Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2212/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12920 (on iki min doqquz yüz iyirmi) manat məbləğində pul və ödəmiş olduğu 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun, cəmi 13049 (on üç min qırx doqquz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun Sabirabad şəhəri ərazisində “bazar küçəsi” adlanan İlham İsgəndərov küçəsində qızıl mağazası vardır. Təxminən 13 ilə yaxın müddətdir ki, qızıl alış-verişi ilə məşğul olur. Həyat yoldaşı X5 da ara-sıra onun yanına gələrək köməklik göstərir və işlərinə nəzarət edir. Həmin qızıl mağazasını o, icarəyə götürmüşdür. Cavabdeh uzun müddətdir ki, rayon sakini kimi tanıyır. Aralarında normal münasibət olmuşdur. Vüqarın səyyar qızıl alış-verişi ilə məşğul olmasını bilmişdir. Vüqar tez-tez bazar küçəsinə gələrək orada olan qızıl mağazalarına girir və özü ilə gətirdiyi qızılları satmaq məqsədilə göstərmişdir. Eləcə də, Vüqar ona bir neçə dəfə qızıl alıb-satdığını demişdir. Vüqar Sabirabad rayonu ərazisində olan qızıl mağazalarından qızıl-zinət əşyaları alaraq Bakı şəhərində səyyar şəkildə satmışdır. Təxminən 10 ilə yaxın müddət ərzində Vüqar onunla qızıl alqı-satqsı edir. Vüqa əvvəllər həmişə ondan aldığı qızılların pulunu ödəmişdir. Lakin, 2023-cü ilin may ayında onun Vüqarla 1650 manat qiymətinə razılaşdığı 12 qram çəkidə sibir brilyant qaşlı qızıl sırğanı Vüqar düzəltmək məqsədilə ondan götürmüş, lakin həmin qızılı ona geri qaytarmamışdır. O, qızılı Vüqardan tələb edən zaman hər dəfə müxtəlif bəhanələr gətirərək qızılı qaytaracağını bildirmişdir. O, Vüqarın qızılı qaytaracağına ümid etmiş, 2023-cü ilin dekabr ayında Vüqar ondan 1100 manat dəyərində 1 ədəd 11 qram çəkidə briliant qaşlı yumru formalı qızıl kişi üzüyünü, 1650 manat dəyərində 16,5 qram çəkidə 750 prob briliant qaşı üzük və sırğadan ibarət qızıl komplekti, 920 manat dəyərində 1 ədəd qızıl onluğu, 2200 manat dəyərində 21 qramlıq briliant qaşlı qızıl saatı, 3500 manat dəyərində 25 qramlıq sırğa və üzükdən ibarət komplekti şifahi danışıq əsasında razılaşaraq nisyə götürmüş və vəd etmişdir ki, qızılların şəkillərini çəkib Bakı şəhərinə göndərəcək, əgər qiymətində razılaşsalar özü aparıb Bakı şəhərində satacaq, xeyir isə bərabər bölünəcək. Həmin qızılları Vüqar ondan götürərkən əgər razılaşılsa, ertəsi gün gətirib pullarını verəcəyini bildirmişdir. Lakin, Vüqar qızılların pullarını ödəməmişdir. Həmin qızıllardan 11 qram çəkidə briliant qaşlı yumru formalı qızıl kişi üzüyünü və 12 qram çəkidə sibir briliant qaşlı qızıl sırğanı ona Elmira Cəfərova satması uçün vermişdir. Elmiranın əvvəllər bazar küçəsində paltar mağazası olmuşdur. Elmira ondan qızılları satmağını xahiş etmiş, o da həmin qızıllar barədə Vüqara vermişdir. Sözügedən qızıllardan başqa, Elmira Cəfərova özü də Vüqara müəyyən vaxtlarda qızıl vermişdir. X10 da qızıllarının pulunu verməmişdir. Eləcə də, Günel Hüseynova adlı şəxsin də bazar küçəsində qızıl mağazası vardır. Ümumilikdə, Vüqar ondan 11020 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə almışdır. Bundan başqa, Vüqar ondan 2023-cü ilin təxminən dekabr aylarında 3500 manat dəyərində 11 qramlıq üzük, 6 qramlıq paxla formalı sibir briliant qaşlı üzük və 9 qramlıq briliant qaşlı sırğadan ibarət qızıl sırğanı götürərək Sabirabad rayonunda fəaliyyət göstərən X1 qızıl mağazasında 1900 manata girov qoymuşdur. Lakin, həmin qızıl komplektin sahibi Mirdamət adlı şəxs ondan qızılların pulunu tələb etmişdir. Vüqar isə həmin qızıl komplektini 1900 manata girov qoymuşdur. Bu səbəblə də o, qızılları girovdan çıxarıb sahibi Mirdamətə qaytarmaq məqsədilə Mirsahib adlı rayon sakininə aparıb 1900 manat pul vermişdir ki, həmin pulu Vüqara versin və Vüqar gedərək qızılları Tofiqin mağazasından girovdan çıxarsın. O, düşündü ki, həmin 1900 manat pulu qızılları girovdan çıxarmaq məqsədilə Vüqara özü versə, Vüqar sonradan ona pulu geri qaytarmayacaq. Lakin Mirsahib həmin pulu Vüqara verərsə, onun seyidliyindən çəkinərək Vüqarı geri qaytarar. Sonradan o və əri Rəhim Mirsahibdən həmin pul barədə soruşmuşlar. Mirsahib də cavabında Vüqarın ona ara-sıra 20-30 manat pul verdiyini bildirmişdir. Həmin 1900 manat pul da hazırkı vaxta qədər ona verilməmişdir. Beləliklə, Vüqar ona ümumilikdə 12920 manat pul verməlidir. Tələbi bundan ibarətdir ki, Vüqar həmin pulu geri qaytarsın. Vüqarla aralarında danışıqlar şifahi formada olmuşdur. Vüqarın ondan əldə etdiyi qızıllardan 1650 manat dəyərində 12 qram sibir briliant qaşlı qızıl sırğa, 1100 manat dəyərində 1 ədəd 11 qram çəkidə briliant qaşlı yumru formalı qızıl kişi üzüyü, 2200 manat dəyərində 21 qram çəkidə briliant qaşlı qızıl saatı, 3500 manat dəyərində 25 qram çəkidə qızıl sırğa və üzük komplekti Vüqar Tofiqin lombardına girov qoyub pul götürmüşdür ki, hal-hazırda həmin qızıllar Tofiqin lombardında girovdadır. Sövdələşmələri şifahi formada olmuş, hər hansı bir yazılı sənəd üzərində razılıq olmamışdır. O da bu barədə müvafiq orqanlara şikayət etmişdir. Lakin, Sabirabad RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində 17 oktyabr 2024-cü il tarixdə seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan ləğv edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı və X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi, İddiaçı və X3 özlərinə maddi ziyan dəymiş hesab edirlərsə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna göndərilməsi və cinayət işi DİN-in Arxivinə təhvil verilməsi üçün Sabirabad rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Hal-hazıra kimi Cavabdeh ona olan borcunu qaytarmır. Ona görə də o da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” Qərarın məzmununda iş üzrə Cavabdeh istintaqa verdiyi ifadəsində onun tərəfindən götürdüyü qızıl məmulatlarına görə İddiaçı ümumilikdə 4100 manat borcunun mövcud olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı tələbində cavabdehə ümumilikdə 12920 (on iki min doqquz yüz iyirmi) manat dəyərində qızıl-zinət əşyaları verməsi hallarına əsaslansa da, iddia tələblərinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda Cavabdeh istintaqa verdiyi ifadəsində onun tərəfindən götürdüyü qızıl məmulatlarına görə İddiaçı ümumilikdə 4100 manat borcunun mövcud olduğunu etiraf etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh qızıl ticarəti nəticəsndə İddiaçı 4100 (dörd min bir yüz) AZN məbləğində borcunun mövcud olduğunu etiraf etsə də, həmin pul vəsaitini iddiaçıya qaytarmaqdan yayınaraq və hər hansı qanuni əsas və ya müqavilə olmadan pulu mənimsəmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə təqdim etdiyi qızıl-zinət əşyalarının gözlənilən məqsədi, qızılım alış-verişindən əldə etdiyi gəlir nəticəsində faydalanmaq olmuşdur. Lakin iddiaçı gözlədiyi məqsədi əldə edə bilmədiyindən, iddiaçı məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıdan aldığı qızıl məmulatlarına görə yaranmış 4100 (dörd min bir yüz) AZN məbləğində pul vəsaiti ondan tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri qismən təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4100 (dörd min bir yüz) AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) AZN hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2212/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2212/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver