Məhkəmə qərarları › İş №2(056)-2445/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2445/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2445/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş diskdəki səs yazısından görünür ki, Cavabdeh 2000 manat və 2500 manat olmaqla ümumilikdə 4500 manat borc almış və qısa müddət ərzində qaytaracağını bildirmişdir.

2. Sabirabad rayon İcra Hakimiyyəti Ulacalı kənd inzibati ərzasi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-35/2-387/2025 saylı arayışdan görünür ki, Məlikov X1 rayonu, Ulacalı kəndində qeydiyyatdadır.

3. Sabirabad rayon İcra Hakimiyyəti Ulacalı kənd inzibati ərzasi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-35/2-388/2025 saylı arayışdan görünür ki, Namazov X2 rayonu, Bulduq kəndində qeydiyyatdadır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pulun və ödədiyi 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, o, Cavabdeh iki gün müddətinə qaytarmaq şərti ilə 4500 manat borc pul vermişdir. Bu günə kimi həmin pulu ondan ala bilmir. Cavabdeh ondan təcili pul lazım olduğunu bildirdikdən sonra o da, ona inanıb dediyi vaxtda qaytaracağını fikirləşib 4500 manatı vermişdir. Cavabdeh, pulu ona söz verdiyi müddətdə qaytarmadığı üçün dəfələrlə zəng edib ondan pulunu geri qaytarmasını tələb etsə də, ona borcunun olmasını etiraf edir, lakin müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınır. Məhkəmə qaydasında cavabdehdən pulu geri qaytarması üçün məcbur olub onunla danışıqlarını telefona yazmışdır. Həmin səs yazılarını sübut kimi disk şəklində iddia ərizəsinə əlavə etmişdir. Bu gunə kimi onun Cavabdeh verdiyi 4500 manat puldan heç bir xəbər yoxdur, o pulunu qaytarmayıb.

b) iddiaya etiraz

6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

8. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh nümayəndəsi Cavabdeh ərizə ilə İddiaçı 4500 manat məbləğdə borcu olduğunu təsdiq etmiş, iddia tələbinin əksinə hər hansı sübutunun olmadığını bildirmiş və iddia tələbinin təmin olunmasına etiraz etməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4500 manat məbləğdə borc vermiş, cavabdeh borcun qaytarılması ilə bağlı öhdəliyini pozmuşdur.

13. Belə ki, iddiaçı borcun verilməsi barədə mövqeyini cavabdehlə arasında olan danışıqlara istinad etməklə əsaslandırmış, məhkəmə hazırlıq iclasında isə cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmişdir.

14. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etməsini qəbul edir və hesab edir ki, 4500 manat məbləğdə borc cavabdehdən tutulmalıdır.

15. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 4500 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat olmaqla, cəmi 4565 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 4500 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat olmaqla, cəmi 4565 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar