Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3051/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 5980 manat məbləğində cavabdehlərə mebel əşyaları verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli nisiyə alqı-satqı müqaviləsi 12 ay müddətinə bağlanmaqla,müqavilənin son icra müddəti 01.10..2024-cü il tarix müəyyən edilmişdir.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən, «Satıcı» bu müqaviləyə əsasən dəyəri 5980 AZN olan malı «Alıcı»ya nisyə satmağı, «Alıcı» isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.
3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 5980 manat, ilkin ödəniş 2000 manat olmaqla, aylıq ödəniş 331 manat olaraq müəyyənləşdirilmişdir.
4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilədə qeyd edilən mallar alıcıya təhvil verilmişdir.
5. İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər cavabdeh qarşısında xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürür.
6. Maliyyə arayışı və ödəniş cədvəlinə əsasən borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcu 2330 manat, cərimə borcu 184 olmaqla,ümumilikdə 2514 manat təşkil edir.
7. İddiaçı tərəfindən borclular Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 göndərilmiş bildiriş ilə müəyyən olunur ki, cavabdehlərin xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 2330 manat, cərimə borcu 184 olmaqla ,ümumilikdə 2514 manat yaranmış borcu 10 gün müddətində ödəməyi təklif edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcu 2330 manat, cərimə borcu 184 olmaqla, ümumilikdə 2514 manat və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli, TM KR159914 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən mebel əşyaları alınmış və nəticədə 2514 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5980 manat olan mallar üçün ümumilikdə 2514 manat ödənilməmiş borc yaranmışdır.
b) iddiaya etiraz
10. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
15. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
16. Belə ki, borcun əsası olan nisyə alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan təhvil-təslim aktı, ödəniş cədvəli və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh mebel əşyaları almış, əşyaların qiyməti 5980 manat, ilkin ödəniş 200 manat, 12 ay olmaqla aylıq ödəniş 331 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.
17. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli müqavilə üzrə 2330 manat əsas borcunu tələb etmişdir.
18. Odur ki, müqavilə üzrə əsas borc cavabdehdən tutulmalıdır.
19. Bundan əlavə, alqı-satqı müqaviləsi üzrə 184 manat məbləğdə cərimə hesablanmışdır.
20. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.
21. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.
22. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
23. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli, TM KR159914 nömrəli müqavilə üzrə 184 dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.
24. İddia eyni zamanda zamin qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminlərə münasibətdə də təmin edilməlidir.
25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2330 manat məbləğində əsas borc, 184 manat cərimə olmaqla ümumilikdə 2514 manat borc və ödənilmiş 41 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov