Məhkəmə qərarları › İş №2(056)-2421/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2421/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2421/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cinayət işinin başlanılmasının rədd edilməsi qərarı ilə mülki xarakterli hesab edilən, müəyyən məqsəd üçün verilən pulun geri pul tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cinayət işinin başlanılmasının rədd edilməsi qərarı ilə mülki xarakterli hesab edilən, müəyyən məqsəd üçün verilən pulun geri pul tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1000 (min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 hazırki iddianın qaldırılmasına əsas olmuş hadisənin baş verdiyi zaman Sabirabad rayonu, Cavad Bələdiyyəsinin sədri olmuşdur. Mərhum əri Şahin Əliyev sağ ikən 2018-ci ildə cavabdehə Cavad bələdiyyəsinin sədri kimi Cavad kəndində 12 sot həyətyanı sahə almaq üçün müraciət etmiş, cavabdeh Samir Cavadov bunun üçün 1000 manat pul lazım olduğunu mərhum əri Şahin Əliyevə bildirmişdir. Lakin əri Şahin Əliyev vəfat etdiyindən tələb olunan 1000 manat pul 2018- ci ilin iyun-iyul aylarından başlayaraq hissə-hissə onun tərəfindən cavabdehə verilmişdir. İlk olaraq 2018-ci ilin iyul ayında cavabdehin göstərişi ilə 300 manat pul və şəxsiyyət vəsiqəsini Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən «Yeni Market» adlanan mağazada cavabdehin tanıdığı satıcıya verilmişdir. Bundan bir həftə sonra rəfiqəsi Günel Hüseynovadan 200 manat borc alaraq Günelin yanında cavabdehə vermişdir. Bundan sonra qalan 500 manat pulu yenə də rəfiqəsi Günel Hüseynovadan borc alaraq Günelin mağazasında və yanında 2 dəfəyə Cavabdeh vermişdir. Cavabdeh isə bunun əvəzində bələdiyyə tərəfindən ona Cavad kəndində 12 sot həyətyanı sahənin satılmasına nail olmadı. Yəni onu aldatmış və bələdiyyə tərəfindən həyətyanı sahənin ayrılması, ona satılması barədə heç bir prosedur hərəkətləri aparılmamışdır. Buna baxmaayaraq, verdiyi 1000 manat pulu da geri qaytarmamışdır. Bu barədə cavabdehin anası da məlumatlıdır. Hətta anası ona demişdir ki, hər dəfə pensiyasından hissə-hissə pulunu qaytaracaqdır. Lakin bunu da etməmişlər. Sabirabad rayon polis şöbəsinə verdiyi şikayət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək onun Cavabdehla olan mübahisəsinin mülki xarakterli olması qənaətinə gəlinmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, cavabdeh ondan şikayət etdiyi ərəfədə ondan almış olduğu 1000 manat puldan 250 manatını qaytarmışdır. Ərizəsini yazdırarkən ərizəsində tələbi 750 manat əvəzinə 1000 manat göstərilmişdir. Hazırda o, qaytarılmamış 750 manat pulunun cavabdehdən alınıb ona verilməsini istəyir. Odur ki, o, iddiasının göstərilən məbləğ həddində və dövlət rüsumuna aid hissədə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Qeyd edilən normanın tələbinə istinad edərək məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı X2 şahid qismində ifadə verərək bildirdi ki, Şəlalə ilə o, 8 ilə yaxındır ki, birgə məktəbdə işləyirlər. İlk zamanlardan münasibətləri yaranmışdır. Onun həmçinin bazar yolunda xırda mağazsı olmuşdur. O, orada Şəlaləyə bir neçə dəfə pul vermişdir. Təxminən 3 ildən artıq müddət əvvəl Şəlalə Samir adlı şəxslə onun mağazasına gəlmiş, o, mağazasında Şəlaləyə pul vermiş, Şəlalə də həmin pulu Samirə vermişdir. Şəlalənin bildirdiyinə görə Samir bələdiyyə sədri olaraq Şəlaləyə torpağa dair sənədlər düzəldəcək idi. Bir dəfə də Şəlalə ona bildirmiş, Samir tək olaraq “Niva” markalı avtomobillə onun mağazasına gəlmiş, Şəlalənin göstərişi ilə o, pulu Samirə vermiş və Samir getmişdir. Şəlalədən eşitdiyi qədəri ilə Şəlalə Samirə ümumilikdə 900 və ya 1100 manat pul vermişdir. Sonradan Şəlalə ondan borc olaraq aldığı 700 manatını ona qaytarmışdır. Samir isə onu aldatdığı üçün Şəlalə ondan Ədliyyə Nazirliyinə şikayət etmiş, bu araşdırma ilə əlaqdəar onu da Şirvan şəhərində yerləşən Ədliyyə İdarəsinə çağırıb izahatını almışlar. Bildiyi qədəri ilə Samir torpağa dair sənədləri düzəltmədiyi, pulunu qaytarmadığı üçün Şəlalə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşovun 08 noyabr 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd olunması haqqında» qərarının surətindən görünür ki, Sabirabad şəhəri H.Əliyev pr, bina 25/26-da yaşayan İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış və şikayətçiyə pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşovun 08 noyabr 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd olunması haqqında» qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh izahatının alınması zərurəti olduğundan ***-***-**-** saylı nömrəsinə zəng olunmuş, həmin şəxs izahat verməkdən imtina etmiş, şifahi olaraq bildirmişdir ki, özü və ailə üzvləri Covid-19 virusuna yoluxmuş, rayon mərkəzi xəstəxanasında müalicə aldıqdan sonra müalicələrinə Şirvan ŞMX-də davam edirlər. İddiaçı ondan qərəzli olaraq şikayət etməsini, sonuncudan 1000 manat yox, 400 manat almasını, lakin ona pul müqabilində hər hansı bir torpaq sahəsinin sənədi düzəldəcəyini vəd verməməsini, qısa müddətdə həmin qadına olan borcunu ödəyəcəyini demişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırkı mübahisədən görünür ki, Cavabdeh İddiaçı qanuni əsas və ya müqavilə olmadan aldığı pul vəsaitini ona tam qaytarmaqdan yayınmış, iddiaçı edilmiş ödənişi nəzərə alaraq iddiasının edilmiş ödəniş çıxılmaqla təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə İddiaçı torpaq sahəsinin sənədləşməsi üçün Sabirabad rayonunun Cavad kənd sakini keçmiş bələdiyyə sədri işləmiş Cavabdeh 1000 manat pul vermiş, lakin sonununcunun vədinə əməl etməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, cavabdeh təhqiqatçıya iddiaçıdan pul aldığını etiraf etmiş, həmin pulun alınma səbəbini göstərməmiş, pul vəsaitinin məğləğinin 400 manat təşkil etməsini bildirmiş, lakin məhkəmədən iştirak edərək bu halla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı isə tələbinin əsası kimi pul vəsaiti cavabdehə yanında vermiş olduğu şəxsi şahid qismində məhkəməyə təqdim etmiş, həmin şəxs dinlənilməklə ifadəsi alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə pul verilərkən, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə torpaq sənədinin düzəldilməsi adı ilə pulun verilməsinin gözlənilən məqsədi, torpaq sənədinin, dolayısı ilə torpağın iddiaçının sərəncamına verilməsi olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıdan alınmış və ödənilməmiş qalan 750 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olsa da qismən təmin edildiyindən göstərilən hissədə də qismən təmin olunmalı, ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 750 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 775 (yeddi yüz yetmniş beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar