Məhkəmə qərarları › İş №2(056)-184/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-184/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-184/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə mülki işə Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4159,03 manat əsas, 642,89 manat faiz və 271,47 manat cərimə borcu olmaqla, cəmi 5073,39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 70,74 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o, krediti təsərrüfata görə götürmüş, lakin su olmadığına görə əkin zəif olmuşdur. Buna görə kredit müqaviləsi üzrə aylıq ödənişləri həyata keçirmək imkanı olmamışdır. Hazırda özü heç yerdə işləmir və borcu tam şəkildə ödəməyə imkanı yoxdur. İstəyir odur ki, bank ona şərait yaratsın və aylığa bölünməklə borcunu hissə-hissə ödəyə bilsin. İmkanı zəif olduğu üçün o, məhkəmədən qətnamə qəbul edilərkən tələb edilən cərimə borcunun azaldılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə məhkəmə iclasına gəlməmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, Cavabdeh1 izahatını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2024-cü il tarixə 4159,03 manat əsas, 642,89 manat faiz və 271,47 manat cərimə borcu olmaqla, cəmi 5073,39 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" KB ASC tərəfindən öhdəliyini yerinə yetirərək, Kredit müqaviləsi üzrə 8000 manat məbləğində cavabdehə kredit verilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 275micSLY/23 saylı kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas və həmçinin ona hesablanmış faiz borcunu iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərlərinə öhdəlik götürdükləri üçün borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 271,47 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış 271,47 manat cərimə məbləğinin azaldılaraq 100 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 70,74 dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın təmin olunmuş həcmi nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4159,03 manat əsas borc, 642,89 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat olmaqla, ümumilikdə 4961,92 (dörd min doqquz yüz altmış bir manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar