Məhkəmə qərarları › İş №2(056)-27/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-27/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-27/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniləcək olan 5500 manat borc hesabına pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Bulduq kənd sakini X2 uzun illərdir ki, tanıyır. Cavabdeh 2015-ci ildə ondan borc pul istəmişdir. Onların ailəvi gedişgəlişləri olduğu üçün o, bankdan öz adına 2300 dollar kredit götürərək cavabdehə vermişdir. Cavabdeh qeyd olunan krediti özü hər ay ödəyəcəyini bildirsə də,verdiyi vədlərə əməl etməmişdir. Belə ki, qeyd olunan pul vəsaiti onun pensiyasından tutulmuş və banka olan borc məbləği tamamilə ödənilmişdir. Bundan əlavə o, cavabdehə ayrı ayrı vaxtlarda pullar vermiş və cavabdehin ona olan borcu hal-hazırda 5500 manat təşkil edir. Lakin aradan xeyli müdət keçməsinə baxmayaraq o, pulu ona qaytarmadığından o, Sabirabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra cavabdeh aparılan araşdırma zamanı ona borcu olmasını etiraf etmiş və onun ərizəsi üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etməsi təklif edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmaqla iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dinləyib, iş materiallarını və cavabdehin nümayəndə və vəkilinin ərizəsini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara (iddia müddəti keçdiyi üçün) görə təmin edilməməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respulbikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Az. Resp. Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2020-ci il tarixli X1 izahatında göstərmişdir ki,İddiaçı qızı Mehbarə Əsədovanı 40 ildir tanıdığına görə 2015-ci ildə İddiaçı öz razılığı əsasında X6 filialından 2000 dollar kreditə pul götürmüş, Vəsilə bankdan adına krediti götürərək ona vermiş, lakin müəyyən məsələlərə görə ödəyə bilməmiş,yaxın günlərdə həmin krediti ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi, iddiaçı kredit götürərək cavabdehə həmin vəsaiti borc şəklində vermiş, cavabdeh bu halı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış izahatında etiraf etmiş və beləlikə hazırki iddiaya münasibətə iddiaçı subyektiv hüquq əldə etmişdir. İdia müddətinin tətbiqi barədə ərizəyə gəlikdə isə müəyyən edilmişdir ki, İddiaçı ilə X3 arasında borc münasibəti 2015-ci ildə bağlanmış şifahi borc müqaviləsi əsasında yaranmış, həmin müqavilə üzrə iddia müddəti 2018-ci ildə başa çatmış, hazırki iddia tələbi isə müddətin başa çatmasından 5 ildən də artıq müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarın 4-cü bəndinə əsasən «Kredit Müqaviləsinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır». İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nın “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit Müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci madddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar