Məhkəmə qərarları › İş №2(056)-17/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-17/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-17/2023 18.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağirovun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “Sampo Rosenlew” SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 20920 manat dəymiş maddi ziyanın və 152,76 manat ödənilmiş dövlət rüsumunun, cəmi 21072,76 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 26 aprel tarixli 09/01245 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş SR-2065 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 20920 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətinə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib edilmişdir. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün 20920 manat maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək dəymiş ziyanın iş vaxtı deyil təbii fəlakət nəticəsində baş verməsini bildirərək iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı 18AB162 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək müddət üçün 7000 min manat müqabilində Cavabdeh istifadəsinə verilmiş və həmin müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürmüşdür. İş materiallarında olan 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışdan görünür ki, mühərrikin təmir dəsti, dirsəkli val və silindirlər blokunun işlək vəziyyətə gətirilməsi üçün cəmi 20920 manat vəsait tələb olunur. xx.xx.2021-ci il tarixli Qüsur AKTından görünür ki, İddiaçı ASC-nin X1 Hacıqabul RB-yə məxsus olan Şassi 701204 nömrəli Sampo-2065 markalı taxılyığan kombaynı xx.xx.2021-ci ildən Sabirabad rayonu Kürkəndi kənd sakini Cavabdeh operativ lizinqə verilmişdir. Həmin kombayn xx.xx.2021-ci il tarixdə Qusar rayonu Piral kəndində yamacdan fırlanaraq aşmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, kombaynın biçən aparatının (xeyder) cəhrəsi, biçən aparatın üstündən gedən turbası qırılıb və əyilib, biçən aparatın şkifləri yarasız hala düşüb, kabinanın üstü əyilmişdir, kabinanın yan və qabaq şüşələri qırılmışdır, elektrik avadanlığı yarasız hala düşüb, şinlər diskdən çıxıb, arxa peredok ramadan qırılıb düşüb, bunker əyilib, yan kapotlar əyilib, kombayında elektrik sistemi işləmədiyi üçün mühərriki yoxlamaq mümkün deyil, arxa doskaların ikisi əyilib və qırılıb, kombayn arxa təırəfdən burulub. Aktın doğruluğu Y.İ.İbrahimovun, V.X.Mirzəyevin və Cavabdeh imzaları və cəmiyyətin X1 möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 saylı məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu il İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı SR 2065 Sampo markalı kombaynın 2021-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən 11750 manat nüəyyən edilir. O cümlədən - dəyişməli hissələrin qiyməti – 9550 manat, - təmir-bərpa işlərinin qiyməti – 2200 manat təşkil edir. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış taxılyığan kombaynın bazar qiymətinə nisbətən təmirə məruz qalmış 2019-cu il buraxılışlı, “SR-2065 Sampo” markalı taxılyığan kombaynın bazar qiymətində 10 faizədək fərq olması istisna edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilərkən onun zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitəsində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitəsi ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisəsi ekspertizası tədqiqat aparmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 152,76 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəy) müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh operativ lizinq müqaviləsinə əsasən istifadəsinə verilmiş və İddiaçı ASC-nin X1 istifadəsində olan Şassi 701204 buraxılış ili 2019-cu il, Sampo-2065 markalı taxılyığan kombaynı xx.xx.2021-ci il tarixində Qusar rayonu Piral kəndində yamacdan aşmışdır. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, biçən aparatının (xeyder) cəhrəsi, biçən aparatın üstündən gedən turbasının qırılması və əyilməsi, biçən aparatın şkifləri yarasız hala düşməsi, kabinanın üstünün əyilməsi, kabinanın yan və qabaq şüşələrinin qırılması, elektrik avadanlığının yarasız hala düşməsi, şinlərin diskdən çıxması, arxa peredokun ramadan qırılıb düşməsi, bunkerin əyilməsi, yan kapotların əyilməsi, kombayında elektrik sistemi işləmədiyi üçün mühərrikin yoxlanmasının mümkün olmaması, arxa doskaların ikisinin əyilməsi və qırılması, kombaynın arxa tərəfdən burulması aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ASC-nə maddi ziyan vurulmuşdur. İddiaçı tərəf iddiasını müdafiə edərək təmin olunmasını xahiş edir, cavabdeh isə iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə iddiaçının nümayəndəsinin izahatını və aktı işin faktiki hallarına uyğun gəldiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 saylı məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının ekspert rəyində göstərilən məbləğdə mötəbər hesab edir. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan kombayna zərər vurması faktı iş materiallarında olan və cavabdehin özününü iştirakı ilə tərtib edilmiş, həmçinin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5774 - 8/2145 saylı məhkəməəmtəəşünaslıq və məhkəmə avtotexniki ekspertizasının ekspert rəyinə uyğun həll edilməli və rəylə müəyyən edilmiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Tədqiq olunmuş xx.xx.2022-ci il tarixli rəydə iddiaçının mülkiyyətində olan kombayna dəymiş maddi ziyanın dəyəri 11750 manat məbləğində hesablanmışdır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11750 AZN məbləğində pul tutularaq İddiaçı ASC-yə verilməlidir. Cavabdeh məhkəmə iclasında kombayna dəymiş ziyanın onun təqsirli hərəkətləri nəticəsində deyil, məhz təbii fəlakət nəticəsində yaranmasını bildirsə də, həmin halı təsdiq edə biləcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İddiaçı əsas borcla bərabər onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 152,76 manat dövlət rüsumunun da əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də qismən haqlı hesab edir. Belə ki, Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 85,80 AZN cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı ASC-dən, 50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi - 11750 (on bir min yeddi yüz əlli) manat və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun 85,80 (səksən beş manat səksən qəpik) manat, ümumilikdə isə 11835,80 (on bir min səkkiz yüz otuz beş manat səksən qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-trasoloji və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı ASC-dən, 50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar