Məhkəmə qərarları › İş №2(056)-2804/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2804/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2804/2024 09.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2(071)-338/2019 saylı qətnamə üzrə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı sənəd ünvanlamamışdır. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirmişdir ki, o, fərdi qaydada işləyir və övladı üçün çalışır. Hər il ötən ildən çətin gəlir. Övladını hazırlıqlara qoymuşdur. Hazırda övladı biri 80 manatdan olmaqla 4 fənndən hazırlığa gedir. Övladının xərclərini təkbaşına çatdıra bilmir. Hələ geyim xərclərini demir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, rəsmi iş yerinə malik deyildir. Hər hansı pensiya, təqaüd almır. Fərdi qaydada fəhləlik etməklə işin olmasından asılı olaraq ayda 200-350 qazanc əldə edir. Özü həmçinin ailə həyatı qurmuşdur. Ailə qurduğu xanımın birinci nikahdan bir övladı vardır. Həmin uşaq da onlarla birgə yaşayır. Bundan əlavə, hazırki arvadı hamilədir. Sabah arvadını doğuşa aparmalıdır. Heç doğuş üçün pul düzəldə bilməmişdir. Göstərdiklərindən asılı olmayaraq o, birinci nikahdan olan övladının saxlanması üçün aliment ödəməkdən də imtina etmir. Lakin o, iddiaçının tələb etdiyi məbləğdə deyil, ayda 140-150 manat ondan aliment tutulmasına razıdır. Beləliklə o, qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçının izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-338/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixində X5 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Sabirabad Rayon Mərkəzi X6 Şəxsi tərəfindən X2 verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, Sabirabad RMX-nin Qadın Məsləhətxanasında xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Hazırda 33-34 həftəlik hamiləliklə Qadın Məsləhətxanasında nəzarətdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh X1 Sistemində sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi pensiya haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh X1 Sistemində pensiya alması barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi məşğulluq haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən işsiz kimi X3 filialında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 5 ildən artıq vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 5 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlının artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-338/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşağı saxlamağın hər iki valideynin borcu olması, həmçinin iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi, lakin cavabdehin öz ailə vəziyyətində dəyişiklik baş verməsi (nikaha daxil olması, arvadının hamilə olması barədə), əmlak vəziyyətində isə dəyişiklik baş verməməsi barədə sübutlar (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən arayışlar) təqdim etməsi, təqdim etdiyi sübutlara nəzərən müəyyən edilmiş alimentin 140-150 manat həddinədək artırılmasına etirazının olmaması barədə izahatının məzmunu nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-338/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalı, xx.xx.2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-338/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablanmaqla hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar