Məhkəmə qərarları › İş №2(056)-21/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-21/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-21/2024 17.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta ASC-yə və Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta ASC-yə və Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan 5000 manat hissəsinin, iddia qaldırılması üçün ödənilmiş 70 manatın, həmçinin qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 118 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Sabirabad rayonu Bulaqlı kəndi ərazisində Cavabdeh1 idarə etdiyi KAMAZ-5511 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə araməsəfəsini düzgün seçməyərək onun istifadəsində olan - idarə etdiyi “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı ** BA *** dövlət qeydiyyat nişanlı texnikayla toqquşmuşdur. Nəticədə ekskavatorun qaldırıcı qolunun yəni BOOM-una ziyan dəymişdir. Bundan sonra qeyd olunan hadisə ilə bağlı Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qərara alınmışdır. Bundan sonra o, dəfələrlə ekskavatorun qaldırıcı qolunu təmir etdirməyə çalışsa da alınmamış və təmir etdirdikdən 2-3 gün müddət keçdikdən sonra BOOM qəza nəticəsində aldığı vəziyyətə geri dönmüşdür. Cavabdeh1 idarə etdiyi Kamaz - 5511 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Belə ki, qeyd olunan sığorta hadisəsi tam sübuta yetirilmişdir. Belə olan halda Atəşgah Sığorta ASC onun texnikasına dəymiş ziyanın onların üzərinə düşən hissəsini ona ödəməli olduğu halda, əsassız olaraq süründürməçilik hallarına yol verərək, guya qeyd olunan hadisə zamanı mənə 250 (iki yüz əlli) manat ziyan dəyməsini bildirmişlər. Lakin o, qeyd olunan ziyan məbləği ilə razılaşmamış və təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə o, "xxxx" MMCdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi barədə rəy almış və rəydə qeyd olunan hissəsinin təmiri üçün ümumi məbləğin 8995 manat olması müəyyən edilmişdir. Bunan əlavə Aztexnika tərəfindən verilmiş ehtiyyat hissələrinin qiymətindən görünür ki, Boom qiyməti 35000 manat və onun demontajı, həmçinin montajı 1000 manat qiymətləndirilir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə təqdim edərək, Cavabdeh2 Sığorta ASC-dən 5000 manat və Cavabdeh1 3895 manat və hər iki cavabdehdən müştərək qaydada ödəmiş olduğu 108,95 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti ASC və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş (nümayəndənin iştirakını təmin etməmiş), səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinadən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası «Bakı Ekspertiza Mərkəzi» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT00086/22 saylı ekspert rəyindən görünür ki, təqiqatın nəticəsi olaraq 2007-ci buraxılış ili Ekskavator CSB markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan Ekskavator CSB markalı avtomobilə hazırki vəziyyətdə ümumi qiyməti təxminən 250 (iki yüz əlli) manat müəyyən olunur. Atışgah Sığorta şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə vəsatətə əlavə olaraq elektron kabinetə yüklənmiş zərər barədə arayışdan görünür ki, Ekskavator CSB markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. Aztenika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təmir xərci rəyinə əsasən Ekskavator CSB markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 35.150,86 manat sürtgü yağları toplam 361,90 manat və işçilik toplam 1000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 220456 saylı rəydən görünür ki, Ekskavator yükləyici JCB 3CXSM 4 T yük qaldırıcı qolunun bir tərəfinin təmir qolun sökülməsi, əzilmiş hissəsinin təmiri, rənglənməsi və yenidən yığılması – 8895 manat və qssur aktının tərtib olunması – 100 manat təşkil etmiş və qeyd: texnikanın Bakı şəhərinə gətirilməsi və qaytarılması müştəri tərəfindən təmin olunacaq və təmir müddəti 2 ay müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8179 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Aztexnika" tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13512,76 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Profix" MMC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8895 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8179 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3744 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Aztexnika” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir- bərpa xərci təxminən 13512,76 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 12512,76 manat; Təmirbərpa işlərinin qiyməti - 1000,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci təxminən 8895,00 manat müəyyən edilir. O cümlədən: Təmir-bərpa işlərinin qiyməti - 8895,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydəki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci təxminən 250,00 manat müəyyən edilir. O cümlədən: Təmirbərpa işlərinin qiyməti - 250,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa təxminən 1500,00 manat müəyyən edilir. O cümlədən: Təmir-bərpa işlərinin qiyməti - 1500,00 manat. İş materiallarında olan 4 müxtəlif qüsur aktlarında fərqli məlumatlar (dəyişilməli hissələrin və görüləcək işlərin həcminin müxtəlif olması) olduğundan həmin aktlara əsasən müəyyən edilmiş ziyanın məbləği fərqli olmuşdur. “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikaya dəymiş ziyanla bağlı iş materiallarında olan qüsur aktlarından hansının real olduğunun müəyyən edilməsi (bu barədə metodika mövcud deyil) məhkəmə- əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir. “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikaya dəymiş ziyanla bağlı obyektiv nəticə, həmin nəqliyyat vasitəsinə dəymiş ziyanla əlaqədar yekun qüsur aktı təqdim edildikdən sonra mümkündür. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişdirilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(056)-21/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3744 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 60 manat təşkil edir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Sabirabad rayonu Bulaqlı kəndi ərazisində Cavabdeh1 idarə etdiyi KAMAZ-5511 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə araməsəfəsini düzgün seçməyərək İddiaçı istifadəsində olan - idarə etdiyi “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı ** BA *** dövlət qeydiyyat nişanlı texnikayla toqquşmuşdur. Nəticədə ekskavatorun qaldırıcı qolunun yəni BOOM-una ziyan dəymişdir. Bundan sonra qeyd olunan hadisə ilə bağlı Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qərara alınmışdır. Cavabdeh1 idarə etdiyi Kamaz - 5511 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianı hadisəni törətməkdə təqsirli bilinmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta ASC-ə münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığorta Haqqında" Qanunun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Göründüyü kimi, mülki qanunvericilik zərər vuran şəxsə qarşı törədilmiş mülki hüquq pozuntusu ilə əlaqədar tələb irəli sürülməsi hüququnu tanımış, iddiaçı bu hüququndan istifadə edərək hazırki cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələb edilən zərərin miqdarı barədə qeyd edir ki, işdən göründüyü kimi Sığorta Şirkəti «Bakı Ekspertiza Mərkəzi» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT00086/22 saylı ekspert rəyinə əsasən zərər məbləğini 250 manat, özünün məhkəməyə ünvanladığı digər bir zərər barədə arayışla isə, 1500 manat olmaqla, iki fərqli məbləğ müəyyən qismində müəyyən etmiş, iddiaçı özü də iki fərqli məbləğ müəyyən edən rəyləri əldə edib məhkəməyə sübut qismində təqdim etmişdir. Bu xüsusda məhkəmə tərəfindən 2 dəfə ekspertiza təyin edilmiş, hər bir rəyin özünə münasibətdə həmin rəylərdə göstərilən həddə ziyan müəyyən edilmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, zərər məbləği iddiaçının təqdim etdiyi rəylərə münasibətdə müəyyən edilməli, iddiaçı ona məxsus texikaya daha yüksək məbləğdə ziyan dəyməsi ilə bağlı əlavə sübut təqdim edə bilmədiyindən zərər məbləği "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 220456 saylı rəyə uyğun olaraq 8895 manat müəyyən edilməli, Sığorta Şirkəti yuxarıda vurğulanmış Qanunun tələbinə uyğun olaraq 5000 manat həcmində mülki məsuliyyət daşıdığından zərərin 5000 manat hissəsi "xxxx" ASC-nə aid edilməli, qalan 3895 manat hissə isə inzibati xəta hadisəsini törətmiş digər Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa ekspertiza tədqiqatının dəyərinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizası tədqiqaının dəyəri olan cəmi 110 (bir yüz on) manat cavabdehlər "xxxx" ASC və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdehlər Atəşgah” Sığorta ASC-dən 5000 manat və Cavabdeh1 3895 manat və hər iki cavabdehdən müştərək qaydada iddiaçının ödəmiş olduğu 108,95 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat vəsait cavabdehlər Atəşgah” Sığorta ASC-dən və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, KOD 210005; X1, VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar