Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-216/2023 28.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat əsas borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhərində yerləşən DAİM-də xadimə işləyən vaxt Sabirabad rayon sakini Cavabdeh idarədə mühafizəçi işləmişdir. Cavabdeh xx.xx.2020-ci ildə ona yaxınlaşaraq atasının xəstə olmasını bildirmiş və ona 300 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, cavabdehə xx.xx.2020-ci ildə 300 manat məbləğində pul vəsaiti vermişdir. 2020-ci ilin fevral ayında cavabdeh atasının dərmanlarına pul çatmadığını, bunun üçün 200 manat pul lazım olduğunu bildirmiş, fevral ayında o, Orucəliyə 200 manat vermişdir. Həmin ilin aprel ayındaidarənin həyətində Orucəli ona yenidən yaxınlaşmış, atasının müalicəsi üçün yenə də 200 manat pul lazım olduğunu bildirmiş, o, yenidən Orucəliyə 200 manat pul vermişdir. Bundan sonra o, dəfələrlə Orucəlidən pulunu istəmiş, lakin ala bilməmişdir. 2020-ci ilin dekabr ayında Orucəli idarədə ona yaxınlaşaraq "xxxx" ASC-yə kredit olduğunu, krediti bağlaması üçün 500 manat lazım olduğunu bildirmiş və ona təklif etmişdir ki, 500 manat ona borc versin, o, krediti bağlayıb yenidən kredit götürsün və ona olan borclarını qaytarsın. O, Orucəliyə inanaraq 500 manat pul tapıb idarədə bağban işləyən Tural Abdullayevin yanında həmin pulu Orucəliyə vermişdir. Orucəli pulu alıb çıxıb getmiş, bundan sonra o, dəfələrlə zəng edib pulunu tələb etsə də, Orucəli müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış, əksinə ona yenə 200 manat notariusa vermək üçün pul lazım olduğunu bildirmiş, dekabr ayında yenə ona 200 manat pul vermiş, 2021-ci ilin yanıvar ayında Orucəli ona zəng edərək Salyan rayonuna banka getdiyini, 100 manat lazım olduğunu bildirmiş, yenə inanaraq Orucəli ilə razılaşmış, Orucəli onun yaşadığı evə gəlmiş, 100 manatı götürmüş, banka getdiyini, kredit götürüb onun pulunu qaytaracağını bildirmişdir. Yaşadığı evdən gedəndən sonra o, dəfələrlə Orucəliyə zəng etmiş, Orucəli onun zənglərinə cavab verməmişdir. 2021-ci ilin aprel ayında Orucəli yenidən ondan 175 manat pul istəmiş, lakin bu dəfə o, Orucəlinin istədiyi pulu ona verməmiş, həmin günədək borc verdiyi pulları tələb etmişdir. Orucəli müxtəlif bəhanələrlə onu aldatmışdır. Cavabdehin ona ödənilməmiş 1500 manat məbləğində borcu yaranmışdır. Borcu qaytarılmadığı üçün o, işlədikləri idarənin müdiriyyətinə də xəbər vermişdir. Sonradan isə Orucəli pulu vermədiyinə görə Şirvan RPŞ-yə müraciət etmiş, orada izahatları alınmış və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, o, iddiaçı ilə bir idarədə işləmişdir. Belə ki, o, bağban, Məlahət isə xadimə işləmişdir. Orucəli də onların idarəsində mühafizəçi işləmişdir. Dəfələrlə o, tərəflərin pul üstündə mübahisə etmələrinin şahidi olmuşdur. Məlahət hər dəfə Orucəlidən pul tələb etmiş, Orucəli hazırda pulu olmadığını, borcunu qaytaracağını bildirmişdir. 2020-ci ilin dekabr ayında o, idarənin bağında işləyərkən Orucəlinin onun yanında Məlahətdən 500 manat pul almasının şahidi olmuşdur. Orucəli getdikdən sonra o, Məlahətdən bu günədək verdiyi pulları almadığı halda niyə 500 manat pul verməsini soruşduqda, Məlahət ona Orucəlinin banka olan borcunu ödəməsi üçün həmin pulu verdiyini, həmin pulla Orucəli banka olan kreditini bağlayıb yenidən kredit götürərək ona olan borcunun hamısını qaytaracağını bildirmişdir. Bildiyi qədəri ilə bu günədək Orucəli Məlahətin pullarını qaytarmamışdır. Orucəli idarədə işlədiyi müddətdə çox adamdan borc almışdır. Hazırda da idarədə onun çox adama borcu vardır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarıan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi və tələbkara pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmənin əldə etdiyi İddiaçı Cavabdeh ondan pul alıb qaytarmaması barədə Şirvan ŞPŞ-yə müraciəti əsasında toplanmış və yekunda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materialdan görünür ki, izahatı alınmış Cavabdeh izahatının məzmunundan görünür ki, Cavabdeh İddiaçı 2020-ci ilin əvvəllərində 200 manat faizlə pul aldığını, 220 manat qaytardığını, 2020-ci ilin may ayında əmək haqqı kartını İddiaçı verməklə faizlə 200 manat aldığını, may ayının sonunda 220 manat qaytardığını, 2020-ci ilin iyun ayında faizlə 200 manat pul aldığını, həmin ay həmin pulun faizini ödədiyini və yenidən 100 manat pul aldığını, İddiaçı cəmi 300 manat borcu olduğunu, 2020-ci ilin iyul ayında İddiaçı 175 manat borc pul istədiyini, Məlahətin ona 100 manat verdiyini, İddiaçı cəmi 340 manat borcu olduğunu, 2021ci ilin dekabr ayında borclu qaldığı 340 manat pulu İddiaçı ödədiyini bildirmişdir. Materialda olan whatsapp yazışmalarının mətnindən görünür ki, Cavabdeh İddiaçı borcu olmasını etiraf etmiş, ona vaxt verməsini xahiş etmiş və müxtəlif vaxtlarda vədlər verərək ona olan borcunu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ondan aldığı pul vəsaiti ilə əlaqədar polis orqanına şikayət etmiş, istintaq araşdırması zamanı cavabdehin iddiaçıdan pul vəsaiti alması cavabdehin izahatı ilə də müəyyən edilmiş, bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır və həmin qərar qüvvəyə minmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edilən porsessual normanın tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıdan pul alınması və cavabdehin pulun alınmasına aidiyyəti hissəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının məcburiliyini qəbul edir və məhkəmə araşdırmasını bu istiqamətdə davam etdirərək müəyyən edir ki, həmin qərarda əksini tapmış izahatların məzmunundan aydın olur ki, tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normanın kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış və rədd materialında olan izahatların qarşılıqlı təhlili nəticəsində isə məlum olur ki, cavabdeh iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışdır. Odur ki, iddiaçı hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tələb edilən pul məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən məbləğdə pulun cavabdehə verilməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, cavabdehin istintaq zamanı vermiş olduğu qismən etirafedici izahatının məzmunu və şahid ifadəsi əsas götürülməklə iddiaçıya ödənilməli olan pul məbləği müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin əldə etdiyi İddiaçı Cavabdeh ondan pul alıb qaytarmaması barədə Şirvan ŞPŞ-yə müraciəti əsasında toplanmış materialdan görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda olmaqla cəmi 800 manat pul aldığını, həmin pulun hamısını İddiaçı ödəməsini bildirsə də, bu barədə hər hansı sübutu nə araşdırma aparan istintaq orqanına, nə də məhkəmə iclasında iştirak edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, belə olan halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin iddiaçıya qeyd etdiyi məbləğdə borcunu ödəmiş olduğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə qeyd edildiyi kimi, hər hansı sübuta istinad edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin əldə etdiyi rədd materialında olan whatsapp yazışmalarının mətninin məzmunu da cavabdehin izahatında göstərmiş olduğu xüsusatları inkar edir. Məhkəmə hesab edir ki, həmin yazışmalar sübut növü kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Belə ki, həmin yazışmalar qanunvericiliyin tələblərinə zidd formada əldə edilməmiş, yazışmalar həyata keçirilərkən cavabdeh tərəf həmin yazışma mətnlərinin iddiaçı tərəfindən saxlanılacağını dərk etmiş, qəbul etmiş, bu formada iddiaçı ilə aralarında olan yazışmaları davam etdirmişdir. Məhkəmə həmçinin tərəflər arasında olan yazışmaların məzmununu sübut kimi nəzərə alıb qiymətləndirərkən “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında əks olunan mövqeni nəzərə alır. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Şahid ifadəsinin mötəbər sübut növü kimi qiymətləndirilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş şəxs tərəflərdən hər hansı biri ilə qohumluq münasibətində olmamış, hər iki tərəfi iş yoldaşı kimi tanıyan şəxs olmuşdur. Ona görə də məhkəmə iclasında şahid qismində dindirilmiş Tural Abdullayevin ifadəsinin qeyri-mötəbər sübut növü kimi müəyyən edilməsinə əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin rədd materialı üzrə alınmış izahatındakı etiraf etdiyi məbləğ (cəmi 800 manat) hissəsində və əlavə olaraq məhkəmə iclasında şahid qismində dindirilmiş Tural Abdullayevin ifadəsinin məzmununa uyğun hissədə əsaslı hesab edilməli, həmin məbləğlər toplanaraq (800+500=1300) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat deyil, 20 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-216/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-216/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver