 manatını ödəsin və o, tələbindən imtina etsin. Lakin Məlik onunla razılaşmamışdır. Ona görə də o, hazırda tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh ona cəmi 600 manat pul vermiş, həmin pulun da 300 manatını özünə, 150 manatını isə atasına qaytarmışdır. Ona 150 manat borcu qalmışdır. Hökmdə göstəriləmiş qalan 500 pulu da o, başqa şəxsə vermişdir. Həmin adam hazırda həyatda yoxdur. Həmin vaxtlarda o, həmin şəxsə zəng edib Nicatın işinin alınmadığını bildirib pulun qaytarılmasını demiş, həmin adam da 500 manatı qaytarmışdır. Qalan 3300 manat pulu isə Nicat ona verməmişdir. O, sadəcə həkimlərdən xahiş etmişdir ki, Nicatı qəbul etsinlər. Nicat da aparıb pullarını həkimlərə vermişdir. İndi Nicat hansı həkimə nə qədər veribdirsə özü daha yaxşı bilir. Nicatın hazırda istəyi ondan ibarətdir ki, o, gedib həkimlərə ödədiyi pulu həkimlərdən alıb Nicata qaytarsın. Pulun alınmasından 8 il keçmişdir. O, indi gedib kimdən pul istəsin? Onun Nicata ödəməyə pulu yoxdur. Özü təqaüdçüdür. Təqaüdündən özünə 150 manat pul qalır. Göstərdiklərinə əsasən o, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı zərərçəkmiş qismində tanınmış, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056)-76/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 43.3-cü maddələrinə əsasən Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş İddiaçı qarşı törətdiyi cinayət əməlinə münasibətdə (hissədə) xitam verilmişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə qeyd edilmişdir ki, məhkəmə iclasında Cavabdeh ifadəsində qeyd etmişdir ki, adları göstərilən zərərçəkmiş şəxslərdən, yalnız X13, X5 və X3 əlilliklə bağlı sənədlərinin hazırlanması üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini alsa da, digər zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə pul almamış, yalnız onlardan işlərinin həll edilməsi üçün yol pulu, xidmət haqqı kimi pul götürmüşdür. İstinaq zamanı Cavabdeh qeyd etdiyi həmin hallar təsdiq edilməmiş, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Əhmədov Mehti və qeyriləri ilə onun arasında aparılmış üzləşdirmə istintaq hərəkətlərinin protokolları, digər şahid ifadələri, eləcə də digər iş materialları ilə müəyyən edilmişdir ki, Məlik X1 5150 manat məbləğində, İddiaçı 4250 manat məbləğində, X4 3300 manat məbləğində, X8 8430 manat məbləğində, X2 6500 manat məbləğində, X6 3000 manat məbləğində, X9 1600 manat məbləğində, X10 1000 manat məbləğində, X11 1400 manat məbləğində pul vəsaitlərini əldə etmişdir. Odur ki, Cavabdeh ifadəsində qeyd etdiyi həmin xüsusat onun özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməklə məhkəmə tərəfindən möhtəbər sübut növü kimi qəbul edilmir. (səh 7) Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə cinayət işindən görünür ki, hökmdən şikayət və ya protest verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüquqununu 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir. Hazırki mülki iş üzrə məhkəmə araşdırması həyata keçirilərkən də yuxarıda qeyd edildiyi kimi əldə edilib tədqiq edilmiş Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən də görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və Cavabdeh qeyd edilən cinayət əməlini törətmiş olması öz təsdqini təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə zərərin əvəzinin ödənilməsinə dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında əks olunan hüquqi mövqe hazırki mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması tam təsdiqini tapmışdır. Belə ki, Cavabdeh törətmiş olduğu əməl hüquqa zidd olmuş, o, əməlini təqsirli olaraq törətmiş, buna görə məhkum edilmiş, törədilmiş əməl nəticəsində hazırki iddiaçı zərərə məruz qalmış və zərər Cavabdeh təqsirli hərəkəti səbəbindən yaranmışdır. Cavabdehin izahatında iddiaçı tərəfindən ona 3300 manat pulun verilmədiyi, pulun həkimlərə verildiyi ilə əlaqədar göstərdiklərinə münasibətdə isə qeyd edilməlidir ki, hökm tədqiq edilərkən də müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ona təqaüd düzəltdirə biləcəyinə inandırmış, İddiaçı ona olan inamından çıxış edərək onun istiqamətləndirdiyi istiqamətdə xərclər çəkməli olmuş, yekunda işi alınmamaqla Cavabdeh təqsirli hərəkəti nəticəsində zərərə məruz qalmışdır. Belə olan halda yaranmış zərər məbləğinin birbaşa Cavabdeh verilməməsi əsası ilə onun cinayət məsuliyyətindən kənarda qalmadığı kimi, mülki məsuliyyətdən də kənarda qalması ehtimalından söhbət gedə bilməz. Tələb edilən zərər məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan və qanuni qüvvəsini almış Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən də görünür ki, ümumi zərər məbləği 4250 manat olmuş, həmin məbləğin 950 manatı zərərçəkmiş şəxsə qaytarılmışdır. İddiaçı da hazırda 3300 manat zərər məbləğinin alınıb verilməsini tələb etməkdədir. Beləliklə tələb edilən məbləğlə ödənilmiş məbləğ cəmləndikdə zərər məbləğinin eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Ona görə də iddia tələbi bu hissədə tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 53 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün əsas iddia tələbinin tam təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 3300 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3353 (üç min üç yüz əlli üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1670/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1670/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver