Məhkəmə qərarları › İş №2(056)-2291/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2291/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2291/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1680 manat pul məbləğinin və tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasnıda iddia ərizəsinin məzmumuna uyğun izahat verərək göstərdi ki, o, Cəlilabad rayon sakini olaraq həmin ünvanda da yaşayır. 2023-cü ildə cavabdeh ondan kartof almaq istədiyini bildirmişdir. Bundan əvvəl də cavabdeh ondan iki dəfə kartof almış və pulunu qaytarmışdır. O, bu dəfə də ona inanaraq razılaşmış və 1680 manat dəyərində kartofu Sahibə nisyə satmışdır. Həmin zaman yanlarında oğlu Ülvi Həsənov və həmkəndlisi Xaqani Babayev də olmuşdur. Belə ki, kartofu satdıqdan 10 gün sonra o, cavabdehə zəng edib borcunu istədikdə cavabdeh yaxın vaxtlarda borcunu qaytaracağını bildirmiş, bundan bir müddət keçdikdən sonra cavabdeh vədinə əməl etməyərək onu aldatmışdır. O, yenə də humanistlik edərək cavabdehi gözləmiş, lakin artıq 1 ildən çox vaxt keçsə də, cavabdeh ondan aldığı kartofa görə 1680 manat pulunu qaytarmır. Dəfələrlə pulunu tələb etsə də, heç bir əsaslı səbəb göstərmədən buna məhəl qoymur. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İlk məhkəmə iclası zamanı məhkəmədə iştirak edən cavabdeh özü də ona 1680 manat borcu olduğunu etiraf etmiş, həmin günü ona 200 manat ödəyib qalan pulunu da ona borclu olan şəxsdən məhkəmə bitənədək alıb qaytaracağını bildirsə də, yeni də onu aldatmışdır. Hazırda o, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaçıya həqiqətən də kartof alqı-satqısı üzrə 1680 manat borcu olduğunu, özünün də alacağı olduğunu, həmin pulu ödəməyə hazırda pulu olmadığını, borclu olduğu şəxsdən pulunu alıb iddiaçıya verəcəyini, növbəti məhkəmə iclasınadək bu məsələni həll edəcəyini bildirmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1680 manat dəyərində kartofu Cavabdeh nisyə olaraq satmışdır. Bu fakti cavabdeh özü də məhkəmədə etiraf etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 1680 manat pulun qaytarılması hissəsində qismən əsaslı hesab edir. Belə ki, iş üzrə iddiaçının izahatından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibəti olmuş, iddiaçı satmış olduğu kartofu cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək satın almış olduğu qızılların dəyərini iddiaçıya qaytarmamışdır. Məhkəmə iclası zamanı iddiaçı həmin vəsaitdən 200 manatını cavabdehdən aldığını bildirdiyi üçün əldə edilmiş 200 manat pul vəsaiti tələb edilən vəsaitdən çıxılmalı, iddia əsas hissədə qismən (1680-200=1480 manat) təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 37 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi cavabdeh tərəfindən ödəniş həyata keçirilməsə idi, tam təmin ediləcəyindən bu hissədə tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 1480 manat pul və ödənilmiş dövlət rüsumu 37 manat olmaqla, cəmi 1517 (bir min beş yüz on yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar