Məhkəmə qərarları › İş №2(056)-230/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-230/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-230/2023 02.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8746,90 manat əsas, 1162,03 manat faiz borcu olmaqla, cəmi 9568,02 manat borcun və ödənilmiş 115,69 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4502747A144 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22% dərəcəsi ilə 8746,90 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli, kredit müqaviləsi üzrə 8746,90 manat əsas, 1162,03 manat faiz borcu olmaqla, cəmi 9568,02 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin icra orqanları ilə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı bnakdan 2018-ci ildə kredit götürmüş, həmin il işdən çıxmış, bundan sonra ödəniş etmək imkanı olmamışdır. 2021-ci ildə onun müraciəti əsasında kredit restrukturizasiya olunmuşdur. Hazırda gizir olaraq işləyir və əmək haqqı 772 manat təşkil edir. Marta kimi ödəniş etmiş, sonradan maddi cəhətdən imkan edə bilmədiyi üçün ödəniş edə bilməmişdir. Özü kirayədə qalır. 2 azyaşlı övladı var. Onların dolanacaqlarını belə çatdırmaqda çətinlik çəkir. Aylıq 250 manat kirayə pulu ödəyir. 50 manat isə kommunal xərclərə görə ədöniş edir. Aylıq ödənişləri tam həyata keçirməyə imkanı olmadığı üçün ayda 150 manat ödəməyi banka təklif etmiş, lakin bankla razılıq əldə edə bilməmişdir. Gələcəkdə yaranmış borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Hazırda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4502747A144 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 22% dərəcəsi ilə 8746,90 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4502747A144 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 8746,90 manat əsas, 1162,03 manat faiz, cəmi 9568,02 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 115,69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq və cavabdehin izahatını məzmununu nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarının tələbləri hazırki mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, Cavabdeh bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat cavabdehdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Cavabdeh özü də iddiaçı qarşısında öhdəliklərini icra etmədiyini, tələb edilən məbləğdə borcu yaranmasını inkar etməmişdir. Odur ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, RGKT3989669A144 saylı kredit müqaviləsi üzrə 8746,90 manat əsas, 1162,03 manat faiz və ödənilmiş dövlət rüsumunun əvəzi 115,69 manat olmaqla, cəmi 9683,71 (doqquz min altı yüz səksən üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar