Məhkəmə qərarları › İş №2(056)-2704/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2704/2024

13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2704/2024 13.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə 13 dekabr 2024-cü il tarixdə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, satılmış mallara görə 14000 manat, 132 manat ödənilmiş dövlət rüsumuna görə və göstərilən hüquqi yardıma görə 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Sabirabad rayonu Çiçəkli kənd sakini, hazırki iş üzrə Cavabdeh heyvan alaraq, onu kəsib satmaqla məşğuldur. Cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, 19 nömrəli poliklinikanın yanında “Sabirabad ət məhsulları” adlı mağazası vardır. 2021-ci ilin aprel ayında cavabdeh ondan 1 baş erkək dana 160 kq çəkidə 2000 manat dəyərində, 1 baş erkək dana 150 kq çəkidə 1875 manat dəyərində, 1 baş erkək dana 140 kq çəkidə 1750 manat dəyərində, 1 baş erkək dana 135 kq çəkidə 1687,5 manat dəyərində, 1 baş erkək dana 130 kq çəkidə 1625 manat dəyərində, 1 baş erkək dana 125 kq çəkidə 1562,5 manat dəyərində, yanında 6 aylıq erkək balası olan inək 1800 manat dəyərində, cəmi 12300 manat dəyərində malları almışdır. Cavabdeh aldığı mal-qaranın pulunu 10 gün ərzində ona verəcəyini söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və aldığı mal-qaranın pulunu ona verməmişdir. Bu səbəbdən də o, Sabirabad Rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, sonra isə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasına rədd edilməsi barədə qərar qəbul edilərək ona bildirilmişdir ki, şikayət mülki xarakterli olduğundan müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Bundan sonra 2 il gözləməsinə baxmayaraq cavabdeh ona yenə də pulunu verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddianın həcmini azaldaraq, yanında çəkisi 50 kq olan erkək balalı 1700 manat dəyərində olan inəyi cavabdehdən tələb etmədiyindən iddianın bu hissəsindən imtina edir, iddianın qalan hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, onun **-RU-*** dövlət nömrə nişanlı “QAZel” markalı avtomobili vardır və o, bu avtomobillə müştərilərə xidmət göstərir. Cavabdeh heyvan alverçisi kimi tanıyır. 2021-ci ilin aprel ayında Cavabdeh İddiaçı malqara alıb-apamaq istədiyini və bu səbəbdən “QAZ-el” markalı avtomobil lazım olduğunu ona bildirmişdir. O, Habilin malq-qarasını “QAZ-el” markalı avtomobili ilə daşımasına Elşadla razılaşmışdır. Bundan sonra Elşadla görüşüb Habilin həyətində mal-qaranı ona məxus olan “QAZ-el”ə mindirmişlər. “QAZel”-ə 6 baş erkək dana və 1 baş yanıbalalı inək mindirmişlər. Heyvanları Elşadın yaşadığı Sabirabad rayonu Çiçəkli kəndinə aparmışdır. Heyvanları avtomobilindən düşürdəndən sonra Elşad ona 35 manat zəhmət haqqı vermişdir. Sonradan ona məlum olmuşdur ki, Elşad Habildən aldığı heyvanlara görə 12300 manat pulu Habilə borclu qalmış və qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı ilə uzaq qohumdur, eyni zamanda Habil onun kəndçisidir. Cavabdeh mal-qara alverçisi kimi tanıyır. O, əvəllər Habilə mal-qara saxlamasında köməklik etmiş, Habil də əvəzində onun heyvanını öz heyvanına qoşmuşdur. Əvəllər Habil heyvan satanda onun da heyvanını satmış və ona məxsus olan satdığı heyvanın pulunu ona verirmişdir. Axırıncı dəfə təxminən 2021-ci ilin aprel ayında Habil saxladığı heyvanlarını satmaq qərarına gəlmiş və bu barədə ona bildirmişdir. O da Habildən xahiş etmişdir ki, onun da bir baş erkək danasını öz malları ilə birlikdə bir yerdə satsın. Sonra isə Habil 6 baş erkək danasını və 1 baş yanıbalalı inəyini Cavabdeh satmışdır. Habilin həyətində heyvanlar “QAZ-el” markalı avtomobilə mindirilmişlər. Habilin heyvanlarını nisyə satdığını və hələ də Elşaddan 1230 manat pulunu ala bilmədiyini bildirir və təsdiq edir. O, həmçinin, bildirmişdir ki, Habil onun bir baş erkək danasının pulunu -1600 manat öz hesabına hissə hissə ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı Mərifət Ağazadənin 13 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı, X4 və X3 Cavabdeh barəsində müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı, X4 və X5 pul tələbi barədə məhkəmə orqanına müraciət etmək hüquqları izah edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad rayon Şəhriyar mal bazarının arayışından görünür ki, bu günki qiymətlərə uyğun olaraq bazarda heyvanların alış-satış qiymətləri iri mal üçün hər kiloqramın qiyməti 12 manat 50 qəpik hesablanır. 1 baş erkək dana 160 kq çəkidə 2000 manat dəyərində, 1 baş erkək dana 150 kq çəkidə 1875 manat dəyərində, 1 baş erkək dana 140 kq çəkidə 1750 manat dəyərində, 1 baş erkək dana 135 kq çəkidə 1687,5 manat dəyərində, 1 baş erkək dana 130 kq çəkidə 1625 manat dəyərində, 1 baş erkək dana 125 kq çəkidə 1562,5 manat dəyərində, yanında 6 aylıq erkək balası olan inək 1600-1800 manat dəyərində hesablanır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 ifadələrində iddiaçının cavabdehə 2021-ci ilin aprel ayında 1 baş erkək dana 160 kq çəkidə 2000 manat dəyərində, 1 baş erkək dana 150 kq çəkidə 1875 manat dəyərində, 1 baş erkək dana 140 kq çəkidə 1750 manat dəyərində, 1 baş erkək dana 135 kq çəkidə 1687,5 manat dəyərində, 1 baş erkək dana 130 kq çəkidə 1625 manat dəyərində, 1 baş erkək dana 125 kq çəkidə 1562,5 manat dəyərində, yanında 6 aylıq erkək balası olan inək 1800 manat dəyərində nisyə satması faktını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında heyvanların satılması ilə bağlı alqı-satqısı razılaşması olmuş və bu razılaşma əsasında iddiaçı cavabdehə 1 baş erkək dana 160 kq çəkidə 2000 manat dəyərində, 1 baş erkək dana 150 kq çəkidə 1875 manat dəyərində, 1 baş erkək dana 140 kq çəkidə 1750 manat dəyərində, 1 baş erkək dana 135 kq çəkidə 1687,5 manat dəyərində, 1 baş erkək dana 130 kq çəkidə 1625 manat dəyərində, 1 baş erkək dana 125 kq çəkidə 1562,5 manat dəyərində, yanında 6 aylıq erkək balası olan inək 1800 manat dəyərində heyvanları satmışdır. Cavabdeh nisyə aldığı heyvanların pulunu 10 günə verəcəyinə söz vermiş, lakin cavabdeh verdiyi sözə əməl etməmiş və aldığı heyvanların pulunu iddiaçıya verməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçıya 12300 manat borcu qalmışdır. İddiaçının cavabdehə 12300 manat dəyərində heyvanlarını nisyə satması və pulunu geri ala bilməməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı satılmış mallara görə 12300 manat pulunu Cavabdeh tələb etməkdə haqlıdır. Mahmudovun Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan. Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 132 manat dövlət rüsumu və göstərilən hüquqi yardıma görə 60 manat pul ödəmişdir və həmin pulu cavabdehdən tələb edir. Məhkəmə iddianın qaldırılması üçün 132 manat ödənilmiş dövlət rüsumu əvəzinin və göstərilən hüquqi yardıma görə 60 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, ödənilmiş 132 manat dövlət rüsumunun əvəzi və göstərilən hüquqi yardıma görə 60 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh satılmış mala görə 12300 manat, göstərilən hüquqi yardıma görə 60 manat və 132 manat ödənilmiş dövlət rüsumu, cəmi 12492 manat alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh satılmış mallara görə 12300 manat, göstərilən hüquqi yardıma görə 60 manat və 132 manat ödənilmiş dövlət rüsumu, cəmi 12492 (on iki min dörd yüz doxsan iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar