Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1995/2025 14.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10379 (on min üç yüz yetmiş doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 122 (bir yüz iyirmi iki) manat pulun, ümumilikdə 10501 (on min beş yüz bir) manatın pul vəsitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun Sabirabad şəhəri ərazisində "bazar küçəsi" kimi tanınan İ.İsgəndərov küçəsində qızıl mağazası vardır. O, təxminən 7 ilə yaxın müddətdir ki, qızıl alış verişi ilə məşğul olur. Cavabdeh uzun müddətdir ki, rayon sakini kimi tanıyır. Aralarında normal münasibət olmuşdur. O, Vüqarın səyyar qızıl alış-verişi ilə məşğul olmasını bilmişdir. Vüqar tez-tez bazar küçəsinə gələrək orada olan qızıl mağazalarına girir və özü ilə gətirdiyi qızılları satmaq məqsədilə göstərmişdir. Əvvəllər də aralarında qızıl alqısatqısı olmuşdur və heç vaxt aralarında yalançılıq, problem olmamışdır. Vüqar Sabirabad rayonu ərazisində olan qızıl mağazalarından qızıl-zinət əşyaları alaraq aparıb Bakı şəhərində səyyar şəkildə satmışdır. xx.xx.2023-cü il tarixdə Vüqar ona zəng edərək qızılın qiymətinin düşdüyünü və ona 2900 manat pul verəcəyi təqdirdə həmin pulla qızıl alış-verişi edib əldə etdiyi gəliri onunla böləcəyini demişdir. O, da onunla razılaşmış və gedib Sabirabad şəhərindəki evindən, əri Vüqar Hüseynovdan 2900 manat pulu götürə biləcəyini demişdir. Elə həmin gün Cavabdeh gedib Vüqar Hüseynovdan 2900 manat pul götürmüşdür. İki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Vüqar onun qızıl mağazasına gələrək ondan 2 ədəd sep, 1 ədəd qolbaq istədi və həmin qızılları satdıqdan sonra ertəsi gün əldə etdiyi qazancı onunla böləcəyini demişdir. O, da Vüqarla razılaşmışdır və Vüqara 2 ədəd zəncir formalı, 750 əyar, hər biri 19 qram olmaqla, ümumilikdə 38 qram çəkidə, qramı 138 manatdan hesabladıqda, ikisinin birlikdə dəyəri 5244 manat olan İtalya istehsalı boyunbağıları və 1 ədəd Türkiyə istehsalı 19,5 qram çəkidə, 585 əyar, qramı 90 manatdan hesabladıqda, 1755 manat dəyərində qızıl qobaq vermişdir. Həmin qızılların dəyəri onları Vüqara verdiyi tarixdə ümumilikdə 6999 manat təşkil etmişdir. Vüqar həmin qızılları ondan aldıqdan sonra bir daha geri gətirməmişdir. Eləcə də, Vüqar ona heç bir ödəniş etməmişdir. Onun qızıllarını apardıqdan bir müddət sonra Vüqara zəng etmiş və qızılları qaytarmasını tələb etmişdir. Lakin Vüqar ondan bir gün vaxt istəmişdir. Buna baxmayaraq, Vüqar yenə də onu aldatdı və qızılları qaytarmamışdır. Vüqar hazırkı vaxtda nə 2900 manat pulu, nə də ki, 6999 manat dəyərində qızılları ona geri qaytarmamışdır. Ümumilikdə Vüqar ona 9899 manat maddi ziyan vurmuşdur. Bundan başqa, eşitdiyinə görə X12 və Elmira Cəfərovanı da aldadaraq qızıllarımı almış və geri qaytarmamışdır. Bundan başqa, bir dəfə ona Tofiq işləyən lombarddan zəng gəldi, zəng edən şəxs ona guya oraya qızıl girov qoyduğunu və ödəniş etmədiyini demişdir. O, həmin lombarda getmiş və onun oraya qızıl qoymadığını, oradakı iki ədəd İtalyan istehsalı zəncir formalı boyunbağının onun Vüqara verdiyi qızıllar olduğunu görmüş və aydınlaşdırdı ki, Vüqar həmin iki ədəd boyunbağını Tofiq işləyən lombarda girov qoymuşdur. Vüqarla aralarında alış-verişlə bağlı hər hansı rəsmi müqavilə yoxdur. Amma o, qızılları Vüqara verən zaman öz dəftərində bununla bağlı qeydiyyat aparmışdı və istintaqa təqdim edə bilər. O, qızılları Vüqara mağazada verən zaman yanında müştəri olan Lətafət adlı şəxs olmuşdur. Cavabdeh hər dəfə ona yalan vəd vermişdir ki, kimin pulunu qaytarmasa da, onun pulunu qaytaracaq. O, isə Vüqara inanmış və sonda əmin olmuşdur ki, Vüqar onun pulunu qaytarmayacaq. Buna görə də o, bir il sonra şikayət etdi. Əlavə olaraq bildirir ki, 3 qramlıq qadın qızıl Şir üzüyünü və 2,70 qramlıq qadın Şir üzüyünü Bakı şəhərindən müştəri üçün almışdır. Lakin, müştəri bəyənmədiyi üçün həmin qızılları qaytarmaq məcburiyyətində qalmışdır. Bu vaxt Vüqar yanında olduğu üçün ona bildirdi ki, o, da Bakı şəhərinə gedir istəsə versin ordan o, həmin mağazaya verər. Lakin, onu aldadaraq o qızıları da verməmiş və 3 qramlıq qadın qızıl Şir üzüyünə və 2,70 qramlıq qadın Şir üzüyünə 480 manat ona pul atmışdır. Cəmi ona 10379 manat ödənilməmiş borcu yaranmışdır. O, da bu barədə müvafiq orqanlara şikayət etmişdir. Lakin, Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində 17 oktyabr 2024-cü il tarixdə seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan ləğv edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3 və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi, X3 və İddiaçı özlərinə maddi ziyan dəymiş hesab edirlərsə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna göndərilməsi və cinayət işi DİN-in Arxivinə təhvil verilməsi üçün Sabirabad rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Hal-hazıra kimi Cavabdeh ona olan borcunu qaytarmır. Ona görə də o, da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o iddiaçının əridir. O, cavabdeh Vüqarı fırıldaqçı kimi tanımışdır. İddiaçı Günel ona zəng vuraraq Vüqarın gələcəyini və ona borc olaraq onun pulundan 2900 manat pul verməsini demişdir. Vüqar evlərinə gəldikə ona pulu verərkən demişdir ki, bu pul Günelin puludur və ona borc şəkildə verilir, lakin buna baxmayaraq Vüqar indiyədək borcu qaytarmamışdır. Cavabdeh istintaqda pulu ondan almasını etiraf etmişdir. Onu fırıldaqçı kimi tanısa da Günelin istəyinə görə cavabdehə borc pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Güneldən nisyə şərtlə qızıl alaraq dəyərini hissə-hissə ödəyirmiş. Vüqarı mağazada yay aylarında görmüşdür. Həmin zaman Günel vitrindən qızıl-zinət əşyaları götürüb Vüqara vermişdir. O, Güneldən soruşanda ki, nə səbəbdən bu qədər qızılı zəmanətsiz olaraq Vüqara verirsən, Günel də Vüqara etibar etdiyini bildirmişdir. İş materiallarında olan Sabirabad rayon X9 Bölməsinin baş müstəntiqi, polis kapitanı X5 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində 17 oktyabr 2024-cü il tarixdə seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin ləğv edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3 və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərarda təsbit edilmiş iş üzrə şahid qismində dindirilmiş X1 ilə təqsirləndirilən şəxs Cavabdeh arasında keçirilmiş üzləşdirmə zamanı Vüqar Hüseynov tərəfindən Cavabdeh üzünə qarşı Günelin tapşırığı ilə ona 2900 manat pul verdiyini, Cavabdeh da ona 2900 manat deyil, 2000 manat aldığını, həmin pulu Günellə aralarında dövriyyə etdiyini, Sabirabad şəhəri ərazisində görüşdükləri zaman ona Günellə həmin pulu dövriyyə edib xeyri bölüşdürdükləri barədə məlumat verdiyini qeyd etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və iddiaçının izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı tələbində cavabdehə ümumilikdə 6999 manat dəyərində qızıl-zinət əşyaları verməsi, həmçinin sahibinə qaytarılması məqsədilə ümumilikdə 480 manat dəyərində 3 qramlıq qadın qızıl Şir üzüyünün və 2,70 qramlıq qadın Şir üzüyünün verməsi hallarına əsaslansa da, iddia tələblərinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh qızılın qiymətinin düşdüyü şəraitdə qızıl alış-verişini edərək əldə etdiyi gəliri İddiaçı ilə bölüşdürəcəyi adı ilə ondan 2000 manat pul almış, lakin Cavabdeh aldığı pulun müqabilində cavabdehə vəd etdiyi (qızılım alış-verişindən əldə etdiyi gəliri iddiaçı ilə bölüşdürəcəyi) öhdəliyi təmin etməmiş, eyni zamanda aldığı pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə məhkəmə iclasında nümayəndəsi vasitəsilə iddiaya etiraz etmişdir. Hazırkı mübahisədən görünür ki, Cavabdeh qızılın qiymətinin düşdüyü şəraitdə qızıl alışverişini edərək əldə etdiyi gəliri İddiaçı ilə bölüşdürəcəyi adı ilə aldığı 2000 manat pul vəsaiti müqabilində vəd etdiyi məsələlərin (qızılım alış-verişindən əldə etdiyi gəliri iddiaçı ilə bölüşdürəcəyi) həll etməsi öhdəliyini təmin etməmiş, eyni zamanda aldığı pulu qaytarmaqdan imtina etmiş və bununla da nəticədə cavabdeh iddiaçıdan aldığı pulu ona qaytarmaqdan yayınaraq və hər hansı qanuni əsas və ya müqavilə olmadan pulu mənimsəmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə təqdim etdiyi 2000 manat pul vəsaitinin gözlənilən məqsədi, qızılım alış-verişindən əldə etdiyi gəliri iddiaçı ilə bölüşdürəcəyi olmuşdur. Lakin iddiaçı gözlədiyi məqsədi əldə edə bilmədiyindən, yəni qızılın qiymətinin düşdüyü şəraitdə qızıl alış-verişini etməyib, İddiaçı ilə hər hansı gəliri bölüşdürmədiyindən, iddiaçı məhrum olan şəxs kimi verdiyi 2000 manat pulu geri tələb edə bilər. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı aldığı 2000 manat məbləğində pul vəsaiti ondan tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri qismən təmin edildiyi üçün, iddianın 122 (bir yüz iyirmi iki) manat ödənilmiş dövlət rüsumunun 95 manat hissəsi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2000 (iki min) AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 95 (doxsan beş) AZN hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1995/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1995/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver