Məhkəmə qərarları › İş №2(056)-1932/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1932/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1932/2025 13.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə mülki işə Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5122,46 manat əsas, 747,76 manat faiz, 121,38 manat cərimə borcu olmaqla, cəmi 5991,60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 79,92 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə illik 27% olmaqla 7750 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən, kredit və ya kredti xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən oulnmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəisnə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair hödəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 5122,46 manat əsas, 747,76 manat faiz, 121,38 manat cərimə borcu olmaqla, cəmi 5991,60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 27% ödəmək şərtilə 7750 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 5122,46 manat əsas, 747,76 manat faiz, 121,38 manat cərimə borcu olmaqla, cəmi 5991,60 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Ümumi Oferta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" KB ASC tərəfindən öhdəliyini yerinə yetirərək, müqavilə üzrə 7750 manat məbləğində cavabdehə kredit xətti açılmış, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas, həmçinin ona hesablanmış faiz və cərimə borcunu iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 79,92 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 79,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5122,46 manat əsas borc, 747,76 manat faiz borcu, 121,38 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 79,92 manat olmaqla, ümumilikdə 6071,52 (altı min yetmiş bir manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar